2224
Dünən 2 Noyabr 2021, 15:04

Bakının şadlıq saraylarında şadlıqdan niyə əsər-əlamət yoxdur?

Çalışanların sayına və ödədiyi vergilərə görə xidmət sektorunun aparıcı sahələrindən olan “toy sektorunda” (bu göstəricilərinə görə Azərbaycanda “toy sektorunu” hətta mübaliğəsiz də iqtisadiyyatın mühüm seqmentlərindən biri saymaq olar,-red.) vəziyyət bu günlərdə deyəsən heç də yaxşı deyil. Bu ilin yayında, karantin qaydalarının yumşaldılmasından və toylara nəhayət icazə verilməsindən (müəyyən məhdudiyyətlərlə) sonra Bakının şadlıq evləri kəskin müştəri axını ilə üzləşmişdisə indi eynilə o cür kəskin müştəri qıtlığı yaşamaqdadır.

Xatırladaq ki,  iyulun 1-dən etibarən  müəyyən şərtlərlə - iştirak edəcək qonaqların sayının 50 -150 nəfərdən çox olmaması, yaşı 18-dən yuxarı olanlardan COVID 19 pasportu tələb edilməsi, masalar arasında məsafənin qorunması tələbi ilə toyların keçirilməsinə icazə verildi. Qərardan dərhal sonra toy etmək üçün aylardır gözləyənlər şadlıq evlərinə axın etdilər. Hətta uzun illərdən bəri ilk dəfə adət-ənənələr də pozuldu - Məhərrəm ayında da toylar keçirildi. Ancaq belə vəziyyət uzun çəkmədi, payız toylar mövsümü olsa da, sifarişlər bu günlərdə azalıb, şadlıq evləri kommunal xərclərin artması fonunda müştərilərin kəskin azalmasından şikayətlənirlər.

Şadlıq evlərindən virtualaz.org-a bildiriblər ki, toy sifarişləri avqusta nisbətən təxminən 70- 80 faiz azalıb. Yalnız həftəsonları üçün sifarişləri var. Maksimum 150 nəfər qonaqla ayda 7-8 toy keçirmək isə şadlıq evi üçün  sərfəli deyil. Amma ümumi bahalaşmaya, o cümlədən ərzaq bahalaşmasına baxmayaraq olan-qalan sifarişləri itirməmək üçün menyunun qiymətini də artıra bilmirlər.

Bakının Tbilisi prospektində yerləşən “Badi Səba” sarayının adının çəkilməməsini xahiş edən əməkdaş deyir  ki, ay yarımdır yalnız üç-dörd sifariş qəbul edə biliblər. Maksimum 150 qonaqla toy keçirilməsinə icazə olsa da, heç kim 90-120 nəfərdən artıq qonaq çağırmır. Bəziləri  COVID-19 pasportu ilə bağlı tələblərə, bəziləri də  yoluxma hallarının yüksək olmasına  görə mümkün qədər az qonaqla toy edir. Bir masada 6 nəfərin oturulmasına icazə verilsə də, ayrılan masalar tam dolmur.

 “İyul-avqust aylarında sifarişlər çox olurdu, həftəiçi  hər gün toy keçirilirdi. Buna görə də 150 nəfər qonaqla toy nisbətən sərf edirdi. Amma şadlıq evlərində toy edə bilməyənlər az qonaqla kafelərdə, restoranlarda, bəziləri hətta çadırda toy elədi, nəticədə sifarişlər azaldı”, - həmin əməkdaş deyir.

Şadlıq evindən onu qeyd ediblər ki, qonaqların sayı onların xərclərinə ciddi təsir etmir, video çəkilişlərdən tutmuş kommunal xərclərə qədər ödənişlər olduğu kimi qalır, yalnız ofisiantların sayını azaldırlar:  “Obyekti saxlamaq lazımdı, bunun vergisi var, işçilərin maaşları verilməlidir. Onsuz da dekabrda toylar az olur, ümidlərimizi  noyabra bağlamışıq. Menyunu 35 manatdan etmişik ki, heç olmasa müştəri olsun”.

Metronun “Neftçilər” stansiyasının yaxınlığındakı “Arbat” şadlıq sarayından isə deyiblər ki, “Komfort” şadlıq sarayını icarəyə götürərək adını dəyişiblər. Sarayın təntənəli açılışı olub, reklamlar yerləşdirilib, amma hələlik bir toy sifarişi belə qəbul edə bilməyiblər: “Menyunu 38 manatdan təklif etmişik, gəlib baxırlar, bəyənirlər, amma hələlik toy olmayıb. Çoxları bahalıqdan şikayətlənir, amma borc edib bahalı restoranlarda toy edirlər. Tək bizdə deyil, digər şadlıq evlərində də vəziyyət belədir, buna görə də “elnən gələn toy-bayramdır” deyərək gözləyirik”.

Xırdalandakı “Xəzinə Palace” şadlıq evindən qeyd ediblər ki,  avqustda hər gün üçün toy sifarişi olub, indi şənbə-bazar günləri üçün sifariş qəbul edəndə sevinirlər: “Menyu 45 manatdır, əhalinin maddi durumuna görə qiymətləri artıra da bilmirik. 400-600 nəfərlik zalda 100-120 nəfər qonaq qəbul edirik. Başa düşürük ki, pandemiyadır, amma bizim vəziyyətimizi də təsəvvür etsinlər”.

Bakının Ə.Dəmirçizadə küçəsində yerləşən “Gilavar” saraydan isə bildiriblər ki,  onların oktyabr ayında  da sifarişləri az olub: “Səhər qapını açıb axşama qədər gözləyirik ki, bəlkə kimsə yaxınlaşıb noyabr-dekabr ayı üçün toy sifariş verə, amma gələn yoxdu. Ümumiyyətlə, sifarişlər dayanıb. Menyu 50-70 manat arası dəyişir. İşıq, qaz, su, ərzaq bahalaşıb, amma biz qiymətləri artıra bilmirik”.

 

“Abu Arena” sarayından da toyların azalmasından şikayətçidirlər. Saray əməkdaşlarının sözlərinə görə, sifarişlər azalıb, noyabrda cəmi bir-iki sifarişləri var: “Ümumi vəziyyəti hamı bilir, karantin  dövründə necə əziyyət çəkirdiksə, indi də elədir”.

“Pluton Hall” saraydan da noyabr-dekabr ayları üçün sifarişlər olmadığını, toyların azaldığını bildiriblər: “Menyu 45 manatdır. Noyabrdır, amma hələ sifarişimiz yoxdur, gözləyirik görək vəziyyətimiz necə olacaq”.

“Ay işığı” şadlıq sarayından telefon zəngimizə cavab verən əməkdaş isə  deyir  ki, vəziyyət belə davam etsə, toy edənlərin sayı tamamilə azalacaq, əksər şadlıq evləri də qapısına qıfıl vurmağa məcbur qalacaq. Bu isə işsizlərin sayının artması deməkdir...

Ü.Xudiyeva

virtualaz.org

Xəbərlər