2279
Dünən 22 Oktyabr 2021, 13:35

Məhkəmədə gərginlik: “Ona silah verin, qoy məni də öldürsün...”

Azərbaycanın Milli Qəhrəmanı, 20 il əvvəl Ukraynada azərbaycanlı iş adamını öldürməkdə ittiham olunan, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.

R.Əkbərov Ukraynada mübahisə zəminində 29 yaşlı azərbaycanlı Elçin Əliyevi qətlə yetirməkdə təqsirləndirilir. Hadisə 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə saat 04 radələrində Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesinin yaxınlığında baş verib.

virtualaz.org -un xəbərinə görə, prosesdə təqsirləndirilən Rövşən Əkbərovun vəkili Taleh İbrahimov müdafiə çıxışı edib. Vəkil çıxışında hazırkı cinayət işinin Rövşən Əkbərova heç bir aidiyyatı olmadığını, törətmədiyi hadisəyə görə məsuliyyətə cəlb olunduğunu bildirib:

 -20 il müddətində Rövşən Əkbərov cəmi bir dəfə şahid qismində dindirilib. Cinayət işi üzrə dəfələrlə şahidlər ifadə verib. Amma bir nəfər də hadisənin general tərəfindən törədildiyini deməyib. Bu işdə istintaq orqanı tərəfindən on nəfər şahidin ifadəsinə istinad olunub. Ancaq həmin şahidlər hadisə zamanı Azərbaycanda olublar, hadisənin birbaşa şahidi olmayıblar. Mərhumun  yanında yalnız dostu Məzahir Şıxaliyev (rəhmətə gedib-red.)  olub. Məzahir də ilkin ifadəsində içkili olduğundan hadisəni kim tərəfindən törədildiyini görmədiyini deyib.

O, müvəkkilinin “nümunəvi hərbçi, general olmaqla, hər bir addımına diqqət yetirən şəxs olduğunu” da bildirib. Cinayət işinin Ukraynada dəfələrlə araşdırıldığını, generala heç bir ittiham verilmədiyini, bir dəfə də olsun çağırılıb dindirilmədiyini xatırladıb. Müdafiəçi cinayət işi üzrə adı keçən şahidlərin yalan ifadə verdiklərini iddia edərək, onların barələrində cinayət işi açılmasını istəyib. Generalın vəkili daha sonra bildirib:

-Nazim İbrahimov səfir işləyib, deputat olub. Hər addımının məsuliyyətini bilən adam olmalıdır . İndiyə qədər  istintaqda beş dəfə ifadə verib. İfadəsinin dördündə Rövşən Əkbərovun adını çəkməyib. Lakin 2021-ci ildə verdiyi ifadəsində qeyd edib ki, hadisə vaxtı Ukraynaya gedib və orada işi araşdıran zaman Rövşən Əkbərovla görüşüb. Rövşən Əkbərov da Elçin Əliyevi öldürdüyünü Nazim İbrahimova deyib. Nazim İbrahimovun verdiyi ifadə yalandır. Əgər belədirsə, onda bu adam cinayəti bilib xəbər verməyib. Nazim İbrahimov sonradan müəyyən şəxslərin təsiri altında yalan ifadə verib. Yalan ifadə verdiyi üçün barəsində cinayət işinin başlanmasını tələb edirik. Digər şahid Orucəli Hacıyev də istintaqda dörd dəfə dindirilib.  Lakin o da ifadələrinin heç birində deməyib ki, Məzahir ona Elçinin Rövşən Əkbərov tərəfindən vurulduğunu deyib. Amma bu il mart ayında Orucəli Hacıyev ifadəsində bildirib ki, Məzahir ona qətlin Rövşən Əkbərov tərəfindən törədildiyini deyib.  Deməli o da yalan ifadə verdiyi üçün məsuliyyətə cəlb olunmalıdır. Məzahir rəhmətə gedib. O vaxt dindiriləndə ifadəsində açıq-aşkar deyib ki, həddən artıq sərxoş olduğu üçün Elçini vuran adamın kim olduğunu bilmir. Mərhum özü də son nəfəsində Məzahirə deməyib ki, onu kim vurub.

Vəkil çıxışının sonunda müdafiə etdiyi şəxs barədə bəraət hökmünün çıxarılmasını və zərərçəkmiş tərəfindən təqsirləndirilən şəxsə qarşı qaldırılmış mülki iddianın təmin edilməməsini xahiş edib: “Şahid ifadələrinə baxsanız ziddiyyətləri açıq-aydın görərsiniz. Məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyirəm”.

Bu vaxt mərhum Elçin Əliyevin anası Səmayə Əliyeva məhkəmədən ona söz verilməsini istəyib:

-Mənə icazə verin, bir kəlmə söz deyim, anayam.

Hakim isə ona zərərçəkmiş şəxsin və nümayəndəsinin ötən prosesdə çıxış etdiklərini xatırladıb, söz verməyib. Məhkəmənin növbəti iclasının oktyabrın 27-də olacağını deyərək iclası yekunlaşdırıb.

Amma  Səmayə Əliyeva məhkəmə prosesi yekunlaşdıqdan sonra zalda vəkilin çıxışına etiraz edib. S.Əliyeva oğlunun R.Əkbərov  tərəfindən öldürüldüyünü bir daha deyib:

-Mənim oğlumu Rövşən Əkbərov öldürüb. Silah verin, qoy məni də öldürsün. Oğlumu necə öldürübsə, məni də elə öldürsün .

R. Əkbərov onu sakitləşdirməyə çalışıb:

 -Bilin ki, bu cinayəti mən etməmişəm. Siz bu işi yaxşı-yaxşı araşdırın. Kiminsə sözüylə məni günahlandırmayın.

Xatırladaq ki, şahid ifadələrinə əsasən  R.Əkbərov kafedə, Elçin Əliyevə səfirlikdə ona hörmət-ehtiram göstərmədiyi haqda irad bildirib. Bu zaman “mən içəri girəndə siz samovar dəmləyirdiz” cavabını eşidib. “Mən səninçün çayxanaçıyam?” deyə ona qəzəblənib və tərəflər daha sonra mübahisəni çöldə davam etdirəndə general E.Əliyevi dənizçi bıçağı ilə vurub...

İ.Rafiqqızı

virtualaz.org

Xəbərlər