2088
Dünən 27 Sentyabr 2021, 16:06

İlham Əliyev Rusiyanın Ermənistanı yenidən silahlandırmadığını bildirir

Prezident İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində Rusiyanın Ermənistanı yenidən silahlandırmağa başlaması ilə bağlı Azərbaycan tərəfinin bu günlərdə ifadə etdiyi narahatlıqlardan danışıb, vəziyyətin indi nə yerdə olduğunu açıqlayıb.

Müsahibədən daha bir fraqment:

-Ötən günlərdə Ermənistan müdafiə naziri ilə Rusiyanın müdafiə naziri arasında görüş olmuşdu. O görüşdən sonra “Ermənistanın silahlandırılması prosesi yenidən başladı” şəklində açıqlama verilmişdi. Bu açıqlama Sizə nə düşündürür? Silahlandırma bölgəyə necə təsir edər? Yox olan Ermənistan ordusu indi yenidən rus silahları ilə ayağa qalxmağa çalışacaq. Bu mövzuda düşüncələrinizi almaq istərdim...

-Bu məsələdən xəbərdar olan kimi dərhal Rusiya tərəfindən soruşduq, məsələnin nə olduğu ilə maraqlandıq. Amma bizə məlumat gəldi ki, erməni mətbuatında çıxan bu açıqlama həqiqətə uyğun deyil. Rusiya müdafiə naziri belə sözlər söyləmədi. Bu, Ermənistan təbliğatının çirkin əməlidir. Bizə rəsmi şəkildə bildirildi ki, belə plan yoxdur. Ermənistan ordusunun yenidən havayı silahlandırılması ilə bağlı biz Rusiya tərəfindən yetərli məlumatlar aldıq. Biz bu mövzunu gündəmdən çıxardıq. Bu, Ermənistanın çirkin əməllərindən imtina etmədiyini göstərir. Ortaya atılan bu yalan ilk növbədə böyük səhvdir. Əgər sən Rusiya müdafiə nazirinin demədiyi sözləri yayırsansa bu ən azından məsuliyyətsizlikdir, təxribatdır. İkincisi, biz bunu dəfələrlə işğal dövründə də gördük, işğaldan sonra da gördük. Ermənistan və Rusiyada fəaliyyət göstərən erməni lobbisi hər gün Rusiya ilə Azərbaycanın münasibətlərində çatlar yaratmaq üçün çalışır. Hər gün, davamlı olaraq. Onların gündəlik işi Azərbaycana qara yaxmaq, Rusiya mətbuatında Azərbaycan barədə mənfi imic formalaşdırmaq, Azərbaycanla Rusiyanın münasibətlərinə kölgə salmaqdır. Düşünürlər ki, bu durumda qisasçı qüvvələr yenidən baş qaldıraraq bizə qarşı müharibə başlada bilər. 

Amma onlar yanılırlar. Birincisi, Rusiya-Azərbaycan münasibətləri kifayət qədər yüksək səviyyəli münasibətlərdir və biz bütün mövzuları açıq müzakirə edə bilirik. Prezidentlər səviyyəsində, müdafiə nazirləri, xarici işlər nazirləri səviyyəsində. Hər hansı tərəfi narahat edən məsələ ilə bağlı biz dərhal təmas qururuq və bu məsələləri həll edirik. Bunu deyə bilərəm ki, Rusiya-Azərbaycan münasibətlərində hər hansı təcili məsələni həll etməklə bağlı mövzu da yoxdur. Çünki bu münasibətlər kifayət qədər konstruktivdir. Ermənistanın bu təbliğat cəhdləri onlara uğur gətirməyəcək. Ermənistanın yenidən silahlanması ilə bağlı narahatlıqlarımız Rusiya tərəfindən anlayışla qarşılanır...

 

Xəbərlər