2090
Dünən 21 Sentyabr 2021, 16:36

Azərbaycanda ilk dəfə həyata keçirilən layihə Hannoverdə nüfuzlu beynəlxalq sərgiyə çıxarıldı

Bu gün sentyabrın 21-də Almaniyanın Hannover şəhərində ənənəvi illik “Intergeo-2021”  texnologiyalar sərgisi işə başlayıb. virtualaz.org xəbər verir ki, dünyanın geodeziya, geoinformatika üzrə yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən iri şirkətlərinin iştirak etdiyi sərgidə ilk dəfə Azərbaycan da təmsil olunur. Belə ki, sərgidə azərbaycanlı iş adamı Elşən Musayevin rəhbəri olduğu “EKM Global Consulting GmbH” alman şirkəti öz stendi ilə qatılıb və stenddə şirkətin Azərbaycanda “Azərişıq” ASC ilə birgə ilk dəfə 3D mobil mapping texnologiyası əsasında həyata keçirdiyi layihə də təqdim olunur. Bununla əlaqədar olaraq sərgiyə “Azərişıq” ASC-nin idarə heyətinin sədr müavini Ramil Yusifov və digər vəzifəli şəxslər də ezam ediliblər. Sərgi sentyabrın 23-nə qədər davam edəcək.

 

“İntergeo” geodeziya, geoinformatika və torpaq quruluşu üzrə dünyanın ən nüfuzlu sərgisidir, 1995-ci ildən bəri hər il təşkil olunur və Almaniyanın müxtəlif şəhərlərində keçirilir. İntergeo”  sərgisi Avropada təşkil olunan ən mühüm tədbirlərdən biri hesab olunur və bu sərgidə geodeziya və onunla əlaqəli sahələrdə baş verən bütün əsas tendensiyalar əhatə olunur.

Şirkətin rəhbəri Elşən Musayev virtualaz.org-a açıqlamasında deyib ki, Intergeo-2021 sərgisində “Hexagon”, “Leica Geosystems”, “Trimble” kimi böyük şirkətlər iştirak edir.

"EKM Global Consulting GmbH" Almaniya şirkətinin rəhbəri Elşən Musayev (sağdan birinci) "Azərişıq" ASC-nin nümayəndələri ilə Intergeo-2021 sərgisində

““EKM Global şirkətinin də sərgidə öz stendi var və bu stendə “Azərişıq” ASC-ni də dəvət etmişik. Bildiyiniz kimi, Azərbaycanda ilk dəfə 3D mobil mapping texnologiyası “Azərişıq”-da tətbiq edilib, şirkətimiz tərəfindən elektrik şəbəkəsi infrastrukturunun  Azərbaycan dilində 3D mobil xəritəsi hazırlanıb. Stenddə dövlət şirkəti ilə əməkdaşlıq şəraitində həyata keçirdiyimiz bu birgə layihə uğurlu təcrübə kimi nümayiş olunur. Azərbaycanın ilk dəfə yüksək texnologiyalar üzrə bu nüfuzlu beynəlxalq sərgidə təmsil olunması çox mühüm hadisədir, biz həm bu layihəni təqdim edirik, həm 3D mobil mapping və geodeziya sahəsində təqdim edilən ən yeni texnologiyalarla tanış oluruq, bu texnologiyaların gələcəkdə Azərbaycanda tətbiq edilməsi imkanlarını nəzərdən keçiririk”,-Elşən Musayev deyib.

Elşən Musayev

İş adamı habelə bildirib ki, şirkətin stendində “Proceq”  şirkətinin yeraltı kommunikasiyaların xəritəsinin hazırlanması üçün tətbiq edilən GPR texnologiyası, eyni zamanda VR texnologiyaları,  3D mobil mapping, 360 dərəcə altında videoçəkiliş texnologiyasına əsaslanan layihələri nümayiş olunur.

“Bu sərgi həm də ağıllı şəhər, ağıllı kənd konsepsiyası sahəsində ən qabaqcıl texnologiyaların, avadanlıqların və xidmətlərin təqdim olunduğu tədbirdir. Elə bizim stendimiz də sərginin “Smart city hall”  sahəsində yerləşir, burada dünyanın ağıllı şəhərlər üzrə xidmətlər göstərən aparıcı şirkətləri təmsil olunur. Əsas məqsədlərimizdən biri də sərgi çərçivəsində sahənin aparıcı şirkətləri ilə əməkdaşlıq qurmaq, yeni texnologiyalarla tanış olmaqdır”,-E.Musayev bildirib.

 

E.Musayev məlumat verib ki,   “Intergeo-2021” sərgisi çərçivəsində təşkilatçılar bir sıra ixtisaslaşmış konfranslar, seminar və mühazirələr keçirəcəklər, orada mütəxəssislər və sahə ekspertləri son yenilikləri-şəhər küçələrinin üçölçülü videoçəkilişini aparan xüsusi avtomobillər, 3D texnologiyaları, məlumatların toplanması üçün sensor vericilər və s. təqdim edəcəklər.

 

Qeyd edək ki, “EKM Global Consulting GmbH” şirkəti 2013-cü ilin yanvarında yaradılıb, hazırda Baden-Badendə yerləşir. Şirkətin fəaliyyəti 3D- skan, virtual reallıq və paralel reallıqla bağlı texnologiyaların, proqram təminatlarının hazırlanması, 3D mobil xəritələmə sistemlərinin və onların proqram təminatının işlənib hazırlanması və 3D mobil xəritələrin tərtibi üçün skan proseslərinin həyata keçirilməsi ilə bağlıdır.

Şirkət ötən il Azərbaycanda ilk dəfə “Azərişıq” ASC ilə əməkdaşlıq şəraitində elektrik təchizatı şəbəkəsinin yüksək dəqiqlikli elektron xəritəsini  3D mobil xəritələmə texnologiyası əsasında işləyib hazırlamışdı. (virtualaz.org bu layihə və ümumən 3D mobil mapping texnologiyası, onun ən müxtəlif sahələrdə tətbiqi imkanları və əhəmiyyəti barədə geniş yazıb,-red.)

F.Məmmədov

virtualaz.org

Xəbərlər