1444
Dünən 25 Avqust 2021, 13:29

Eynulla Fətullayev Fuad Nağıyevdən “Şahdağda yoxa çıxan otel” barədə soruşdu

Söhbətləşdi: Eynulla Fətullayev

Hökumətdəki Fuad Nağıyev kimi yeni məmurlar onillərlə formalaşmış feodal xan özbaşınalığı düşüncəli əlçatmaz, toxunulmaz tayfabaz bürokrat-portretini yox edir.  İl-ilyarım vaxt yetərli oldu ki, məmurlar şəxsi yox, dövlət hakimiyyətinə malik adi vətəndaş olduqlarını anlasınlar.  Üstəlik müvəqqəti hakimiyyətə.  Məmurlar dərk etdilər ki, vətəndaşlar onlara suallar verə və onlardan vacib cavabları ala bilərlər.  Postsovet və Şərq dövlətinin ictimai-siyasi fikrində əhəmiyyətli uğur və nəhəng tərəqqidir.

Dövlət agentliyinin rəhbəri tabeliyində olan işçilərinin şüşə arxasındakı kabinetlərinə rahatlıqla yaxınlaşır və içəri daxil olur, onlarla hörmət və ehtiramla ünsiyyət qurur, mənimlə tanış edir.

«Tezliklə buradan köçəcəyik. Sizə elə gəlmirmi ki, burada hansısa Qərbə məxsus abu-hava hiss olunur ?», - F.Nağıyev ucadan soruşur.

«Bu ki əladır. Turizm yaradıcı fəaliyyətdir. Və bürokratik süründürməçilik böyük məsələlərin həllində heç də yaxşı köməkçi deyil », - öz fikirlərimi məmurla bölüşürəm.

Qısa fasilədən sonra yenidən Dövlət agentliyinin rəhbərinin balaca və rahat otağına qayıdaraq milli turizm sənayemizin mühüm problem və vəzifələri haqqında söhbətimizi davam etdiririk.

“Eynulla Fətullayevlə söhbətlər” silsiləsindən Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevlə söhbətin ikinci hissəsini təqdim edirik.

 

- Bir vaxtlar Mədəniyyət nazirliyi Bərdədəki orta əsrlər türbəsini bərpa etmişdi.  Kaş heç etməzdilər. Orta əsrlərin abidəsini müasir İran kaşısı ilə örtdülər …  Unikal abidələri bərpa etməklə biz intellektual turisti cəlb edə bilərik. Ona isə alban kilsələrinə də, orta əsrlərin türbəsinə də, XIX əsrin arxitekturasına da baxmaq maraqlı olacaq.

- İnanın, məndən Azərbaycanın turizm məhsulları haqqında soruşanda ilk olaraq bizim mədəni irs nümunələrimizin adlarını çəkirəm. Bizim tarixi və mədəni abidələrimiz turistlərdə böyük maraq doğurur.  Təbii, bizim möcüzəvi təbiətimiz də, dadlı milli mətbəximiz də onları çox maraqlandırır. Ancaq ilk növbədə tarixi abidələrimiz haqqında soruşurlar. Hamımız anlamalıyıq ki, əcdadlarımızdan unikal mədəni irsi qəbul etmişik və onu qoruyaraq övladlarımıza ötürməliyik...

Mədəni irs nümunələrini qəbul edəndən sonra ilk işimiz menecmenti dəyişmək olur. Qoruqların İdarəetmə Mərkəzini yaratmışıq. Mərkəz  gəlir gətirən publik hüquqi şəxsdir. Və bizə yenidənqurma və bərpa işlərinə sərmayə qoymaq imkanı verir..

- Mərkəzin rəhbəri kimdir?

- Gənc və istedadlı Azadə Hüseynova.

- O, tarixi sevir?

- Baxın, Azadə xanım öz komandası ilə birlikdə bərpa ilə bağlı necə mükəmməl sənəd və metodologiya hazırlayıb. Bu iş Azərbaycan Elmlər Akademiyası ilə əməkdaşlıq şəraitində  yerinə yetirilib (Fuad Nağıyev mənə Qoruqları İdarəetmə Mərkəzinin Basqalın bərpası ilə bağlı hazırladığı sənədi uzadır - E.F). Mərkəz tərəfindən bölgənin zəngin tarixi dərindən tədqiq olunub, bütün arxitekturalı evlər, görməli yerlər, küçələr ən xırda təfərrüatına qədər bərpa edilib…  Biz itirilmiş şəhərin ən xırda detallarının da bərpasına diqqət edirik. Damlara, hasarlara, fasadlara, ağaclara qədər …

Bununla yanaşı Şəkidə də unikal iş aparırıq. Elmlər Akademiyasının arxeologiya və etnoqrafiya İnstitutunun şöbə müdiri, məşhur arxeoloq, mərhum Nəsib Muxtarovun rəhbərlik etdiyi arxeoloji qazıntılar zamanı orada e.ə. 4-cü əsrə aid olan, gildən hazırlanmış çox nadir ev əşyaları aşkarlanıb. (Fotoqrafiyaları göstərir - E.F.) Baxın, gildən samovar.  Biz Şəkidə muzey yaratmağa hazrlaşırıq.  Üstəlik, bildiyiniz kimi, Şəkinin tarixi hissəsi, Xan sarayı YUNESKO-nun mədəni irs siyahısına daxil edilib. Və bu uğur üzərimizə böyük məsuliyyət qoyurdu, çünki bir neçə ay ərzində şəhərin artıq YUNESKO-da qəbul olunmuş tarixi hissəsinin bərpası və idarə olunmasının elmi metodologiyasını işləyib hazırlamalı idik (İngilis dilində hazırlanmış sənədi uzadır - E.F.).

- Niyə Şəki halvasının keyfiyyəti düşüb? Bu yaxınlarda ora səfər edərkən diqqətimi çəkdi…

- Ola bilər. Sonra sizə danışaram (gülür, zarafat edir - E.F.). Görünür, siz də, mən də qocalırıq (yeni sənədlər göstərir - E.F.).  Bu, Şəkinin tarixi hissəsinin konservasiyası və bərpası haqda sənəddir.  Müvafiq bərpa işlərinin aparılması üçün elmi əsaslandırma (göstərir - E.F.).

Hazırda Xınalıq kəndinin YUNESKO-nun mədəni irsinə daxil olunması üçün fəal işlər gedir.

- Yanardağda işlər necədir? Yadımdadır, bir neçə il əvvəl prezident oradakı vəziyyətdən qəzəblənmişdi…

- Əlbəttə ki, cənab prezidentin tapşırığı ilə yeni kompleks tikildi. Yanardağ Azərbaycanın mədəni irsinin əsas nümunələrindən biridir.  Qədim zərdüştilik mədəniyyətinin  bu abidəsinə xüsusi əhəmiyyət veririk.  Rəqəmlər də çox şey deyir - bu bənzərsiz alovu görmək üçün hər il yarım milyondan çox adam gəlir.

- Hindistandan?

- Təkcə Hindistandan deyil. Avropadan da, Çindən də gəlirlər. Bir sözlə, dünyanın hər yerindən.

- Bir mühüm sualdan yan keçə bilmərəm.  Hələ bir neçə il əvvəl ekspertlərin bir çoxu Gürcüstan və Azərbaycana turist marşrutlarının inteqrasiyasını təklif edirdi.  Bu ölkələrin bir tərəfdən böyük olmamalarını, digər tərəfdən isə ayrılmaz tarixi-mədəni bağlarını nəzərə alaraq həmin ideya yetərincə perspektivli görünürdü.  Siz həmin konsepsiyaya necə baxırsınız?

- Bəli, söhbət birgə turist marşrutlarından gedir.  Və biz Gürcüstandakı həmkarlarımızla həmin marşrutların bir hissəsinin birləşdirilməsi konsepsiyasını hazırladıq.  Məsələn, söhbət Gürcüstanda başlayıb bizim şimal-qərb bölgələrimizdə bitəcək şərab marşrutlarından gedirdi. Ancaq bir mühüm məsələni unuduruq - viza məsələsindəki fərqləri. Gələcəkdə, turizm sənayesinin aktivləşmə dövründə bu məsələyə qayıtmaq, viza rejimini asanlaşdırmaq, bəzi ölkələrlə isə viza məhdudiyyətlərini aradan qaldırmaq istəyirik.

Məsələn, Gürcüstanda dünyanın 98 ölkəsi ilə vizasız rejim mövcuddur.  Ermənistana 70-ə yaxın ölkədən turistlər vizasız gələ bilər.  Özbəkistanda bu sahədə ciddi işlər görülüb və 87 ölkə ilə viza məhdudiyyətləri aradan qaldırılıb.

- Bizdə isə əksinə, son illərdə viza tələblərinin sərtləşdirilməsi baş verib… Vaxtilə əcnəbilər vizanı birbaşa Bakı hava limanında alırdılar.

- Əslində heç bir məhdudiyyət yoxdur. ASAN “elektron vizalar”ın verilməsi mexanizminin öhdəsindən çox bacarıqla gəlir.  Digər tərəfdən, ölkələrin çoxu ilə viza rejimini ləğv etmək, ölkəni buraya gəlmək və pul xərcləmək istəyən adamlar üçün maksimum əlçatan etmək olardı.  Unutmayaq ki, bu, Azərbaycanın iştirak etdiyi və qonşu ölkələrlə rəqabətə girdiyi böyük biznesdir. 2019-cu ildə turist axını hesabına ölkəyə 2 milyard 600 milyon dollar həcmində valyuta daxil oldu! Niyə ölkə bu dollar dövriyyəsindən imtina etməlidir? Turizm sənayesi bir çox sosial institutların fəaliyyətini təmin edir, restoran, otel, muzeylərin, bir sözlə bütün xidmət sahələrinin büdcəsini zənginləşdirir.

- Ümumi fəlakət gəldi. XXI əsrin taunu bizim də qapımızı döydü.  Hazırda tanınmış Qərb virusoloqları və immunoloqları proqnoz edirlər ki, koronavirus həyatımızın sonunadək bizimlə qalacaq. Bəşəriyyət turizmdən imtina edə bilərmi? Axı yoluxma riski yüksəkdir. Üstəlik virusdan müdafiə yoxdur və olmayacaq.

- Bu cür ola bilməz! Bu, insan psixologiyasına ziddir. Bəli, dünya turizm sənayesinə ziyan dəyib. Ancaq tarixdə bu cür hallar olub. Turizm həmişə olacaq. Və unutmamalıyıq ki,  turizm tez bərpa olunan sahədir. Başqa ölkələrin əyani nümunələri var. Pandemiya dalğaları yatandan sonra ölkələr açılır və turizm imkanlarını təqdim edirlər.

- Məsələn, hansı ölkələr?

- Elə Dubay.  Düzdür, Əmirlik açılandan sonra yoluxma sayında artım başladı.  Yaxud Türkiyə. Necəsə öyrəşmək və bu virusla yaşamağı öyrənmək lazımdır. Yeni mövcudluq formalarının axtarışı gedir və əminəm ki, bəşəriyyətin tərəqqipərvər hissəsi uğurlu model tapacaq. Dövlət agentliyi turizm sənayesinin dirçəlməsində həyati maraqlıdır. Ancaq millətin sağlamlığı hər şeydən üstündür. Şübhəsiz, əsas küncdə millətin və cəmiyyətin sağlamlığı və təhlükəsizliyi dayanır. Biz çox ölçülüb-biçilmiş, ehtiyatlı siyasət işləyib hazırlamalıyıq, bütün riskləri hesablamalıyıq, inkişaf etmiş ölkələrin təcrübəsini öyrənməklə turizm imkanlarımızı tədricən bərpa etməliyik. Ancaq bizim siyasətimiz epidemioloji vəziyyətlə nizamlanır.  Məsələn, bu yaxınlarda İsraildə nümayəndəlik açmışıq və AZAL həftədə iki dəfə bu ölkəyə uçuşları təmin etməli idi.  Axı İsrail kollektiv immunitetin formalaşmasına çox yaxın idi.  Və birdən gözlənilmədən, bütün proqnozlara rəğmən İsraildə pandemiyanın  beşinci dalğası baş qaldırdı. Elə bizdə də yoluxma sayı artır. Pandemiya bizim nəzərdə tutduğumuz bütün planları puç etdi.  Ancaq təbii maneələrə baxmayaraq, mən nikbinəm.  Bəşəriyyətin gücünə və tərəqqisinə inanıram.

- Bu şəraitdə daxili turizmin potensialını inkişaf etdirmək qalır.  Pauzadan yararlanmaq və bölgələrdə tikməyə, infrastrukturu təkmilləşdirməyə başlamaq olar. Dollarlar olmaya bilər, ancaq bu, yerlərdə turizm sənayesinin inkişafına böyük təkan olardı.  Məsələn, Şəkidə beşulduzlu mehmanxana var. Daha bir neçə otel tikmək olar. Tələbat ki var.

- Yəqin “Marxal”ı nəzərdə tutursuz?

- Bəli. Ancaq yaxşı üçulduzlu otellər yoxdur.

- Artıq var. Siz Şəkiyə gedəndə yaxşı üçulduzlu otellərin siyahısını təqdim edərik. Və öz gözlərinizlə onları görərsiniz. 2016-cı ildə cənab prezident Bakı, Sumqayıt və Gəncə istisna olmaqla turizm sahəsinə sərmayələrin stimullaşdırılmasını təmin edən vacib fərman imzaladı.  Turizm sənayesinə sərmayə qoyan biznesmenlər 7 il ərzində mənfəət 50 faizindən, gəlir vergisinin 50 faizindən, habelə mülkiyyət və torpaq vergisindən tamamilə azad edilir.  Və idxal olunan bütün avadanlıqlara da gömrük rüsumu qoyulmur.  Bizə xeyli sərmayəçi müraciət edir,  onlara sənədlərin düzgün tərtib olunmasında yardım göstəririk, sonra isə İqtisadiyyat Nazirliyinə yönləndiririk. Biznesmenlər bölgələrdə fəal tikintiyə 2019 və 2020-ci illərdə başlayıblar. Təəssüf, pandemiya sərmayələrin stimullaşdırılması strategiyasına düzəlişlər etdi, ancaq proses davam edir. Yeni misal - biz Şahdağ xizəkçilik kompleksinin inkişafı üzrə sərmayəçi ilə çox vacib qərar hazırladıq.  Yerli sahibkarlardan biri yeni attraksionun tikintisinə sərmayə qoyacaq,  söhbət özünəməxsus relsli yollardan gedir, vaqonlar 42 km/s sürəti ilə şütüyəcək.  Eyni zamanda anlayırıq ki, xüsusən indiki böhranlı vəziyyətdə dövlətlə sahibkarlar arasında üfüqi münasibətlər formalaşdırmaqla dövlətin yükünü maksimum azaltmalıyıq.  Aktiv şəkildə bölgələrə sərmayəçiləri cəlb edirik - Qusara, Şəkiyə və s..  Bəzi layihələrimizi dövlətin çiynindən alıb biznesmenlərin çiyninə qoymaq üzərində işləyirik.  Axı biznesmen pul qazansa, vergi ödəyəcək və dövlət də qazanacaq.

Yeri gəlmişkən, Əbülfəz Qarayevin dövründə sosial şəbəkələrdə belə bir şayiə gəzdi ki, guya nazirlik otellərdən birinin tikintisini başa çatdırmayıb. Bu otel layihəyə daxil edilib, həyatda isə gerçəkləşməyib. Siz bu barədə eşitmisiniz?  

- Mən işlədiyim sənədlər orada daha bir otelin tikilməli olduğunu söyləmir...

Şahdağ yerli turistlər arasında da çox populyar olan əzəmətli turist obyekti, layt-hausdur. 2019-cu ildə 140 min adam Şahdağdakı otellərin xidmətindən yararlanıb. Mən hələ gəzməyə və xizəkdə sürüşməyə gələnlərdən danışmıram. Orda 5-ci otel də var. Və biz onu üzümüzə gələn qış mövsümünədək hazırlayacağıq.  

Daha bir strateji istiqamət Lahıcdır. Qafqazın ətəyindəki bu unikal yerə nə qədər adamın getməsi barədə statistikanız varmı?  

- Bu suala cavab verməyə çətinlik çəkirəm, çünki Yanardağ və digər obyektlərdən fərqli olaraq, Lahıca giriş biletləri satılmır. Əldə olan məlumata görə, pandemiyaya qədər bazar günləri Lahıca 20-30 min arası adam gedirdi.  

Amma mən orda yaxınlarda, pandemiya dövründə olmuşam – sözün hərfi mənasında basırıqdır. Amma böyük bir problem var – Lahıcda otel yoxdur. Güc-bəla ilə butik otel tapmışam.

- Hazırda yaxşı bir butik-otelin inşaatının hazırlığı gedir. Lahıcın təbiəti iri bir otel tikməyə imkan vermir. Amma orda hesthauslar var. Bir də Lahıcda başqa problemimiz var – orda giriş biletlərinin satıla biləcəyi obyektlər yoxdur. Odur ki, dəqiq statistika aparmaqda çətinlik çəkirik.  

Basqalda dolğun həyatı bərpa etmək istədiyinizi söylədiniz. Amma əgər buna Lahıcda nail oluna bilməyibsə, qonşu Basqalda alınacaqmı?

- 2017-ci ildən Basqalın turizm obyektinə transformasiyası konsepsiyası üzərində işləyirik. Orda iş tam sürəti ilə gedir. Yenidənqurma prosesi başlayıb. XVII əsrə aid hamamın rekonstruksiyası başa çatıb. Küçələrin bərpası gedir. Bundan başqa, 7 ənənəvi emalatxana bərpa olunub, kəlağayı (milli Azərbaycan qadın baş örtüyü – E.F.) istehsalı mərkəzinin rekonstruksiyasına hazırlıq gedir. İşin niyə belə uzandığını soruşa bilərsiniz? Çünki biz məhz bu etnomədəniyyətə aid hər detalın bərpası üzrə əsaslı iş aparırıq. Məscidin ərazisində arxeoloji qazıntılar gedir, Orta əsrlərə aid abidələr aşkarlanıb.

Basqaldan olan bir neçə səhmdar qəsəbənin bərpasına kapital qoymaq arzusunda olduğunu bildirib. Hazırda biz onlar üçün cəlbedici olan seqmentləri – otelləri, mağazaları, restoranları, bərpa işlərini müəyyənləşdiririk...   

Əsas problem kommunal infrastrukturun – elektrik, qaz və suyun bərpasıdır. Qısası, orda yaşamaq üçün şərait yaratmaq lazımdır...

Niyə Lahıcda ənənəvi sənətkarlığı bərpa etmək mümkün olmadı? Orda bircə kustar emalatxana işləyir ki, onun da tarixlə yaxından-uzaqdan əlaqəsi yoxdur.

- Təəssüf ki, söylədiyiniz kimidir... Amma məsələ bundadır ki, orda bütün emalatxanalar şəxsi əllərdədir... Yaxınlarda Özbəkistanda oldum və orda həmçinin gəncləri məşğul edən ənənəvi sənətkarlıq idarə sisteminə yaxşı mənada təəccübləndim. Sənətkarlıq sənətinin bərpasının stimullaşdırılması məqsədilə bu təcrübədən yararlanmalıyıq.

Sizinlə tamamilə razıyam. Yaxşı qeyd etdiniz. Biz bu istiqamətdə fəal iş görməliyik.

Azad olunmuş Xocavənd rayonunun ərazisində ermənilərin dağıtdığı pravoslav kilsəsi aşkarlanıb. Onu tezliklə bərpa edib, dünyaya kimin dağıdıcı, kimin qurucu olduğunu göstərmək lazımdır. Bu sizin öhdəliyinizə aiddirmi?  

- Yox, bu bizim səlahiyyətimiz xaricindədir. Lakin Qarabağın mədəni irsinin bərpası işlərinə təcrübəli ekspertlərimizi cəlb edirlər. Prezident administrasiyası yanında Əlaqələndirmə Qərargahına bizim də nümayəndələrimiz daxildir. Odur ki, biz də müxtəlif təşəbbüslərlə çıxış edirik. Hərçənd toxunduğunuz məsələ səlahiyyətimiz xaricindədir.     

Nəhayət, sonuncu sual. Siz İsraillə turizmin inkişaf perspektivləri barədə yetərincə ətraflı danışdınız. Yadımdadır, Yaffaya gedən yolda maraqlı mənzərə ilə rastlaşdım – bütün dünya brendləri və bahalı zərgər mağazaları ötən əsrin əvvəllərinə aid köhnə tikililərdə yerləşirdi (özü də bunlar arxitektura abidələri deyildi). Həmin binalar bizim köhnə Sovetski və ya Çadrovı küçəsindəki evlərə oxşayırdı. O küçələr Bakının bənzərsizliyinin təcəssümü idi. İsraillilər tərəqqini öz tarixləri ilə zövqlə əlaqələndiriblər. Əlimizdə olan irsdə tərəqqini tarixlə bağlaya bilərikmi?        

- Əlbəttə, bilərik. Azərbaycan turizmi öz ilk addımlarını atır. Biz yolun başındayıq. Bəzən səhvlərimizdən öyrənirik. Mən tez-tez türk həmkarlarımla bölüşürəm, hətta bu cür dövlətdə belə zaman-zaman səhvə yol veriblər, irəli gediblər, sonra seçdikləri yolun yanlıq olduğunun fərqinə varıb dayanıblar. Sözsüz ki, biz hansısa mürəkkəb trayektoriya ilə gedirik. Bəli, səhvlər də var, fikir dəyişməsi də, yeni inkişaf yollarının axtarışı da.

Bizim tarixin tərəqqi ilə möhkəm bağımız da var – bu İçərişəhərdir. O, Bakıya gələn bütün turistləri heyran edir. Biz öz tariximizi və ənənəmizi qorumalıyıq. Və inanın ki, heç kəsin əli tarixə qalxmaz.

Elə bu ümidlə sağollaşır və səmimi söhbətinizə görə sizə minnətdarlıq edirəm.  

 

Xəbərlər