1578
Dünən 23 Avqust 2021, 17:55

“Hacıbala Abutalıbovdan soruşdum, dedi Ramiz Mehdiyevlə şifahi razılaşdırmışam...”

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin cinayət işi məhkəmə prosesi başlayıb.

Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, R.Quliyev Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi yerləşən binanın, həmçinin yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi, dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi, yerində yeni binaların tikintisi üçün “FF-2011” şirkətinə qanunsuz icazə verilib.

İttihama əsasən, R.Quliyev Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli sərəncamı icra başçısının müavini vəzifəsini icra etdiyi vaxt imzalayıb. Həmin ərazidə 1893-cü ildə inşa edilmiş, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olması nəzərə alınmayıb. Nəticədə ayrı-ayrı fiziki şəxslərə məxsus mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz söküntüsünə başlanması, tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olub.

Abutalıbovun “sağ əli” nədə ittiham olunur...

R.Quliyev Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

Hakim R.Quliyevdən elan olunmuş ittihamlarla özünü təqsirli bilib-bilmədiyini soruşub. R.Quliyev təqsirli bilmədiyini deyib: “Mənim günahsız olduğumu sübut edən kifayət qədər dəlillər  və sübutlar var”.

Keçmiş Aparat rəhbəri ifadəsində deyib ki, 2001-ci ildən 2018-ci ilə qədər Bakı şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə, o cümlədən qurumun Aparat rəhbəri vəzifəsində çalışıb: “Bütün tapşırıqların icrasını sədaqətlə yerinə yetirmişəm. Öz ərizəmlə 2018-ci ildə tutduğum vəzifədən azad olunmuşam. O vaxtdan da “Səs” informasiya agentliyində direktor olmuşam və “Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyini yaradaraq mərkəzin rəhbəri kimi ölkə gündəmində olan müxtəlif siyasi hadisələrə və proseslərə ekspert kimi siyasi şərh vermişəm”.

Aylardır susub, sözünü demək üçün bu günü gözləyib

Dövlət ittihamçısı keçmiş aparat rəhbərindən siyasi fəaliyyəti ilə bağlı deyil, ittihamın mahiyyəti üzrə danışmasını istəyib. R.Quliyev isə cavabında aylardan bəri susduğunu, öz sözünü demək üçün bu günü gözlədiyini bildirib.

Həmin bina...

“Mənim həmin binanın sökülməsi ilə bağlı hansısa əlaqəm olmayıb. Əsl cinayətkarın ortaya çıxarılıb cəzalandırılmasını istəyirəm. Kim günahkardırsa gəlsin cavabını versin”,-o deyib.

Rasim Quliyev həbsinə səbəb olmuş bina söküntüsü haqda sərəncamı necə imzaladığını izah etməyə çalışıb: “Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasından məlumatsız olmuşam, faktiki olaraq o ərazinin harada olmasını həmin vaxt təxmin etməmişəm, sənəd mənə imzalamaq üçün təqdim edilibsə lazımi hüquqi prosedurların icra edildiyini güman etmişdim. “FF-2011” MTK tərəfindən tikinti obyektinin sökülməsi layihəsi hazırlanmadan, müvafiq icazə alınmadan ərazidəki mövcud tikililərin sökülməsinə başlanılmaqla, habelə həmin layihəyə baxılaraq müsbət rəy baş memar Akif Abdullayev tərəfindən imzalanmış torpaq sahəsinin ayrılmasına dair inşaat pasportu verilib. Həmçinin Bakı şəhər İH Memarlıq və Şəhərsalma Baş İdarəsinin Tikinti işlərinə başlanılması üçün əsas olan Xüsusi nişan Bakı şəhər Tikinti Müfəttişliyinin rəisi Nadir Adıgözəlov tərəfindən verilib”.

Aparat rəhbəri müavin vəzifəsini icra edə bilərdimi?

Sabiq Aparat rəhbəri ifadəsində həmçinin göstərib ki, 2017-ci ilin sentyabrında Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov vəfat etdiyindən səlahiyyətlərinin icrası müvəqqəti olaraq ona həvalə edilib: “21 aprel 2018-ci ildə Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsinə təsdiq edilməsindən sonra müavin vəzifəsini icra edən şəxs kimi zəruri sənədlərə qol çəkmişəm, Bakı şəhər İcra Hakimiyyətinin fəaliyyətinə rəhbərlik etmişəm”.

R.Quliyev qeyd edib ki, həmin ərəfədə Hacıbala Abutalıbovdan bu vəzifənin icrasının Prezident Administrasiyasının rəhbəri ilə razılaşdırılıb-razılaşdırılmadığını soruşub. H.Abutalıbov da şifahi razılaşdırıldığını bildirib.

Ramiz Mehdiyev yazıb: “Bu qanunsuzdur...”

Amma sonradan R.Mehdiyev tərəfindən İcra Hakimiyyətinə ünvanlanmış məktubda bildirilib ki, R.Quliyev tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsini müvəqqəti icra edən qismində İcra Hakimiyyəti başçısının sərəncamının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubun və tikinti obyektinin istismarına icazənin imzalanması qanunvericiliyin kobud pozuntusudur. Və qeyd edilib ki, başçının səlahiyyətlərini Prezident Administrasiyasının rəhbəri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.

R.Quliyevin dediyinə görə, Ramiz Mehdiyevə Hacıbala Abutalıbov tərəfindən ünvanlanmış 25.06.2018-ci il tarixli məktubda Bakı ŞİH başçısının müavini səlahiyyətlərinin icrasının müvəqqəti olaraq Rasim Quliyevə həvalə olunarkən Prezident Administrasiyası rəhbərliyindən müvafiq qaydada razılıq alınmadığına görə təəssüf hissi keçirməklə üzrxahlığını bildirib və müvafiq razılığın verilməsi xahiş olunub. Lakin bundan sonra administrasiya tərəfindən yenə də müvafiq yazılı razılıq verilməyib.

“Bu səlahiyyətlər məsələsi məndə şübhəli olaraq qaldığı üçün Hacıbala Abutalıbova sorğu ilə müraciət etmişdim,  gələn cavab məni qane etməmişdi”,-o bildirib.

“Tamella xanım dindirilməyib...”

R.Quliyev deyib ki, cinayət işi materiallarından ona məlum olub ki, 2018-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri tərəfindən baş prokuror Zakir Qaralova müraciət olunub, bildirilib ki, “FF-2011” MTK-nın tikintiyə icazə sənədlərində ciddi nöqsanlar mövcuddur. 

““FF-2011” MTK tərəfindən tikinti obyektinin sökülməsi layihəsi hazırlanmadan, müvafiq icazə alınmadan ərazidəki mövcud tikililərin sökülməsinə başlanılmaqla, habelə həmin layihəyə baxılaraq müsbət rəy baş memar Akif Abdullayev tərəfindən imzalanmış torpaq sahəsinin ayrılmasına dair inşaat pasportu verilib. Həmçinin Bakı şəhər İH Memarlıq və Şəhərsalma Baş İdarəsinin Tikinti işlərinə başlanılması üçün əsas olan Xüsusi nişan Bakı şəhər Tikinti Müfəttişliyinin rəisi Nadir Adıgözəlov tərəfindən verilib. İstintaq dövründə MTK rəhbəri Tamella xanımı dindirməyiblər və mənimlə üzləşdirməyiblər",-təqsirləndirilən belə deyib.

Hakim Rasim Quliyevin ifadəsinin qalan hissəsini növbəti prosesdə dinləməyi məqsədəuyğun sayıb.

Məhkəmə prosesi 30 avqust saat 11:30-da davam edəcək.

Virtualaz.org

 

Xəbərlər