1673
Dünən 21 Avqust 2021, 21:39

“Xəzər İbrahim ABŞ-da artıq 10 görüş keçirib, bizim səfir isə cəmi 1...”

Ermənistanda politoloq və beynəlxalq məsələlər üzrə ekspert Suren Sərkisyan bu ölkənin ABŞ-a yeni təyin edilmiş səfiri Lilit Makuntsun passivliyindən və qeyri-peşəkarlığından narazılıq edir. Və onun Azərbaycanın ABŞ-dakı yeni təyin edilmiş səfiri Xəzər İbrahimdən çox geri qaldığını bildirir.

virtualaz.org xəbər verir ki, Sərkisyan özünün Facebook səhifəsində yazıb:

“Sözün hərfi mənasında bu günlərdə Azərbaycan və Ermənistan ABŞ-a yeni səfirlər göndərdilər. Azərbaycanın səfiri hətta imicini dəyişdirib. Azərbaycanın Ankaradakı keçmiş səfiri ABŞ-a gələndən sonra bığlarını qırxıb. Səfir, mənim məlumatlarıma görə, artıq Vaşinqtonda akreditə olunmuş başqa səfirlərlə və digər xadimlərlə 10-a yaxın görüş keçirib. Səfir İbrahim Vaşinqtonu çox yaxşı tanıyır. O, ABŞ-da oxuyub və işləyib. O, ağır çəkili diplomatdır, aydındır ki, Ankara və ya Vaşinqtona hər adamı səfir təyin etmirlər. İndi o, ABŞ-a gəlib və türk lobbisi ilə bizə qarşı fəal işləyəcək. Yeri gəlmişkən, o həmçinin icma fəalları ilə seriya görüşlərin təşkilinə də başlayır-ABŞ-dakı azərbaycanlılar icmasının potensialının səfərbər edilməsi üçün.

Bizim isə Vaşinqtona yeni təyin edilmiş səfirimiz hələlik özünü cəmi bir görüşdə göstərib, habelə sosial şəbəkələrdə yoxdur və səfirliyin saytında şərhlər bağlıdır. Səfir Lilit Makunts erməni icmasına müraciət etməyib, ABŞ-ın müxtəlif şəhərlərində erməni icmasının fəalları ilə görüşlər keçirməyib”.

Xatırladaq ki, Xəzər İbrahim iyulun 26-da Azərbaycanın Vaşinqtondakı səfiri təyin olunub. Vaşinqtonda o, Elin Süleymanovu əvəzləyib. E.Süleymanov Azərbaycanın Böyük Britaniyadakı səfiri təyin olunub.

Ermənistanın ABŞ-a təyin edilmiş yeni səfiri Lilit Makunts isə peşəkar diplomat deyil, QHT fəalı olub və Ermənistandakı “məxməri inqilabdan” sonra Paşinyanın komandasında parlamentin deputatı seçilmişdi.

virtualaz.org

Xəbərlər