1470
Dünən 25 İyul 2021, 12:38

“İlqar Danabaş”ın qətli: killer “Hacı Beyləqanski” cinayətdən 9 il sonra həbsxanaya yola salındı

İyul ayının əvvəllərində Moskvada azərbaycanlı “qanuni oğru”, 9 il əvvəl digər azərbaycanlı “qanuni oğru”, “İlqar Danabaş” ləqəbli İlqar Əliyevi qətlə yetirən , “Hacı Beyləqanski” ləqəbli Hacıbaba Talıbxanovun üzərində məhkəmə tamamlanıb və onun barəsində çıxarılmış hökm-19 il həbs cəzası yuxarı instansiya tərəfindən qüvvədə saxlanılıb. Və “Hacı Beyləqanski” cəzasını çəkmək üçün həbsxanaya etap olunub.

Virtualaz.org xəbər verir ki, Rusiya bazarlarında Azərbaycan meyvə-tərəvəzinin satışına nəzarət uğrunda on illərdir davam edən qanqster müharibələrində önəmli fiqurlardan olan “Hacı Beyləqanski” 2016-ci ildə İstanbulda güllələnən məşhur kriminal avtoritet “Rövşən Lənkəranski”nin (Rövşən Canıyev) killerlər briqadasının rəhbəri kimi tanınırdı. O, 2018-ci ildə həbs edilmişdi.

"İlqar Danabaş"ın meyiti-foto istintaq materiallarından götürülüb...

Bəs “Hacı Beyləqanski” “İlqar Danabaş”ı necə öldürüb və bu qətlin istintaqı illərlə niyə dalana dirənib? Lenta.ru  qeyd edir ki, “Danabaş” bir zamanlar bütün keçmiş sovet məkanında ən nüfuzlu “qanuni oğru” sayılan “Ded Xasan”ın (Aslan Usoyan) yaxın tərəfdaşı və müşaviri idi. Onun öldürülməsi “oğru” klanları arasında gedən müharibədə dönüş məqamı oldu: mahiyyətcə “Danabaş”ın öldürülməsi Ded Xasanın bir vaxtlar qüdrətli cinayətkar imperiyasının süqutunun başlanğıcı idi.

Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin əməkdaşları “Danabaş”ın qətlinin üstünün necə açıldığını danışıblar.

İlqar Əliyev, yaxud “Danabaş” 2012-ci il aprelin 19-da Moskvanın mərkəzində, Presnenskiy Val küçəsində, məşhur “16 ton” klubu ilə üzbəüzdə qətlə yetirilib. Killer səkidə dayanmışdı və Əliyevin ağ rəngli  “Land Cruiser”-nin ona yaxınlaşmasını gözləyirdi. Həmin küçədə həmişə tıxac olur və bu səbəbdən killer maşını buraxmayacağına arxayın idi. Saat 15.15-də gözlədiyi avtomobil ona yaxınlaşdı. Killer səkidən yolun hərəkət hissəsinə keçdi və sviterinin altından tapançanı çıxardı, “Land Cruiser”in sürücü qapısına yaxınlaşdı və Əliyevə iki dəfə atəş açdı. Ardınca  “Danabaş”ın ön oturacaqda oturmuş rəfiqəsinə atəş açdı.

Qadın həmin məqamda telefonla danışırdı və onu sol əlində tutmuşdu. Güllə onun əlinin sümüyünü deşdi, sonra “Nokia” aparatını dəlib keçdi və qadının başına dəydi. Qadın sağ qaldı, amma məlum oldu ki, atəş açanın sifətinə baxmağa imkan tapmayıb. Əvəzində killeri iki başqa şahid görmüşdü-trolleybusun sərnişini və yaxınlıqdan keçən başqa avtomobilin qadın sürücüsü.

"Ded Xasan"

Əməliyyatçılar şübhə etmirdilər ki, “Danabaş”ı o zaman “Ded Xasan”ın klanı ilə müharibə aparan “Rövşən lənkəranski” sifariş edib. Moskvanın Şimal- Qərb inzibati dairəsi üzrə istintaq idarəsinin rəhbəri, polkovnik Aleksey Puşilin bildirir ki, o zaman Lənkəranski və “Ded Xasan”ın klanları arasında Moskva regionundakı bazarlara nəzarət uğrunda əsl müharibə gedirdi. Bu müharibə 2008-ci ildə başlamışdı.

“İlqar Danabaş” isə bu müharibənin strateqi, beyin mərkəzi idi. “DİN və FTX-dən olan əməliyyatçılar tezliklə bizə informasiya təqdim etdilər ki, məhz Əliyev bazarlar və topdansatış bazalar üzərində nəzarətçidir. O, himayəçiliyi təmin edib və bazar sahiblərini hücumlardan qoruyub, habelə kreditlərin alınmasını, borcların qaytarılmasını təmin edib”,-polkovnik deyir. Puşilin  bildirir ki, “Danabaş” habelə hüquq-mühafizə və nəzarət orqanları ilə korrupsiya əlaqələrinə cavabdeh idi, ona görə də çox məlumatlı adam sayılırdı.

"İlqar Danabaş"

Onun öldürülməsindən sonra “Ded Xasan” Moskvanın meyvə-tərəvəz bazarları üzərində nəzarəti sürətlə itirdi. Təkcə Biryulevsk topdansatış bazası “Ded”in kassasına ildə 10 milyard rubl nəğd gəlir gətirirdi. Cinayətin motivi aydın olsa da “Danabaş”ı kimin güllələdiyini tezliklə müəyyənləşdirmək mümkün olmadı.

 İstintaq isə tezliklə bunu üzə çıxara bilib ki, “Danabaş” formal olaraq Moskvadakı “Karetnıy dvor” restoranında inzibatçı işləyirmiş. Bu restoran “Ded Xasan”ın Moskvadakı mənzil-qərargahı idi. Yeri gəlmişkən, “Danabaş”ın qeyri-rəsmi arvadı və onunla birlikdə güllələnən qadın da həmin restoranda ofisiant işləyirdi.

2013-cü ilə qədər müstəntiqlər “Danabaş”ın qətlinin istintaqında heç bir nəticə əldə edə bilməyiblər. Öldürülən “qanuni oğru”nun yaxın ətrafından heç kim istintaqa ifadə vermirdi. Hərdən isə müstəntiqlər aşkar yalanla qarşılaşırdılar, belə ki, “Karetnıy dvor”un direktoru “Danabaş”ı inzibatçı vəzifəsinə təyin etdiyini deyirdi. Guya Əliyev restoranının daimi müştərisi olub və həmişə zalda nəsə qaydasında olmayanda bunu rəhbərliyə deyirmiş. Nəticədə onun yaxşı inzibatçı ola biləcəyini görüblər və həmin vəzifəni “Danabaş”a təklif ediblər.

"Hacı Beyləqanski"

Dindirilənlərin hamısı təsdiq edirdilər ki, “Danabaş” restorandan başqa heç yanda işləməyib və maaşı ayda 10 min rubl olub. Hətta onunla birlikdə güllələnən qadın da “Danabaş”ın nə işlə məşğul olduğunu bilmədiyini deyib. Guya “Danabaş” bütün danışıqları Azərbaycan dilində aparırdı, qadın isə bu dili başa düşmürdü. Həmin iki şahid isə killeri görsələr də onun kimliyi haqda heç bir məlumata malik deyildilər.

“Danabaş”ın öldürülməsindən 9 ay sonra həmin “Karetnıy Dvor” restoranının çıxışında “Ded Xasan”ın özünü güllələdilər. Bu hadisədən sonra hüquq-mühafizə orqanlarına “Danabaş”ın da qətlini açmağa imkan verən əməliyyat məlumatları daxil olmağa başladı. İstintaq müəyyən etmişdi ki, 2012-ci ilin dekabrında “Rövşən Lənkəranski” Dubayda keçirdiyi “sxodka”da o vaxt 30 yaşında olan “Hacı Beyləqanski”yə “qanuni oğru” titulu verib. Və toplantıda açıq deyib ki, Hacı onun yaxın adamıdır və “qanuni oğru” tituluna layiqdir, çünki “Danabaş”ı öldürüb.

Polkovnik Puşilin deyir ki, “Danabaş”ın öldürülməsindən sonra Moskva regionlarının bazarlarını məhz “Hacı Beyləqanski” nəzarətə götürmüşdü və bunu “Rövşən Lənkəranski”nin maraqları naminə etmişdi. Lakin Lənkəranski özü “Ded Xasan”ın adamlarının qisasından ehtiyat edərək 2012-ci ildən Rusiyaya gəlmirdi.

2013-cü ildə əməliyyatçılar nəhayət “Danabaş”ı güllələyən killerin “Hacı Beyləqanski” olduğunu müəyyən ediblər. Şahidlər də onu tanıyıblar. “Hacı Beyləqanski” isə o zamanlar Rusiyada deyildi, gah İstanbulda, gah Dubayda olurdu. Hərdən isə öz adamları ilə görüşmək və pulları götürmək üçün Kiyevə gedirdi. Lakin 2018-ci ilin aprelində “Hacı Beyləqanski” hiss edir ki, Moskvanın iri bazarlarına nəzarət başqa qruplaşmaya (“Lotu Quli”nin qruplaşmasına) keçir. Həmin vaxt onun “bossu” -Rövşən Canıyev sağ deyildi və iki il idi ki, öldürülmüşdü. “Beyləqanski” Moskva regionunda nüfuz sferası bölgüsü üzrə digər klanlara danışıqlar aparır, amma itirilmiş mövqeləri geri qaytarmaq, anlaşma əldə etmək üçün onun Moskvaya getməsi tələb olunurdu. Və o vaxt “qanuni oğru” qardaşının adına olan xarici pasportla Moskvanın  Vnukovo aeroportuna uçur.

“Hacı Beyləqanski” 2018-ci il mayın 31-də “Belıy Dom” restoranındakı “sxodka” zamanı tutulur və artıq ertəsi gün ona “Danabaş”ın qətli üzrə ittiham irəli sürülür. Və qanunsuz silah saxlama, saxta sənədlərdən istifadə etmə maddələri də əlavə olunur.

"Hacı Beyləqanski" rəfiqəsi ilə

Lakin istintaq prosesində sübutlar toplamaq heç də asan deyildi. “Hacı Beyləqanski” süni şəkildə özünə alibi quraşdırırdı və hər dəfə bunu təkzib etməyə xeyli vaxt gedirdi. Polkovnik Puşilin deyir ki, istintaq dövründə həmin iki şahidi də mühafizə altına almaq lazım gəlib. Üstəlik Hacının vəkilləri də müstəntiqlərə hər cür əngəl yaradırdılar, saxla vəkillər tapırdılar, sənədlərin surətini saxtalaşdırırdılar. “Hacı Beyləqanski”nin dünyanı gəzib dolaşmaq üçün istifadə etdiyi pasportun orijinalını isə istintaqa təqdim etməkdən imtina edirdilər. Nəhayət məhkəməni inandırmaq üçün yetərli sübutlar toplamaq mümkün olub və iş məhkəməyə göndərilib. Məhkəmə “Hacı Beyləqanski”ni 19 il həbs cəzasına məhkum edib, vəkillər hökmdən şikayət versələr də yuxarı instansiya hökmü qüvvədə saxlayıb. Və bir zamanların ən amansız killerlərindən olan “Hacı Beyləqanski” ömrünün 19 ilini sərt rejimli həbsxanada keçirməli olacaq. Onun həbsi həm də “Rövşən Lənkəranski”nin qüdrətli klanının ciddi şəkildə zəifləməsinə və dağılmasına səbəb oldu.

Virtualaz.org

 

Xəbərlər