2303
Dünən 24 İyun 2021, 13:29

Təhsil naziri : "İndiki nəslin uğur formulu: şans, pul və qohumluq əlaqələri..."

Jurnalist karyeram ərzində ilk dəfə idi ki, mən azərbaycanlı nazirə bir neçə saat ərzində məmnuniyyətlə qulaq asırdım, diqqətimi yayındırmadan və onun hər sözünü anlamağa, heç bir sözünü buraxmamağa çalışaraq. Və ikiqat xoşdur ki, 39 yaşlı intellektual Emin Əmrullayev-araşdırmaçı-nəzəriyyəçi və Avropa səviyyəsində təhsil sahəsində mütəxəssis Azərbaycanın təhsil naziri postunu tutur. İliyindən sümüyünə qədər liberal E.Əmrullayev açıq danışırdı, mənim qaldırdığım, bəzən tikanlı və xoş olmayan sualların heç birindən yan keçmirdi. Bakının ətraflarındakı, “8 kilometr” adlanan ərazidə yerləşən sıradan bir məktəbin məzunu, uşaqlıdan riyaziyyata və onun iqtisadi interpretasiyasına xüsusi marağı olan E.Əmrullayev ingilis dilini müstəqil öyrənib, çünki valideyinlərinin repetitorlara verməyə pulu olmayıb. Və sonradan ingilis dili onun ikinci dilinə çevrilib. Təəccüblü taleyə malik adam, E.Əmrullayev ailədə ali məktəbə daxil olan ilk uşaq idi. Sonra isə dünyanın ən prestijli elmi-tədqiqat mərkəzlərindən olan Kolumbiya universitetində təhsilini davam etdirib. Yəqin ki, bu istedadlı gənc hansısa transmilli şirkətlərdən birində özünə parlaq karyera qura və ya aparıcı Qərb universitetlərindən birində elmi-tədqiqat fəaliyyətinə başlaya bilərdi. Ancaq E.Əmrullayev öz həyatını Bakıda müəllimlik fəaliyyətinə həsr elədi, milli təhsil sisteminin böhrandan çıxarılması və dirçəldilməsi konsepsiyasını işləyib hazırlamağa başladı.

Yeni elmi tədqiqatlar üçün çamadanlarını yığıb ABŞ-a yola düşməyə hazırlaşan E.Əmrullayevin qabiliyyəti və imkanları o vaxtkı təhsil naziri Mikayıl Cabbarovun diqqətini cəlb etdi. Nazir gənc mütəxəssisə öz biliyini və istedadını təmizlənmiş (mərdanovşinadan) avqiyev tövləsində tətbiq etməyi təklif etdi. E.Əmrullayev öz karyerasına Təhsil Nazirliyində diqqəti o qədər də cəlb etməyən məsləhətçi vəzifəsi ilə başladı. Və bir neçə il ərzində nazirliyin “beyin mərkəzini”-inkişaf proqramları Mərkəzini formalaşdırdı və ona rəhbərlik etdi. Bu gün isə o, şübhəsiz ki, İlham Əliyevin texnokratik hökumətində ən parlaq fiqurlardan biridir. Təhsil Nazirliyinə bu cür şəxsiyyətin başçılıq etməsi Prezidentin islahatçı strategiyasının təzahürü deyilmi?

Lidiya Rəsulovadan sonra Azərbaycanda belə mütərəqqi və savadlı Təhsil naziri ilə ünsiyyətdə olmamışdım

Biz E.Əmrullayevlə onun 2016-cı ildə yaratdığı Azərbaycanın Təhsil Problemləri İnstitutunda görüşdük. İnstitut təhsil innovasiyaları işləyib hazırlayır, təhsil proqramlarının təkmilləşdirilməsinə nəzəri yanaşmaları formalaşdırır, fundamental və tətbiqi araşdırmalar aparır... Nazir Əmrullayev iti addımlarla mənə yaxınlaşır, səmimi şəkildə salamlaşır və dərhal həvəslə, məzmunlu şəkildə və səbirsizliklə konstruktor layihələri, onların tətbiqi  haqda danışır, nəyisə yaddan çıxarmaqdan və ya diqqətdən kənarda qoymaqdan çəkinir, dəvət edilmiş xarici mütəxəssislərlə tanış edir...

Lakin mən hər halda təhsil naziri ilə açıq söhbət üçün gəlmişəm. Və biz əvvəlcədən hazırlanmış otaqlardan birinə keçirik. “Qalstuku və pencəyi çıxara bilərəm?”,-E.Əmrullayev təbəssümlə soruşur. “Bu gün nəinki istidir, eləcə də sizin qalstuksuz ilk söhbətinizdir”,-mənim ilk sualımı səbirsizliklə gözləyən nazirin atmacasına zarafatla cavab verirəm.

təhsilimizdəki ən vacib və aktual mövzularda bir neçə saatlıq söhbət başladı

-Qınamayın, amma söhbətimizə təhsil sistemində son günlərin əsas informasiya bəhanəsi ilə başlamaq istəyirəm. Bu günlərdə Prezident Bakı Slavyan Universitetinin rektorunu işdən azad etdi. Uzun illər ərzində mən bir şeyi anlaya bilmirdim-rus dilini bilməyən adam necə olur ki, Slavyan Universitetinə başçılıq edir? Hərçənd başa düşürəm ki, onu başqa nazirin dövründə təyin etmişdilər...

-Bilməyən? Gəlin belə deyək-zəif bilən (gülür). Hərçənd digər tərəfdən Nurlana Əliyeva böyük pedaqoji fəaliyyət təcrübəsinə malik idi, uzun illər təhsil müəssisəsinə rəhbərlik edib. O, öz istəyi ilə işdən gedib. Artıq 75 yaşı var, üstəlik təhsildə böyük dəyişikliklər həyata keçirilir.

-Bəyəm rektorların təyinatı zamanı Təhsil Nazirliyinin mövqeyi nəzərə alınmır?

-Təbii ki, məsləhətləşmələr aparılır. Rektorların fəaliyyətinə Təhsil Nazirliyi nəzarət edir və qiymətləndirir. Məlum olduğu kimi, rektorlar 5 illiyə təyin olunur. Sınaq müddətidir-öz növbəsində onların fəaliyyətini qiymətləndirmək üçün alətdir. Üstəlik biz emosional qiymətləndirmə mühakimələrinə əsaslanan idarəetmənin tərəfdarı deyilik. Böyük ölçüdə rektorların fəaliyyətinin analizinin tərəfdarıyıq. Əlbəttə, əgər biz təhsilin keyfiyyətini yüksəltmək istəyiriksə o zaman ali məktəblərin rəhbərlərinin fəaliyyətinə olan tələbləri də sərtləşdirməliyik. Sizə açıq deyim ki, son illər bizim onlara qarşı tələblərimiz sərtləşib.

Son illər ərzində ali məktəblərə daxil olanların sayı ikiqat artıb. Yük artır və müvafiq olaraq rektorların fəaliyyətindən gözləntilər də artır. Mən ali məktəblərin və Təhsil Nazirliyinin rəhbər şəxslərinin fəaliyyətinin personallaşdırılmasına qarşıyam. Antipatiya da ola bilər, simpatiya da. Lakin məsələnin emosional tərəfini bir kənara qoyaq. Başlıcası onların fəaliyyətində şəffaflığın təmin edilməsi mexanizmidir, bu və ya digər ali məktəbin səviyyəsinin ədalətli qiymətləndirilməsidir. Sistemli islahatlar həyata keçirilir və ali məktəblərdə keyfiyyət dəyişikliklərini vurğulaya bilərik. Universitetlərin muxtariyyətinin təmin edilməsi işində də irəliləyişlər var. Prioritet vəzifə ali məktəblərin elmi-tədqiqat bazasının təkmilləşdirilməsidir. Ali məktəb yetkin tələbənin, gələcək işçi qüvvəsinin, mütəxəssisin formalaşması üçün meydançadır. Lakin təhsil prosesi təkcə bir istiqamətdə gedən yol deyil. Geriyə yol da var-tələbənin özünün təhsil məkanına verdiyi töhfə. Ali məktəb ali təhsil haqda diplom tirajlayan təsisat deyil, məhz təhsil ocağıdır və orada tələbə oxumalı, böyük həyata hazırlaşmalıdır. Tələbənin həyata vəsiqəsi təhsil haqda imzalanmış diplom deyil, onun ali məktəbdə qazandığı biliklər və vərdişlərdir.

-Amma Azərbaycan kimi balaca ölkəyə bu qədər ali məktəb nəyə lazımdır? Əsrin dörddə biri ərzində ancaq ali təhsil haqda sənəd verməklə məşğul olan o qədər parazit-ali məktəblər meydana çıxdı ki. Budur, bizdə Slavyan Universiteti var və orada slavyan dilləri tədris edilir. Hərçənd ölkədə bolqar və ya polşa dilləri üzrə mütəxəssislər yoxdur. Amma Xarici Dillər Universiteti də var və nəyə görəsə adı ancaq ingilis dili ilə assosiasiya olunur. Yeri gəlmişkən, bu ali məktəbin rektoru, hörmətli Kamal Abdulla, mənim bildiyim qədər, heç ingilis dilini də bilmir. Ali məktəblər sistemini  yenidən təşkilinin vaxtı çatmayıbmı? Üstəlik elmi-tədqiqat və laborator araşdırmalar baxımından onların hamısı acınacaqlı vəziyyətdədir...

-Gəlin obyektiv reallıqdan-sovet irsindən başlayaq. Keçmiş SSRİ respublikalarında, o cümlədən Azərbaycanda ali məktəblər dar ixtisaslaşma üzrə bölünmüşdü. Budur, bizdə ixtisaslaşmış Slavyan Universiteti var və orada slavyan dil qruplarına aid dillər tədris edilir.

- Amma orada bolqar və ya xorvat dilini öyrənmirlər. Slavyan dilləri yalnız rus dili deyil...

- Gəlin, nəzərdə tutulan məqsədi icra keyfiyyəti ilə qarışdırmayaq. Bizim ali məktəblərimiz çox ola bilər, lakin ümumdünya göstəricilərinə görə, ölkəmizdə əhalinin sayı ilə müqayisədə ali təhsilli insanların faizi kifayət qədər aşağıdır. Bu nə ilə bağlıdır? İlk növbədə, cəmiyyətin özünün ali təhsilə elitar təhsil dərəcəsi kimi yanaşması ilə. Çünki ali məktəblərə müsabiqələri keçənlər, bilik və bacarıqlara malik olan abituriyentlər, yəni seçilmişlər düşür. Amma dünyanın bir çox ölkələrində ali təhsilə çoxsəviyyəli təhsil prosesinin növbəti pilləsi kimi adi münasibət mövcuddur. 90-cı illərə nisbətən bizdə daha çox adam ali təhsil almağa başlayıb. Amma dünyanın inkişaf etmiş hissəsi ilə müqayisədə biz geridə qalırıq, bunu anlayırıq və maneələri aradan qaldırmağa çalışırıq. Mən sizinlə razıyam ki, ali məktəblərin sayı heç də bu ali məktəblərdə təhsilin keyfiyyətini göstərmir. Bizdə orta təhsil məktəbləri təxminən 85-90 min şagird qurtarır. Onlardan 45-50 mini ali məktəblərə daxil olur. Təxminən 50 faiz. Bu, yaxşı nəticədir. Və razıyam ki, hələ təhsilin keyfiyyətini göstərmir. Təhsilin keyfiyyətinə nəzarət mexanizmləri formalaşdırılmalıdır. Məsuliyyətin bir hissəsi də tələbələrin öz üzərinə düşür. Tələbə ali məktəbə daxil olduqdan sonra təhsilini heç də nəyin bahasına olursa-olsun başa vurmağa çalışmamalıdır. O bura diplom üçün deyil, bilik almaq üçün gəlir. Bu, çox ağrılı məsələdir. Əgər təhsilin keyfiyyətinə nəzarət üçün cavabdeh olan xidmətlərimiz tələbləri gücləndirərsə, inanın ki, tələbələrin təxminən 30 faizi təhsili başa çatdıra və ali məktəbi bitirə bilməz. İnkişaf etmiş ölkələrdə ali məktəblərdə tələbələrin heç də hamısı dörd ildən sonra təhsilini başa vurmur. Ali məktəblərdə təhsil prosesi bəzən uzanır və dörd ildən çox olur. Tələbələrin bir qismi isə ümumiyyətlə təhsildən aralanır.

Azərbaycanda isə ali məktəblərə qəbul olunanların 95 faizi dörd ildən sonra təhsili başa vurur. Və təhsilini başa vurmayan cüzi hissə ailə, sağlamlıq vəziyyəti, dərslərdə iştirak etmək istəməməsi səbəbindən universitetlərdən ayrılır. Təəssüf ki, cəmiyyətimiz həmişə dövlət tərəfindən imtiyazlara və güzəştlərə ümid edir. Hər dəfə biz cəmiyyətə doğru getdikdə və bir addım geri çəkildikdə təhsilin səviyyəsini aşağı salırıq. Ancaq biz təhsil standartlarını aşağı salaraq cəmiyyətimizin gələcəyi üçün böyük problemlər yaradırıq. Təhsil sahəsi üzrə bir mütəxəssis olaraq, səmimi etiraf edirəm ki, cəmiyyətimizdə xüsusi imtiyazlar üzərində davamlı parazitizm qəbul edilmiş dünya təhsil normaları və standartları ilə ziddiyyət təşkil edir. Əksinə, cəmiyyət bizdən standartların artırılmasını tələb etməlidir... Başa düşməlidir ki, ali məktəblərdə qəbul imtahanlarında tələblərin yumşaldılması bu gün abituriyentlərin bir qisminin maneələri aradan qaldırmasına kömək edəcək, lakin sabah cəmiyyətimizin elmi və təhsil potensialını zəiflədəcəkdir. İnkluziv təhsilin maraqlarına əsaslanaraq, ümumi təhsilə çıxış imkanlarını genişləndirmək məqsədilə, biz, imtiyazlı statusa malik olan əhalinin yalnız müəyyən kateqoriyalarına, deyək ki, az mobil qruplara və ya Vətən müharibəsində həlak olanların ailələrinə  doğru getməliyik. Lakin biz bütün seqmentlərə doğru gedə bilmərik. Beləliklə, biz gec partlayan bombalar basdırır və 20 ildən sonra günahkarları axtarmağa başlayırıq. Məsuliyyəti bütün cəmiyyət daşıyır. Bu, makro səviyyədə təhsil siyasətinə aid olanlardır.

Bir dəfə biz indiki gənclərin uğur formulunu müəyyən etmək qərarına gəldik və sorğu keçirdik. Xahiş etdik ki, Azərbaycanda uğur formulunu müəyyən edən üç amili göstərsinlər. Sizcə, uğurun düsturunu təyin edən bu üç amil nələrdir? Şans, pul və ailə bağlantıları. Sorğuda iştirak edənlərin heç biri təhsili uğurlu həyat qurmaq üçün zəruri bir şərt olaraq göstərməmişdi.

Ümumiyyətlə, diplom ali məktəbi bitirən məzunun bilik və təhsilinin tanınmasının sübutudur. Bizdə isə diplom-işə düzəlmək, yeni imtiyazlar üçün alətdir.

- Nəyə təəccüblənirsiniz? Bu ki homo soveticus yanaşmasıdır. Yəni sovet adət-ənənələri hələ də qalır…

- Tamamilə doğrudur. Amma bu, reallıqdır.

- Təhsil Nazirliyi ali təhsilin və ali məktəblərin özlərinin islahat konsepsiyasını hazırlayırmı?

- İslahatları sosial sifariş yaradır.

- Amma sosial sifariş Elşad Abdullayevin komik "San-Marino" Universitetinin bərpasını tələb edə bilər... və Siz bu aferistin kontorunu bərpa etməli olacaqsınız? Oraya ümumiyyətlə imtahansız daxil olurdular…

- Yox, mən bunu nəzərdə tutmuram. Mən ölkənin siyasi rəhbərliyinin müəyyən etdiyi hədəfləri nəzərdə tuturam... Azərbaycanda yeni nəsil universitetlər yaradılır. Məsələn, Azərbaycan Diplomatiya Akademiyası və ya Bakı Ali Neft Məktəbi.

- Diplomatiya Akademiyası ilə razıyam, amma Ali Neft Məktəbi ilə razılaşmıram.

- Belə də, müəyyən dərəcədə. "Sabah" təhsil qrupu yaxşı nümunə göstərir. Eləcə də bizim ixtisaslaşdırılmış hərbi ali təhsil müəssisələri. Bu təhsil müəssisələri imtiyaz tanımırlar. Ona görə də bu ali məktəblərə daxil olmaq çətindir, onlarda təhsil almaq asan deyil və təhsili başa çatdırmaq da çətindir. Bazar münasibətlərinin ali məktəblər sisteminə ekstrapolyasiya edilməsi amilini də vurğulamaq istərdim. Rəqabət artdıqca təhsilin keyfiyyəti də yaxşılaşacaq. Bizim əsas səhvimiz abituriyentlərin qəbulunun məqsədyönlü şəkildə məhdudlaşdırılması idi. Gələcək tələbələr üçün yer çatışmazlığı olmamalıdır.

- Bəs transformasiya konsepsiyası nədən ibarətdir?

- Bizim konsepsiyamız təhsilin keyfiyyətinin transformasiyasıdır. SSRİ-də necə idi? Ali məktəblər orta təhsil alan tələbələrin yalnız 30 faizini qəbul edə bilərdi. Qalan priori ali təhsil ala bilməzdi. Yəni bu təhsili almaq hüququndan məhrum idi. İndi nə baş verir? Abituriyentlər üçün yerlər artır. Yerlər arzu edənlərdən daha çoxdur. Son illərdə belədir. İnstitutlar özləri tələbə cəlb etməkdə maraqlıdırlar, çünki maliyyələşdirmə abituriyentlərlə gəlir. Ya dövlət ödəyir, ya da tələbələr özləri. İndi cəmiyyətimizdə belə bir fikir üstünlük təşkil edir ki, bütün tələbələrin əvəzinə dövlət pul verməlidir. Beləliklə, biz geri getməyə başlayır, 2001-ci ilə qayıdırıq. Niyə 20 il? Çünki dövlət qurumlarının yaratdığı rəqabəti aradan qaldırır və yenidən planlaşdırma həyata keçiririk.

Beləliklə, bizim konseptual yanaşmamız. Universitet tələbələri üçün yerləri artırmaq lazımdır. Daha çox adam ali təhsil almalıdır. Amma keyfiyyəti kəmiyyətə qurban verməməliyik. Təhsilin keyfiyyətinə təsir edən amil isə dövlət maliyyələşməsinin çatışmazlığıdır. Ona görə də cənab Prezident ali təhsilə dəstək üçün Kredit Fondu təsis edib. Əgər tələbə kredit üçün müraciət edirsə, gələcəkdə krediti qaytarmağa başlamaq üçün iş tapmalıdır. Bu da tələbənin məsuliyyətini artırır. İxtisassız işçini heç kim işə götürməyəcək. Bu yanaşma müasir bazar iqtisadiyyatının tələblərinə bağlıdır.

Əsas məsələni anlamaq lazımdır ki, əhalinin böyük hissəsini gənc nəsil təşkil edir. Yüksək demoqrafik artımı nəzərə alsaq, iş yerləri ilə də problemlər yarana bilər. Biz qeyri-müəyyən dövrün müasirləriyik, 5 ildən sonra bizi nə gözlədiyini, bəşəriyyətin hansı böhranlarla üzləşəcəyini heç kim bilmir.

- Beləliklə, təhsildə məhdud ixtisaslaşma məsələsinə də yenidən baxmaq lazımdır.

- Bu, məsələnin düzgün qoyuluşudur. Hesab edirəm ki, bu aspekt öz aktuallığını itirib. Biz ixtisaslaşmadan yox, bacarıqlardan danışmalıyıq. Ali təhsilli hər bir insan gərək xarici dilləri bilsin. Onun analitik düşüncəsi olmalıdır. Fərqi yoxdur-həkim, mühəndis, hüquqşünas və ya jurnalistdir. Üstəlik öz fikrini yazılı şəkildə ifadə etmək qabiliyyəti və bacarığı.

- Yeri gəlmişkən, jurnalistika haqqında. Vladimir Pozner Rusiyada jurnalistika fakültələrinin ləğv edilməsini təklif edib. Doğru deyirsiniz, insana universitetdə yazmağı öyrətmək olmaz.

- Əlbəttə, yəni düşünən, yazan və təhlil edən adam jurnalist kimi işləyə bilər. O, məsləhətçi də işləyə bilər. Və tacir. Amma mühəndis ola bilməz. Çünki bunun üçün başqa bacarıqlar lazımdır. İxtisaslaşma öz yerini multidisiplinarlığa verir. İndi heç bir ölkə health-tech-i inkar etməklə, tək bir tibb vasitəsi ilə yeniliklər edə bilməz. Quyu  qazılması üzrə mühəndis isə süni intellekt və geodeziyadan istifadə edəcək. Heç kim fundamental elmləri ləğv etməyib.

- Fundamental elmlər isə bizim təhsilimizin Axilles dabanıdır. Mənim müşahidələrim göstərir ki, Azərbaycanda xüsusilə təbii fənlərin sonu çatır.

(Davamı olacaq)

Xəbərlər