1625
Dünən 14 İyun 2021, 12:26

Mirşahin Ağayev hüquq-mühafizə orqanlarını fəaliyyətsizlikdə ittiham etdi

Real TV analitik-informasiya telekanalının rəhbəri, telejurnalist Mirşahin Ağayev hüquq-mühafizə orqanlarını ölkədə sistem sabitliyini sarsıdan çoxalmış internet-kanallara qarşı təxirəsalınmaz tədbirlər görməyə çağırıb. Jurnalistin sözlərinə görə, son zamanlar hüquq-mühafizə orqanlarının fəaliyyəti Mədəniyyət Nazirliyinin iş üsullarına daha çox bənzəyir...

Virtualaz.org bildirir ki, Real TV-də yayımlanan müəllif proqramında M.Ağayev KİV-in fəaliyyətinin əsas problemlərindən birinə-sosial medianın fəaliyyətini də tənzimləyən yeni və bu günün tələblərinə cavab verən kütləvi informasiya vasitələri haqqında qanunun olmamasına toxunub. Hüquqi vakuum çox sayda ekstremist internet resurslarının ortaya çıxmasına səbəb olub.

“Əsaslandırılmamış, faktlarla təsdiqini tapmamış materiallar sosial şəbəkələrdə ayağa dolaşır. Əlinə efir imkanı düşən istənilən mətbuat tapdığı və ya tapdıqçası dövlətə meydan oxuyur. Dövlət təsisatlarını nüfuzdan salmağa hesablanan addımlar atır. Hüquq-mühafizə orqanları, öyrətmək kimi çıxmasın, daha sayıq olmalıdır. Xarici ölkələrdəki fərarilərlə məsələ aydındır. Tutaq ki, onları qanun qarşısında cavab verməyə vadar etmək mümkün deyil, hələ ki mümkün deyil, amma daxildəkilər də çərənlədikləri ilə köpəklərlə morze əlifbası tərtib etmir axı. Onların dedikləri də, ittihamları da, təhqirləri də aydındır! Onların məsuliyyətə cəlb olunmasına nə mane olur?" - deyə telejurnalist soruşub.

Mirşahin Ağayev deyib ki, Qurban Məmmədov kimi avantürist-təhrikçi, efir diversantı təəssüf ki, artıq Laf Tv-nin efirində peyda olur, bu kanalda növbədənkənar prezident seçkisi elan edir, öz platformasını yayır, seçki kompaniyasina start verir. "Qurban Məmmədovu ölkənin efir məkanına kim çəkib gətirib?"- telejurnalist haqlı sual verib.

"Qurban Məmmədova sualları müstəntiq verməlidir. Amma mənim Reakciya TV, Jurnal TV, Bumeranq TV və s. kimi resurslara dair suallarım var. Hara baxır hüquq-mühafizə orqanları! Axı burda dövlətin əsasları hədəfə alınır. Necə ola bilir ki, hətta axtarışda olan kəslər rahat şəkildə efirə çıxır, heç nəyə görə məsuliyyət daşınmadan təhqir maşını kimi işləyir?! Burda Azərbaycan hüquq-mühafizə orqanlarının ayrı-ayrı əməkdaşlarını elə dəhşətli işgəncələrdə ittiham edirlər ki...”- deyə M.Ağayev vurğulayıb.

Telejurnalist onu da qeyd edib ki, hansısa bir vicdanlı tamaşaçı onları düşünməyə çağırdıqda və Qarabağda tarixi qələbəni xatırlatdıqda, buna cavab olaraq təhqirlərin coşması müşahidə olunur. Bu cür mənəvi terror şəraitində vicdanlı insanlar obyektiv fikir söyləməkdən çəkinirlər.

Daha sonra telejurnalist müxalifətçilərin təhqiramiz hücumlarını və Facebook istifadəçilərinə qarşı yönəldilmiş mənəvi terroru konkret misallarla təqdim edib. "Bu, erməni revanşistləri ilə işbirliyi quran xain qüvvədir", - deyə jurnalist fikirlərini yekunlaşdırıb.

Mirşahin Ağayev əlavə edib ki, yeni yaradılmış Medianın İnkişafı Agentliyi öz səlahiyyətlərini diqqətlə öyrənməli, məsuliyyəti dərk etməli və informasiya sahəsini kvazimedia strukturlarından təmizləməlidir.

“Bununla yanaşı, hökumət Youtube, Wikipedia və Facebook başda olmaqla sosial şəbəkələri əhatə edən eyş-işrətə və özbaşınalığa diqqət yetirməli, nəzəri əsaslar hazırlamalı və bütün gücünü Azərbaycana qarşı yönəltmiş təhrikedici qüvvələrin informasiya-təxribat fəaliyyətinin məkanını məhdudlaşdırmaq üçün aktiv hərəkətlərə keçməlidir", - deyə M.Ağayev diqqəti sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi sahəsində Çin, Türkiyə və Rusiya təcrübələrinə yönəldib.

Virtrualaz.org

Xəbərlər