837
Dünən 10 iyun — 16:16

Abel Məhərrəmov usta və fəhlələrə 811 min manat borclu qalıb

Yasamal rayon Məhkəməsi Bakı Dövlət Universitetinin sabiq rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Abel Məhərrəmova qarşı iddianı təmin edib.

Virtualaz.org-un xəbərinə görə, iddiaya əsasən sabiq rektor 811 min manat vəsait ödəməli olacaq. Bir neçə nəfərin iddiası üzrə keçirilən məhkəmədə Abel Məhərrəmovun işlətdiyi usta və fəhlələrin pullarını vermədiyi müəyyən edilib. İddiaçıların sözlərinə görə, görülən işlərə Bakı Dövlət Universitetinin sabiq prorektoru Nəbi Ramazanlı rəhbərlik edib.

İddiaya görə, Bakı şəhəri, Süleyman Dadaşov küçəsində 4 mərtəbəli villa inşa etdirən Abel Məhərrəmov müqaviləyə əsasən pilləkənlərin, mansardın quraşdırılması, şəbəkələrin hazırlanması və quraşıdırılması, istilik sistemi və digər işlər üçün 90 min 300 manat ödəməlidir. Rektor özünə məxsus olan “Mona Liza” şadlıq sarayında bar, mebel və s. işlər gördürüb. Buna görə də əmək haqqı kimi hesablanan 70 min manatdan cəmi 25 min manat ödəyib.

Abel Məhərrəmov həmçinin Mərdəkan qəsəbəsindəki bağ evində sahəsi 44 kvadrat metr olan kitab mebeli, mətbəx mebeli üçün də ödəniş etməyib.

Sabiq rektor Bakı şəhəri, Şərifzadə küçəsindəki “Qlobus” uşaq bağçasında materialı ustalardan olmaqla ümumi dəyəri 80 min manat olan işlər gördürüb. Burada qapıların, mebelin yığılması, çarpayıların hazırlanmasına görə yalnız 15 min manat ödənilib. Qalan 65 min manat ödənilməyib. Akademik ustalara Nabranda da iş gördürüb, pulunu verməyib.

Xaçmaz rayonunun Nabran qəsəbəsinin Seyidli ərazisində “El Faro” Ailəvi İstirahət və Əyləncə Mərkəzində ümumi dəyəri 15 min manat olan qapıların quraşdırılması, 4000 kvadrat metr sahədə ümumi dəyəri 160 min manat olan üzləmə işlərinin icrası, mebellərin yığılması üzrə ümumi dəyəri 20 min manat, barların yığılması üzrə ümumi dəyəri 15 min manat olan işlərin icrasına görə ödəməli olduğu 210 min manat əvəzinə cəmi 24 min manat verib. Rektor bu günə kimi 186 min manat borcunu ödəməyib.

Akademikə qarşı ümumilikdə bir neçə epizod üzrə 811 min manat pul iddiası irəli sürülüb. Məhkəmə iddianı təmin edib.

Virtualaz.org

Xəbərlər