856
Dünən 5 iyun — 13:53

Azərbaycanlını öldür, sərbəst gəz-dolaş...

Aydın Kərimov

Rusiyanın Novosibirsk şəhəri ətrafındakı Maşkovo qəsəbəsində 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi güllələyib öldürən yol patrul polisi müfəttişi Aleksandr Qusev İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin tapşırığı ilə azadlığa buraxılıb. Polis leytenantının barəsində çıxarılmış həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam tədbiri ilə əvəzlənib.

Bu əhvalatda başlıca sual budur: müfəttiş Qusev tapançanın qoruyucusunu açmışdımı? Sualın cavabı hər şeyi həll edir: əgər açmışdısa o zaman gəncin ölümünə səbəb olan cinayətkarcasına səhlənkarlıq ortadadır. Əgər açmayıbsa, qaytarıcı mexanizm çəkilmişdisə o zaman Qusev polis haqqında Rusiya qanununun 19-cu maddəsini açıq şəkildə pozub, yəni Abdullayevi silah tətbiq edəcəyi barədə xəbərdar etməyib.

Bir sözlə, bu məqamlardan asılı olaraq müfəttiş üçün cəza müddəti fərqli olacaq. Lakin Rusiya millətçilərini belə incəliklər maraqlandırmır. İnternetin rusdilli seqmentində Aleksandr Qusevin ümumiyyətlə cəzadan azad edilməli olduğu haqda dalğa tam gücü ilə qaldırılıb. Belə çıxır ki, bütün baş verənlərə görə öldürülən şəxsin milliyəti günahkardır, azərbaycanlıdır, ona görə də öldürülüb. Nəyə görə? Ona görə ki, o milli azlıqların nümayəndəsidir.

Bax bu baş vermiş əhvalatın ən həyacanlı tərəfidir. Abdullayevin öldürülməsinin qınanması başqa müstəviyə keçib-Rusiya hakimiyyətinin azərbaycanlı diasporu ilə münasibətlər sisteminə. Rusiya millətçiləri indi Novosibirsk qubernatorunun vilayət azərbaycanlılarının milli-mədəni muxtariyyətinin rəhbəri Rasim Sahib oğlu Babayevlə münasibətlərinə hücum etməyə başlayıblar, hesab edirlər ki,  azərbaycanlı diasporundan o kim olur ki, Novosibirskdə bu qədər daşınmaz əmlaka malikdir?

Məsələ açıq-aşkar hüquqi dövlətdə sivil münasibətlərin bütün normalarını aşıb keçən insidentə çevrilir: bir tərəfdən emosiyalarını cilovlaya bilməyən 19 yaşlı Gürcüstan vətəndaşı, digər tərəfdə yetişkin, paqonlu kişi, əlində silahı, barmağı tətikdə və zəif peşə hazırlığı üzündən emosional gənci cilovlaya bilməyən polis əməkdaşı. Yekunda-rusdilli internetin millətçi seqmenti isterikaya düşür.

Rusiyada biznes ancaq rus kökənli olmalıdır? 

İnsidentə dair videoda Qusevin həmkarının qışqırtısı eşidilir: “Sən onu vurdun! Sən onu vurdun, ay axmaq! Sən onu söndürdün!”. Burada “axmaq” ifadəsi müfəttişin və onun yoldaşlarının peşəkarlığına verilən bariz qiymətdir. Lakin ictimai rəy artıq gərilib. Və “qəzəb dalğa kimi kükrəyir”. Amma bir dəfə də olsun xeyirxah məqsədlə deyil. Əksinə, istənilən normal adamda ikrah yaradan, mahiyyətcə alçaq, pis qoxulu reaksiyadır.

Deyəsən XXI əsrdə yaşayırıq, amma belə də olur-brend geyimin, parfüm, dezodorant iyinin, gündəlik duş qəbulunun, spa-prosedurların və solyarilərin altından dərhal milliyətçiliyin orta əsrlər müqəvvası ən pis formada ortaya çıxır.

Simonyandan soruşmaq istəyirsən: müfəttişin familiyası Qusev yox, Qusman olsaydı nə olardı? Nə dəyişərdi?

“Qəhrəman” Butinə və onun “maması” Simonyan əlaltdan, amma israrla mövzunu qızışdırır, ağlının kəmliyindən nə etdiklərini dərk etmədən. Bu və ya digər biznesin sahibinin kim olmasının nə fərqi var? İnvestisiyalar beynəlmiləldir və təkcə millətçilərə bu məlum deyil. Nə fərqi var ki, Novosibirskdə bu və ya digər biznesin sahibi milliyətcə kimdir, bir halda ki, o vergilərini intizamla ödəyir?

Nə fərqi var ki, həmin faciəli hadisənin qurbanı etnik baxımdan kimdir? Əgər müfəttişin familiyası Qusev deyil, Qusman olsaydı? Bu, nəyisə dəyişərdi? Rusiya həmişə fərqliliyin, çoxmillətçiliyin nümunəsi olub. Sibirdə əhalinin əcdadlarının qanı bərabər ölçüdə qarışıb-don kazaklarının, yenisey tatarlarının, polyak qəbilələrinin, almanların...

Millətçiliklə oyun oynamaq ilk növbədə ona görə təhlükəlidir ki, bu və ya digər cəmiyyətin heç bir “təmizqanlı” nümayəndəsi özünü burada və indi təhlükəsiz hiss etməyəcək. Rusiya hakimiyyəti “qanın təmizliyi” ilə əsaslandırılan qanunsuzluğa haqq qazandıran kimi dərhal zərərçəkənin etirafının onun kəllə sümüyünün və ya dərisinin rənginin proporsiyasının düzgün olub-olmadığından asılı olduğu dövr başlayacaq.

Orada isə, baxırsan ki, bizneslə məşğul olmaq icazəsi də kiminsə  xromosomlarının seçiminin düzgün olub-olmadığı ilə müəyyən ediləcək. Amma jurnalistlər barədə deməyə heç nə qalmır-efirə ancaq “əsl milli kimliyə sadiq olanlar” buraxılacaq. Pis pespektiv deyil, elədirmi?

Və yekunda. Qeyri-peşəkarlıq nəticəsində faciəli şəkildə həlak olan Vəkil Abdullayev, millətçilər bunu deməsə də, Gürcüstan vətəndaşıdır. Bəs belə olan halda Tbilisi niyə susur? Yeri gəlmişkən, Efiopiya kökənli böyük rus klassikinin yazdığı kimi, “qorxaq gürcülər yenə qaçdılar”?  Novosibirsk faciəsinin iyrənc dadı çəkilmir...

 

Xəbərlər