2054
Dünən 3 iyun — 12:57

DTX və Baş Prokurorluq təkzib edir

İyunun 2-də Ermənistan mətbuatında həmin ölkənin morqlarında saxlanılan meyitlərdən bəzilərinin Azərbaycanın hərbi qulluqçularına aid olması ehtimalı barədə həqiqətəuyğun olmayan fikirlər səsləndirilib.

Virtualaz.org bildirir ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Baş Prokurorluğun  birgə məlumatında belə deyilir.

Qeyd olunur ki, Ermənistan səhiyyə nazirliyinin tabeliyində olan morqlarda saxlanılan və kimlikləri məlum olmayan meyitlərin içərisində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə aid hərbi qulluqçu yoxdur. Belə ki, Ermənistan hüquq mühafizə orqanları tərəfindən təyin edilmiş məhkəmə-genetik ekspertizasının (DNT testi) rəyi ilə həmin meyitlərin erməni hərbçilərə məxsus olması müəyyən edilib: "Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində Azərbaycan Respublikası Baş Prokurorluğunun, Respublika Hərbi Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin peşəkar əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən intensiv iş aparılır".

Xatırladaq ki, Ermənistanın səhiyyə naziri səlahiyyətlərini icra edən Anait Avanesyan dünən İctimai televiziyaya müsahibəsində Ermənistan morqlarında yalnız erməni hərbçilərinin yox, həm də Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinin qalıqlarının ola biləcəyini iddia etmişdi.

Virtualaz.org

Xəbərlər