315
Dünən 27 aprel — 19:00

İlham Əliyev: Ermənistan bizə qarşı mədəni soyqırımı da törədib

Zəngilan məscidi bərpa ediləcək. Bu məscid mənfur düşmən tərəfindən dağıdılıb. Müharibədən sonra Zəngilana səfər edərkən buraya da gəldim, mənzərə ilə tanış oldum və bildirdim ki, hər kəs bunu görməlidir. Bütün beynəlxalq təşkilatlar bunu görməlidir, erməni vəhşiliyini görməlidir. Bir daha demək istəyirəm ki, bu gün ermənilərə havadarlıq edənlər gəlsinlər, görsünlər, bizim məscidlərimizi nə günə qoyublar. Azad edilmiş bütün torpaqlarda bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edilib, sökülüb.

AzərTAc xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən bərpa olunacaq Zəngilan məscidinin divarına daş hördükdən sonra söyləyib.

Zəngilan, Ağdam rayonlarında və digər ərazilərdə məscidlərdən tövlə kimi istifadə olunduğunu, orada donuz saxlanıldığını bildirən dövlətimizin başçısı deyib: “Bu, müsəlman aləminə qarşı cinayətdir, İslam dininə qarşı cinayətdir. Bütün müsəlman dövlətləri bunu görməlidir və biz bu həqiqətləri bütün müsəlman ölkələrinin rəhbərlərinin diqqətinə çatdırırıq. Azad edilmiş torpaqlara bu gün gələn xarici qonaqlar erməni vəhşiliyini öz gözləri ilə görürlər. Bu yaxınlarda Azərbaycanda səfərdə olmuş İslam Əməkdaşlıq Təşkilatının Baş katibi öz etiraz səsini ucaltmışdır. ICESCO-nun Baş katibi azad edilmiş torpaqlarda olub, dağıdılmış Ağdam məscidini görüb və erməni vəhşiliyi haqqında artıq bütün müsəlman ölkələrini məlumatlandırır”.

Prezident qeyd edib ki, biz də bu işdə fəal olmalıyıq. “Bütün dövlət qurumlarına göstəriş verildi, ictimai təşkilatlardan xahiş edildi ki, bütün beynəlxalq qurumlarda erməni vəhşiliyi haqqında məlumatlar verilsin - faktlarla, sübutlarla, şəkillərlə. Ermənilər tərəfindən dağıdılmış və təhqir edilmiş bütün dini məbədlərimizin əvvəlki görüntüləri və işğaldan sonrakı görüntüləri tərtib edilir və dünya birliyinin diqqətinə çatdırılır. Bu gün ermənilərin mədəni irsi ilə əlaqədar öz narahatlığını ifadə edən bəzi xarici nümayəndələr, bax, bunu görsünlər, Zəngilan məscidinin qalıqlarını görsünlər, Şuşa məscidlərinin qalıqlarını görsünlər və görsünlər ki, Ermənistan dövləti bizə qarşı mədəni soyqırımı da törədib”, - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.

Bütün tarixi, dini abidələrimizin bərpa edəcəyini vurğulayan dövlətimizin başçısı deyib ki, Şuşa şəhərində artıq məscidlərin bərpasına start verilib. Ağdam Cümə məscidinin bərpası ilə əlaqədar hazırlıq işləri gedir. Bu gün Zəngilan şəhərində yerləşən məscidin yenidən bərpası, konservasiyası işlərinə start verilir.

Xəbərlər