285
Dünən 21 fevral — 09:26

Əbu-Dabidə iri beynəlxalq müdafiə sərgisi işə başladı, Azərbaycan ilk dəfə iştirak edir

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə iri beynəlxalq müdafiə sərgisi işə başlayıb. Virtualaz.org ərəb KİV-lərinə istinadən xəbər verir ki, ən müasir hərbi texnologiyaların və silahların nümayiş etdirildiyi sərgidə ilk dəfə Azərbaycan, İsrail, Makedoniya, Lüksemburq və Portuqaliya da iştira edir.

Bu, koronavirus pandemiyasının dünyanı bürüdüyü vaxtdan bu yana keçirilən ilk iri beynəlxalq tədbirdir. Sərgidə dünyanın 59 ölkəsindən 900-dan çox şirkət iştirak edir, onlar müasir zirehli texnikalar, hücum silahları, sualtı qayıqlar, müasir texnologiyalar və avadanlıqlar nümayiş etdirirlər. Sərgi 5 gün davam edəcək, gözlənilir ki, sərgi çərçivəsində çoxsaylı müdafiə sövdələşmələri də imzalanacaq.

Sərgidə ilk dəfə nümayiş etdirilən silahlar arasında Rusiyanın AK-19 “Kalaşnikov” avtomatı, “Armata” tankları, “Airbus” şirkətinin qabaqcıl texnologiyaları, o cümlədən “Airbus Helicopters”, “Nimr” şirkətinin istehsalı olan Ajban 4x4 və “Hafeet” 6x6 zirehli maşınları yer alır.

Qeyd edək ki, 44 günlük ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz ordusunu daha da müasirləşdirmək və ən yeni silahlarla təchizatını davam etdirmək üçün artıq işə başlayıb. Bu baxımdan ölkəmizin Əbu-Dabi beynəlxalq müdafiə sərgisində təmsil olunması həmin siyasətdən irəli gəlir.

Virtualaz.org

 

Xəbərlər