472
Dünən 7 yanvar — 15:10

Xocalı ağısı ilə dünyaya gözlərini açdı, 27 il sonra qisas almağa getdi

İkinci Qarabağ döyüşlərində sücaət göstərən igidlərimizdən biri - Əbil Cəbizadə 1993-cü il fevralın 26-da, Xocalının işgalından bir il sonra Sumqayıtın Corat qəsəbəsində dünyaya gəlib. Bəlkə də doğulduğu o gün Əbilin gələcək taleyini də müəyyən edib-Qarabağ uğrunda döyüşmək, Xocalının qisasını almaq və şəhid olmaq...

Əslən Göyçay rayonundan olan Cəbiyevlər ailəsi Sumqayıtın Corat qəsəbəsində yaşayırlar. Əbil bu qəsəbədə dünyaya göz açıb, 7 saylı orta məktəbə gedib. Məktəbi bitirdikdən sonra İqtisad Universitetinə daxil olub. 2015-ci ilin oktyabrında həqiqi hərbi xidmətə yollanıb. Əbilin səhhətində (eşitmə ilə bağlı sağ qulağında problemi varmış-red.) problemi olub. Buna baxmayaraq hərbi xidmətdən yayınmayıb. Hətta  2016-cı ilin aprel döyüşlərdə iştirak edib, hərbi xidməti zamanı fəxri fərman və təşəkkürnamələr alıb.

Şəhidin anası Dürdanə Cəbiyeva virtualaz.org-a açıqlamasında deyib ki, oğlu ölkəmizin ən ağır günündə - Xocalı soyqırımının birinci ildönümündə doğulub. Bəlkə də elə doğum günü də taleyinə təsir edib, həyatı ağrılı, əzab-əziyyət içərisində olub. Xocalı faciəsini görməyən körpə böyüyüb, Qarabağın, xocalıların qisasın alıb.

“Əbil doğulanda mənimlə eyni palatada Xocalıdan bir gəlin vardı. Onun qızı olmuşdu. Həyat yoldaşı hərbçi idi. O gəlin bizə başlarına gətirilən faciələrdən  danışırdı, biz də hamımız ona qulaq asıb ağlayırdıq. Bilməzdim ki, gün gələcək, qucağımdakı körpə faciələrinə ağlayıb göz yaşı tökdüyüm insanların qisasını alacaq, heç vaxt görmədiyim o torpaqlarda şəhid olacaq”,-dərdli ana danışır.

Ailənin iki övladı vardı, Əbil və qardaşı. Əbil həqiqi hərbi xidmətə yollananda qismətinə müharibə düşüb, 2016-cı ilin aprel döyüşləri başlayıb.

“Nə qədər dedik ki, oğlum səhhətində problem var, dedi ki,  yox, mütləq əsgər gedəcəm, mənə toxunmayın. Hərbi komissarlıqda da problemini bildilər, eşitmə dərəcəsini  yoxladılar, problem olduğunu təsdiqlədilər. Amma oğlum dediyini elədi, hərbi xidmətə getdi. Aprel döyüşləri zamanı çox narahatlıq keçirdik. Düzdür, o zaman müharibə cəmi dörd gün çəkdi. Amma bir ana kimi həmin dörd gündə nələr çəkdim, Allah bilir”- şəhid anası deyir.

Nəhayət, bir illik hərbi xidmətini sağ-salamat başa vuran Əbil ailəsinin yanına qayıdır. Amma kim biləydi ki, cəmi dörd il sonra qismətində yenidən silaha sarılıb torpaqlarımızı düşmənlərdən təmizləmək, Qarabağda erməni  işğalçılarına qarşı vuruşmaq varmış.

Ötən il sentyabrın 21-də Əbil Cəbizadə Sumqayıt şəhər hərbi komissarlığının çağırışı ilə yenidən orduya çağırılıb, Qusar rayonunda hərbi təlimlərə qatılıb: “Dedim bala, səhhətində problemlər var, apar sənədlərini hərbi komissarlığa təqdim elə. Mənə qulaq da asmadı, mindi avtobusa çıxıb getdi. Elə bilirdim ki, beş-altı günlük təlimə gedib, qayıdıb gələcək. Uşağı heç öpmədim də. Hardan biləydim ki, müharibə olacaq”- şəhid anası göz yaşlarını saxlaya bilmir...

Cəbhədə, döyüş meydanında olan Əbil imkan düşdükcə ailə üzvləri ilə əlaqə saxlayır, onlara nigaran qalmamalarını, hər şeyin yaxşı olacağının deyirmiş: “Heç vaxt hansı ərazidə  olduğunu bizə demirdi. Amma bir dəfə zəng vuranda dedi ki, Xudafərin körpüsünü, bir də İranın ərazisini görürük. Telefonda Xudafərinin adını çəkmədi, eləcə körpü dedi, biz başa düşdük”.

Sonuncu dəfə Əbil ailə üzvləri ilə oktyabrın 12-də əlaqə saxlayıb. İki gün sonra isə Cəbiyevlər ailəsinə övladlarının şəhid xəbəri gəlib. “Oğlumun nəşini gətirmək üçün Füzuliyə getdik. Balamı ağ kəfənə bükmüşdülər. Üç dəfə üzündən öpdüm. Dedim, anan qurban, dur evimizə gedək. Balamın üz-gözü, boyun-boğazı qəlpə yaraları idi. Bu, həyatımda yaşadığım ən acı, ən ağır səhnəydi...”,-şəhid anası bunları deyir və göz yaşlarına boğulur, daha söhbətinə davam edə bilmir.

27 yaşlı Ə. Cəbizadə Tərtər, Füzuli, Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə, Xudafərin körpüsünün işğaldan azad olunmasında iştirak edib. Qəhrəman döyüşçümüz 14 oktyabrda Xocavəndin Zoğalbulaq kəndində şəhid olub.

Məzarı Sumqayıtdakı şəhidlər xiyabanındadır. Ölümündən sonra “Vətən uğrunda” medalı və “Cəbrayılın azad olunması uğrunda” medalı ilə təltif edilib.

İnarə Rafiqqızı

Virtualaz.org

 

 

Xəbərlər