705
Dünən 19 noyabr — 11:44

İki oğlu və qardaşı ilə birlikdə döyüşə atılan Ağdam köçkünü Müşfiq Abbasovun şəhidlik dastanı

... Ordusu müqəddəs Vətən savaşında qalib gələn ölkəmizin paytaxtının  tıxaclı, leysan yağışlardan sonra yaranan dərin gölməçəli yollarından keçib Fatmayı bağlarına – Birinci Qarabağ müharibəsi qazisi, üstəlik İkinci Qarabağ müharibəsinə könüllü yollanan, Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Müşviq Abbasovun evinə üz tuturuq. Şəhidin bizə bələdçilik edən oğlu İntiqam Abbasov atasının 40 mərasimində iştirak etmək üçün bir neçə günlüyə cəbhə bölgəsindən evə buraxılıb. Deyir, tək təsəllisim budur ki, atamın qanı yerdə qalmadı.

Birinci Qarabağ savaşında yaralanan Müşviqi təkcə Qarabağ camaatı tanıyırdısa, Vətən müharibəsində şəhid olan Müşfiqi bütün Azərbaycan tanıdı. Onun oğlanları ilə birgə çəkdirdiyi şəkil savaşın ilk günündən sosial şəbəkələrdə məşhurlaşdı.

Virtualaz.org-un əməkdaşları Müşviq Abbasovun yaşadığı evdə olublar, ailə üzvləri ilə söhbətləşiblər.

Müşfiq oğlanları ilə döyüşə yollanarkən

Abbasovlar ailəsi Ağdamın Abdal-Gülablı kəndindən məcburi köçkün düşüb. Bir müddət Sabirabadda, Mingəçevirdə, daha sonra Bakıda məskunlaşıblar.

Bir tərəfdən Ağdam, Abdal-Gülablı həsrəti, bir tərəfdən ağır qaçqınlıq həyatı Müşviqi və qardaşlarını rahat buraxmayıb. Üç oğul atası olan Müşviq hələ körpəlikdən onlara silahla davranmağı öyrədib. Gec-tez torpaqlarımızı düşməndən azad edəcəklərinə, qələbə çalacaqlarına ümidini itirməyib. 

Nəhayət, həmin vaxt yetişib. 50 yaşlı Müşviq Qarabağda hərbi əməliyyatlar başlanan kimi iki oğlu və qardaşı Xəqani ilə birgə könüllü cəbhəyə yollanıb. Elə oğlanlarından birinin gözü önündə də şəhid olub...

Cəbhəyə yollanan ata və oğullar

Söhbətə böyük oğlu 22 yaşlı İntiqam başlayır. Deyir ki,  hərbi əməliyyatlar başlayan kimi atası ilə birgə Ağdam hərbi komissarlığına müraciət ediblər: “Bizə gözləməyi tapşırdılar. Gördüm ki, vaxt uzanacaq, səs-küy saldım. Atam da dedi ki, könüllü müraciət edənləri cəbhəyə göndərməməyə ixtiyarınız yoxdur. Beləliklə cəbhəyə yollandıq”.

Şəhidin evində...

İntiqam kəşfiyyat qrupuna daxil edilir, Suqovuşan istiqamətinə göndərilir. 20 yaşlı Şamil isə atası və əmisi ilə birgə Ağdam uğrunda gedən döyüşlərə qatılır.

Oktyabrın 5-də ermənilər tərəfdən posta hücum olur. Komandir Müşviq Abbasov son tapşırığını verir, döyüşə atılır.

Söhbəti Şamil davam etdirir: “Biz Xaçın çayı ərazisində, Qərvənd istiqamətindəydik. Atam gecəni yatmırdı, postlara nəzarət edirdi. Həmin gün bölükdəydik. Gecə düşmüşdü. Arabir atışma səsləri eşidilirdi. Hava qaralanandan sonra xəbər gəldi ki, ikinci posta ermənilər tərəfindən basqın olunub. Bizdən dəstək istədilər. Atam heyəti yığdı, hamımızı təlimatlandırdı. Biz on nəfər heyət üzvü ilə birgə  getdik. Ermənilər mimamyotdan və həm də iriçaplı silahlardan atəş açırdılar. Artıq postdan- posta, üzbəüz yaxın döyüş gedirdi. Atam mənə səngərlərdən birinə nəzarət etməyi tapşırdı, özü isə əsas səngərə girdi. Onlarla aramızda 30-40 metrlik məsafə vardı. Atam Sadiq Paşayev və Elşən Həsənovla səngərə girdi. Posta  çatanda ilk vurulan Sadiq Paşayev oldu, o, yaralanmışdı. Atamın tapşırdığı kimi əvvəlcə yaralılara kömək etdim, onları təhvil verəndən sonra geri qayıtdım. Atam artıq şəhadətinə qovuşmuşdu”,- hər iki qardaş susur. 

Şəhid Müşfiq Abbasov

İntiqam da həmin günü xatırlayır. Deyir ki, hər gün atası zəng vurub,  vəziyyəti ilə maraqlanırmış. Oktyabrın 5-də atası ilə danışa bilməyib. Qardaşı Şamilə zəng vuranda əmisinin yaralandığını, atasının da onun yanında olduğu deyilib: “Sən demə bütün briqada bilirmiş, hətta dəfndə iştirak etməyim üçün sənədlər hazırlanırmış. Şamil dedi ki, Xəqani əmim yaralanıb, sən də gəl. Dedim ki, döyüş gedir, gələ bilmərəm. Təkid etdim ki, telefonu atama versin, duruxsundu, sonra məcbur qalıb atamın şəhid olduğunu dedi”.

 “Atam dedi ki, imkanım olsaydı balaca oğlumu da özümüzlə döyüşə aparardım”

 Oğlanları deyir ki, döyüşə gedərkən şəhid ola biləcəklərini də nəzərə alıblar. Şamil əlavə edir ki, döyüşlərdən bir gün əvvəl atası ilə söhbətləşib. Çoxları atasını yola gətirməyə çalışıb, deyib ki, oğlanların cavandı, ikisindən birini geri-evə göndər. Atası isə əvəzində 17 yaşlı üçüncü övladının da döyüşə qatılmasını istədiyini dilə gətirib: “Dedi ki, oğlum, hamı gec-tez öləcək. Amma qalib kimi, kişi kimi ölmək, şəhid olmaq hər adama qismət olmur. Heç kimin sözünə məhəl qoymadı. Atam bizim qəhrəmanımızdır”.

Müşfiq və qardaşı

Oğlanları deyir ki, sosial şəbəkələrdə yayılan şəkil Ağdam hərbi komissarlığın qarşısında çəkilib. İntiqam deyir ki, həmin gün o, kəşfiyyat bölüyünə yola salınırmış: “Həmin vaxt Xəqani əmim də yanımızdaydı.  Atam dedi ki, sağ qalsaq qələbədən sonra Ağdamda, kəndimizdə yenə şəkil çəkdirərik. Bu bizim sonuncu şəklimiz oldu. Atam sanki şəhid olacağını bilirdi”.

“Gec-tez torpaqlarımızın işğaldan azad ediləcəyinə inanırdı”

Müşviqin anası Nümunə Abbasova isə deyir ki, həyat yoldaşı vəfat edib, oğlanlarını təkbaşına, min-bir əziyyətlə böyüdüb. “Böyük oğlum və Müşviq Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etmişdilər. Böyük oğlum ağır yaralandı, aylarla xəstəxanalarda müalicə olundu. Müşviq yaralandığını gizlədirdi, müalicə olunub gəlirdi. “Müşviqin içində bir intiqam hissi vardı, ona görə oğlunun adını da İntiqam qoydu. Abdal-Gülablının işğalından sonra çox əziyyət çəkdik, amma o, heç vaxt nikbinliyini itirmədi. Gec-tez torpaqlarımızın işğaldan azad ediləcəyinə inanırdı”.

Gözü yaşlı ana söhbətinə davam edir. Bildirir ki, Müşviq oğlanlarını vətən sevgisi ilə böyüdüb: “Bu uşaqlar müharibənin səsini eşidəndən ayaq üstə idilər. Hazır dayanmışdılar. İki dəfə getdilər geri qaytardılar, durub dincəlmirdilır. Bu İntiqam qapıdan deyil, pəncərədən düşüb getdi ki, birdə hansımızsa getmə deyərik. Kiçik oğlunun yaşı çatmadı, dedik bala, heç olmasa biri evdə qalsın. Dedi ki, mümkün deyil. Tək arzusu Qarabağın, Ağdamın, Abdal-Gulablının işğaldan azad edilməsi idi”. 

 Dəfnə 5 mindən çox adam gəlmişdi... 

İki övladı vətən yolunda qurban gedən ananın indi tək bir arzusu var. Oğlanları da Müşviq kimi igid olsun, onun yolunu davam etdirsinlər. “Allah mənim alnıma belə yazıbmış. Hələ Birinci Qarabağ müharibəsində Müşviq çox igidlik etdi, meşələrdə yaralıları daşıdı, erməni kəndlərinə kəşfiyyata getdi. Buna görə də hörmət qazanmışdı. Onun yas mərasiminə 5 mindən artıq adam gəlmişdi. Onunla fəxr edirəm, sevilərək ölmək də hər adama qismət olmur. Döyüşə, şəhidliyə deyə-gülə, zarafat edə-edə getdi”.

Müşviq canından çox sevdiyi Ağdam torpağında - Quzanlı kəndində dəfn olunub.

Allahdan Müşviqə və bütün digər şəhidlərə rəhmət diləyib mənzili tərk edirik. O inamla ki, Vətən uğrunda uf da demədən canından keçən, xalqımız Azərbaycanın yeni tarixini qanı ilə yazan bu cür oğulların xatirəsini layiqincə yaşadacaq.

 

Ü.Xudiyeva, İ.Rafiqqızı

Virtualaz.org

 

Xəbərlər