1170
Dünən 22 sentyabr — 08:25

Fərhad Əhmədov ABŞ-da Türkiyə və Azərbaycanın xeyrinə lobbiçilik etdiyini təsdiqləyir

ABŞ-da prezident seçkilərinə az qalmış prezident Donald Trampa qarşı kompromat xarakterli yeni araşdırma yayılıb. Virtualaz.org xəbər verir ki,  Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmları Layihəsi (Organized Crime and Corruption Reporting Project-OCCRP), “Courthouse News Service” portalı  və “NBC News” telekanalının birgə apardığı araşdırmada göstərilir ki, Türkiyə Tramp administrasiyası ilə fövqəladə yaxın münasibətlər qura bilib.  Və bu, xarici işlər naziri Mövlud Çavuşoğlunun Trampın andiçmə mərasimindən bir gün əvvəl-2017-ci il yanvarın 19-da Vaşinqtondakı “Watergate” otelinin restoranında yeni seçilmiş prezidentin inaqurasiya komitəsinin vitse-direktoru, nüfuzlu lobbiçi Brayan Ballardla indiyədək ictimailəşməyən görüşü sayəsində baş tutub.

Vaşinqton, "Watergate" oteli

Həmin görüşü təşkil edənlər isə azərbaycanlı gəmiçilik maqnatı, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov və Floridadan olan  Ukrayna əsilli qalmaqallı biznesmen Lev Parnas idi. Hansı ki, sonradan Parnasın Ukrayna ilə bağlı qaranlıq işləri Trampın barəsində impiçment prosedurunun başlamasına gətirib çıxarmışdı.

Bir çox xarici KİV-lərin də dərc etdiyi araşdırmada göstərilir ki, həmin görüşün nəticəsi olaraq Türkiyənin dövlət bankı “Halkbank”la “Ballard Partners” lobbi şirkəti arasında aylıq ödənişi 150 min dollar olan lobbiçilik müqaviləsi imzalanıb. Bu lobbiçilik sayəsində Türkiyə hakimiyyəti Tramp administrasiyası ilə çox yaxın əlaqələr qurub.

Sovet dönəmində Ukraynada doğulan və Bruklində böyüyən Parnas qaranlıq biznes, uğursuz təşəbbüslər və ödənməyən borclarla bağlı şəxs olub. Amma 2016-cı ildə Trampın kampaniyasında rusdilli yəhudi icmasından kifayət qədər pul toplayan donor olmağı bacarıb. Parnasın xahişi ilə Brayan Ballard Mübariz Mənsimovun Trampın inaqurasiyasında iştirakını təmin edib, ona pulsuz bilet ayırıb.

Lev Parnas Donald Trampla

Xeyli geniş məqalədə digər azərbaycanlı biznesmen-milyarder Fərhad Əhmədovun da adı çəkilir. Orada göstərilir ki, Trampın inaqurasiyasından 2 gün sonra biznesmenin “Luna” adlı yaxtası Mayami sahillərinə yan alıb. M.Mənsimov Lev Parnası F.Əhmədovla tanış edib və onlar yaxtada görüşüblər. Daha sonra F.Əhmədov bir neçə ay Amerikada olub, Parnasın vasitəçiliyi ilə Brayan Ballardla tanış olub. Bildirilir ki, Əhmədov  Birləşmiş Ştatlarda olarkən Türkiyə ilə ABŞ arasında münasibətlərin inkişafı üçün lobbiçilik edib. Daha sonra o, Azərbaycanın xeyrinə lobbiçilik etmək üçün “Ballard Partners” şirkəti ilə aylıq ödənişi 50 min dollar olan müqavilənin bağlanmasına dair müzakirələrdə iştirak edib.

Brayan Ballard

Həmin araşdırmada azərbaycanlı biznesmenlərin Türkiyənin xeyrinə lobbiçilik fəaliyyətlərinə dəstək verməsini Tramp əleyhinə kompromat kimi təqdim etməyə çalışırlar. Və qeyd olunur ki, F.Əhmədov şərh verməkdən imtina edib. M.Mənsimov isə Fətullah Gülənlə əlaqəli terrorçuluq ittihamları ilə hazırda Türkiyədə həbsdə olduğu üçün onun münasibətini öyrənmək mümkün deyil.

Bu araşdırmanın bəzi xülasələrini Azərbaycanın bəzi KİV-ləri də yayıb və maraqlıdır ki, onlar da F.Əhmədovun ABŞ-da Türkiyənin, eləcə də Azərbaycanın xeyrinə lobbiçilik fəaliyyətlərini hansısa kompromat, neqativ əməl kimi təqdim etməyə çalışıblar. Yaxud F.Əhmədovun M.Mənsimovla “gizli əlaqələrinin üzə çıxması” kimi şərhlər veriblər.

Virtualaz.org xarici KİV-lərdə dərc edilən həmin məqalələr və Azərbaycandan ona reaksiyalar barədə Fərhad Əhmədovun münasibətini öyrənə bilib.

F.Əhmədov Vaşinqtonda

Biznesmen təsdiq edib ki, ABŞ-dakı dostlarının vasitəsilə Türkiyənin və Azərbaycanın dövlət maraqları üçün lobbiçilik fəaliyyətlərinə dəstək verib. Və bunu heç bir şəxsi təmənna güdmədən edib.

Nəticələri də göz qabağındadır-məsələn, Türkiyənin Rusiyadan S-400 zenit-raket sistemləri almasına görə ABŞ-ın bu ölkəyə qarşı sanksiyalar tətbiq etməsinə dair çağırışlar, Konqresdən Tramp administrasiyasına edilən təzyiqlər nəticəsiz qalıb.

O cümlədən Suriyanın şimalında Türkiyənin hərbi əməliyyatlar aparmasına ABŞ “yaşıl işıq” yandırıb, Türkiyədə həbs edilən amerikalı keşiş Brunson qalmaqalına görə iki ölkə arasında yaranmış gərginlik yoluna qoyulub və s.

“Hamı gözəl başa düşür ki, bu (barəsində bəhs edilən məqalələr) adi seçkiqabağı dramdır. Ötən il də bu mövzuda məqalə olmuşdu, amma heç kim ona reaksiya verməmişdi. Bir qayda olaraq ABŞ-dakı prezident seçkiləri ərəfəsində bütün lobbiçilik fəaliyyətləri rəqiblərin bir-birinə qarşı ittihamlarına çevrilir, tərəflər bu məsələdən bir-birinə qarşı kompromat düzəltməyə çalışırlar. Əslində isə bəllidir ki, ABŞ-da lobbiçilik fəaliyyəti leqaldır, indiki halda “Ballard Partners” şirkəti ilə imzalanmış və xoş mərama xidmət edən müqavilələr də tam qanunidir, ABŞ Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Və həmin müqavilələrdə əks olunan məbləğlər də ABŞ-da lobbiçilik biznesinin miqyası baxımından cüzidir, xırdadır. Çünki hər il Vaşinqtonda lobbiçilik fəaliyyətlərinə 4 milyard dollara qədər pul xərclənir. Bir çox ölkələr, iri şirkətlər və s. öz maraqları üçün lobbiçilik xidmətləri sifariş verirlər və bu, tamamilə leqaldır, gizli deyil. O cümlədən Ermənistan. Sual olunur, bəs ermənilər öz maraqları üçün lobbiçilik edəndə niyə heç kimin diqqətini cəlb eləmir və heç kim bundan qalmaqal düzəltməyə çalışmır? Niyə buna “belə də olmalıdır” kimi yanaşıb Türkiyənin, yaxud Azərbaycanın öz maraqlarını müdafiə etməyə yönəlmiş lobbi fəaliyyətlərindən qalmaqal düzəltmək istəyirlər?”,-biznesmen bildirib.

F.Əhmədov əlavə edib ki, onun Amerikadakı yaxşı dostları da Trampa qarşı indiki “lobbi dramının” heç bir nəticələrinin olmayacağı qənaətindədir. Və deyirlər ki, indi Fətullah Gülən məsələsi amerikalı seçicilər üçün maraqsızdır.

Qeyd edək ki, həmin məqalədə F.Əhmədovun daha əvvəl  Türkiyə ilə Rusiya arasında gərginliyin aradan qaldırılması üçün vasitəçilik fəaliyyəti də xatırladılır. Bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu vaxtilə danışmışdı və F.Əhmədovun Rusiya təyyarəsinin vurulmasına görə Moskva ilə Ankara arasında yaranmış ciddi gərginliyin aradan qaldırılmasında öz köməyini əsirgəmədiyini, bu işdə mühüm rol oynadığını demişdi.

Bəlli olduğu kimi, F.Əhmədov Rusiya Federasiya Şurasının üzvü və AŞPA-dakı Rusiya nümayəndə heyətinin üzvü statusunda da həmişə Türkiyə və Azərbaycanın mövqeyini dəstəkləyib. Bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev onu Rusiya-Azərbaycan əlaqələrinin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edib.

M.Mənsimov Trampın inaqurasiyasında

Mübariz Mənsimovla “gizli əlaqələr” haqda deyilənlərə gəldikdə isə , xatırladaq ki, F.Əhmədovun əvvəllər “Palmali” şirkətinin rəhbəri ilə şəxsi dostluq, tanışlıq münasibətlərinin olması gizli deyildi. Bu ilin əvvəllərində isə F.Əhmədov özünün Facebook səhifəsində M.Mənsimovun həbsi ilə bağlı mövqeyini paylaşmışdı, onun mənfi və müsbət tərəfləri, səhvləri barədə fikirlərini açıq bildirmişdi.

“İndiki halda Mübariz Mənsimovun cinayətar olduğu hələ məhkəmə tərəfindən sübuta yetirilməyib, o, şübhəli şəxs statusundadır və barəsində irəli sürülən ittihamları qəbul etmir. Mənim onunla keçmişdəki münasibətlərimdən, təmaslarımdan kompromat düzəltməyə çalışmaq absurddur”,-F.Əhmədov belə deyib.

virtualaz.org

Xəbərlər