803
Dünən 29 iyul — 13:40

Yerli kartofun qiyməti 40 qəpiyə düşdü

Bakı bazarlarında yerli kartofun qiyməti son bir neçə illə müqayisədə 55-65 qəpiyə qədər ucuzlaşıb. Fermerlər isə yerlərdə kartofun kiloqramını 40-45 qəpikdən təklif edirlər.

Virtualaz.org xəbər verir ki, bu il kartofun məhsuldarlığı yüksək olub. Amma ucuzlaşma yalnız məhsuldarlığın yüksək olması ilə bağlı deyil. Pandemiya səbəbindən otellər, istirahət mərkəzləri, kafelər, restoranlar bağlı olduğundan fermerlər alıcıların bir hissəsini itiriblər. Bazarda bolluq yarandığından qiymətlər aşağı düşüb.

Fermer: “Ötən il kiloqramını 52 qəpikdən satmışdım”

Tovuzlu fermer Rasim Əliyev bildirib ki, builki mövsümdə 190 hektara yaxın sahədə kartof əkib. 160 hektar sahə çiləmə üsulu ilə suvarılıb. “Çiləmə üsulu ilə suvarılan sahədə məhsuldarlıq yüksəkdir, 65 ton məhsul götürmüşük, hazırda yığım davam edir. Cəmi 20 hektarda ənənəvi üsulla məhsul əkdik”,-fermer bildirib.

Onun sözlərinə görə, ötən ilin bu dövründə kartofun kiloqramını 52 qəpikdən aşağı satmayıblar. Bu il isə 45, hətta 40 qəpikdən satırlar: “Çiləmə üsulu ilə suvarma maya dəyərini bir qədər artırır. Məhsulun kiloqramını 50 qəpikdən satsaydıq, daha sərfəli olardı”.

R.Əliyev deyib ki, builki mövsümdə Hollandiya və Türkiyə sortlarına üstünlük veriblər. Çünki bu sortların məhsuldarlığı yüksək, dadı yaxşı olur. Üstəlik bu kartoflardan cipsi hazırlanmasında istifadə olunur.

Gədəbəyli fermer isə bildirib ki, xaricdən kartof idxal edilməsə, bu il məhsulları üçün alıcı tapmaqda çətinlik çəkməzlər: “İri təsərrüfatlardan fərqli olaraq kiçik təsərrüfatlar ənənəvi sortlara üstünük verirlər. İndi kartofun qiyməti aşağı düşüb, amma Gədəbəy kartofu həmişə digərərindən 10-15 qəpik baha olur. Bazarlarda Gədəbəy kartofu 65 qəpikdən aşağı verilmir. Ümumilikdə isə qiymət kiçik fermer təsərrüfatarı üçün çox da əverişli deyil”.

2 ayda cəmi 600-700 ton kartof gətirilib

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib ki, iyun-iyul aylarında ölkəyə cəmi 600-700 ton kartof gətiriib. Bu o deməkdir ki, təxminən 20-25 hektarda yetişdirilə biləcək həcmdə kartof alınıb. Hazırda bazarda demək olar ki, Azərbaycan məhsulu satılır. “Bazarda idxal məhsullarının satılması ancaq dekabr-yanvar aylarından sonra başlayır. Onun da əsas səbəbi odur ki, bizim kifayət qədər soyuducu anbarlarımız yoxdur. Anbar infrastrukturunun formalaşması prosesi başa çatandan sonra bu problem ortadan qalxacaq. Daxili bazarı yerli məhsulla təmin etmək mümkün olacaq”,- F.Fikrətzadə bildirib.

Bu ilin 6 aylıq nəticələrinə görə, meyvə-tərəvəz, o cümlədən kartof istehsalı artıb. “Kartof istehsalı ilə bağlı gözləntilərimiz yüksəkdir. Hər il təxminın 900 min-1 milyon ton kartof istehsal edilir, 120 min ton kartof idxal olunur. Gözləyirik ki, məhsuldarlıq göstəricisinin yüksəlməsi hesabına kartof idxalı olmasın. Artıq məhsuldarlığın artımı mərhələsini keçmişik”,- F.Fikrətzadə əlavə edib.

200 min tona yaxın tutumu olan soyuducu anbar

Kartof saxlanılması üçün təxminən 200 min tona yaxın tutumu olan soyuducu anbar infrastrukturunun yaradılması başa çatdırılacaq. Fermerlərin əsas istəyi də anbarların tikilməsi, məhsuun saxlanılması ilə bağı problemin aradan qaldırılmasıdır. Mərkəz direktoru hesab edir ki, bundan sonra kartofa olan tələbat tam yerli istehsal hesabına ödəniləcək. Anbar infrastrukturunun yaradılması və məhsuldarlıq göstəricisinin yüksəldilməsindən asılı olaraq, həmçinin faraş kartofla yanaşı payızlıq kartof ixracına da imkan yaranacaq: “Bəllidir ki, ölkəmiz faraş kartof ixracında ixtisaslaşıb. Bu il ilk dəfə rekord həddində- 81 min ton faraş kartof ixrac edilib”.

Kənd təsərrüfatı eksperti Nicat Nəsirli isə bildirib ki, ucuzlaşma təbiidir, bazarda bolluqdur. Ekspert deyib ki, iyulun sonundan kartofun ikinci əkininə başlanılır, noyabra qədər məhsul yetişir: “Cəlilabadda, Tovuzda, Şəmkirdə iyulun sonu, avqustun əvvəlində təkrar əkin gedəcək. Bizim torpaq-iqim şəraitimiz imkan verir ki, bir ildə eyni sahədən iki dəfə məhsul götürək. Ümumilikdə, 56 min hektar sahədə kartof əkilir, istehsal isə 1 miyon tona yaxındır”.

N.Nəsirli yay aylarında xaricdən kartof idxal edilmədiyini, hazırda bazarda əsasən yerli məhsulların satıldığını, qiymətlərin hələ bir müddət artmayacağını da deyib.

Ülviyyə Xudiyeva

Virtualaz.org

Xəbərlər