1555
Dünən 12 iyul — 12:14

"Hər şeyi bağlasaq insanlar aclıqdan və yoxsulluqdan küçələrə çıxacaq..."

Iran prezidenti deyib ki, iqtisadiyyat ölkədəki fəallığı yenidən məhdudlaşdıracaq tədbirlərə hazır deyil.

Həsən Ruhaninin bəyanatı son günlərdə koronavirus hadisələrinin sayında ciddi artıma təsadüf edir. Cümə axşamı günü Covid-19-la bağlı ölüm səviyyəsi 221-ə çataraq, günlük rekord həddini yeniləyib. Koronavirusdan ölənlərin ümumi sayı 12,700-ə yaxınlaşır.

Rəsmilər artımı testlərin sayının çoxalması ilə izah edirlər.

İran iqtisadiyyatı ABŞ sanksiyaları və neft qiymətlərinin aşağı düşməsinə görə təzyiq altındadır.

Koronavirusla mübarizə üzrə qərargahın iclasında danışan İran lideri iqtisadiyyatın kütləvi bağlanmaya tab gətirə bilməyəcəyini deyib. Həsən Ruhaninin sözlərinə görə, ölkə "sağlamlıq protokollarına əməl etməklə iqtisadi, sosial və mədəni" sahədə fəaliyyətini davam etdirməlidir.

"Ən asan iş hər şeyi bağlamaqdır. Ancaq insanlar aclıq, yoxsulluq və işsizlikdən küçələrə çıxacaqlar," - Həsən Ruhani bildirib.

Hazırda İranda məktəb və universitetlər bağlı qalır. Bəzi şəhərlərdə cümə namazları qılınmır.

Xəbərlər