2190
Dünən 24 iyun — 12:50

Nəbiyev sınmış maşın güzgüsünə görə Londonda dəhşətli qətl törətdi

Londonun Old-Beyli rayon məhkəməsi Azərbaycan vətəndaşı, Böyük Britaniyaya mühacirət edib orada pizza daşımaqla məşğul olan 63 yaşlı Uran Nəbiyevi bir nəfəri öldürməyə, digərini yaralamağa görə 14 illik həbsə məhkum edib.

Virtualaz.org Böyük Britaniya KİV-lərinə istinadən xəbər verir ki, bu səs-küylü cinayət ötən ilin oktyabrında baş verib. 2019-cu il oktyabrın 19-da Londonun Bexley Road kvartalında 33 yaşlı Con Embler dostu, 26 yaşlı Ceyk Kemplə gecə barında əyləndikdən sonra sərxoş halda küçədə gəzərkən Uran Nəbiyevin yolun kənarına park edilmiş “Toyota Prius” avtomobilinin yan güzgüsünü vurub sındırıb.

Həmin vaxt Nəbiyev evində oturub araq içirdi və avtomobilinin güzgüsünün sındırıldığını görəndə həmin gənclərə tərəf qaçıb. Avtomobili işə salıb və onları təqib edib, səkiyə çıxaraq gəncləri haqlayıb. Nəbiyev avtomobillə Emblerin qolundan vurub, onun dostu , kondisioner üzrə mühəndis Ceyk Kemp qarşı səkiyə qaçıb və orada büdrəyərək yıxılıb. Bu zaman Nəbiyev avtomobillə onu vurub və səki ilə bir neçə metr yerdə sürüyüb. Nəticədə Ceykin sifəti büsbütün qana bulanıb, o başından ağır xəsarətlər alıb. Və üç gün sonra xəstəxanada keçinib.

U.Nəbiyev cinayəti törədəndən bir neçə saat sonra Azərbaycana bilet bron edib və Bakıya uçub. Lakin sonradan Böyük Britaniyaya geri qayıdaraq məhkəmə önündə dayanıb. Andılar məhkəməsi onun təqsirini sübut etmək üçün 19 saat iclas ediblər. Nəticədə Nəbiyev bir nəfəri qəsdən öldürməkdə, digərinə xəsarətlər yetirməkdə təqsirli bilinib.

Hakim Riçard Marks Nəbiyevin gəncləri öldürmək niyyətində olmadığı, onları “qorxutmaq istədiyi” haqda dediklərini hadisə yerinin videomüşahidə kameralarından çəkilmiş görüntülərini araşdıraraq rədd edib.

“Bu, amansız və sizin maşına dəyən cüzi ziyana görə hec cür əsaslandırılmayan ifrat reaksiya idi. İstənilən halda bu, həqiqətən dəhşətli insidentdir”,-hakim müttəhimə bildirib.

Hakim onu da deyib ki, Nəbiyev andılar qarşısında verdiyi ifadədə törətdiyi əməldən heç bir peşimançılıq ifadə etməyib.

Ceyk Kempin atası Moris Kemp məhkəmədə ifadəsində bildirib ki, onun oğlu əslində xeyirxah, heç kimlə işi olmayan biri idi. “Onun ölümündən sonra biz ailə olaraq çox sarsılmışıq və çoxsaylı problemlər yaşamışıq”,-ata deyib.

Moris Kemp bildirib ki, ailə Ceykin orqanlarını onu xilas etmək cəhdlərinin boşa çıxmasından sonra başqalarına bağışlamağı qərara alıb. “Ceyk gənc və sağlam idi, onun böyük ürəyi vardı. Biz minnətdarıq ki, Ceyk bir çoxlarının həyatını öz orqanları ilə xilas edə bildi”,-o deyib

Törətdiyi cinayətdən 5 saat sonra Nəbiyev Azərbaycana uçan reysə bilet bron edib və ölkəsinə qayıdıb. Videomüşahidə kameralarının görüntülərinə əsasən polis hadisəni törədən şəxsi müəyyən edib və Nəbiyevin evinə gedib, orada həmin “Toyota Prius”u aşkarlayıb. Məlum olub ki, avtomobilin yan güzgüsü və şüşətəmizləyəni sınıb, cüzi zədələri var, amma tormoz və sükan idarəetməsi saz vəziyyətdədir.

Nəbiyev isə noyabrın 10-da Azərbaycandan Böyük Britaniyaya geri dönərkən Luton aerportunda həbs edilib.

İşin araşdırılması üzrə detektiv Ceyson Fitspatrik məhkəmədə deyib ki, bu hadisə Nəbiyevin hərəkətinin hansı nəticə verdiyini göstərir. “Mən ümid edirəm ki, onun 14 il həbsə məhkum edilməsi Ceykin ailəsini az da olsa yüngülləşdirəcək. Onların övladı elə qəddar və dəhşətli şəkildə öldürülüb ki, indi də özlərinə gələ bilmirlər”,-detektiv bildirib.

F.Məmmədov

Virtualaz.org

Xəbərlər