944
Dünən 16 may — 10:21

Koronavirus təkcə öldürmür, həm də ömürlük şikəst edə bilir...

Yeni növ koronavirus (COVİD-19) infeksiyasının orqanizmə uzunmüddətli təsiri necədirHəqiqətənmi bu virusun təsirləri insanda ömür boyu qalır?

Virtualaz.org xəbər verir ki, Qətərin nüfuzlu “Al Jazeera” nəşri virusun orqanizmə təsirləri ilə bağlı geniş araşdırma yazı dərc edib.

Nəşr yazır ki, hər gün yeni növ koronavirus haqqında daha çox və əvvəllər məlum olmayan məlumatlar əldə edirik. Bu onunla əlaqədardır ki, bu virusa yoluxmuş insanların 80 faizində simptomlar olmur və ya infeksiyadan bir neçə gün və hətta bir həftə sonra ortaya çıxır. Onların bir çoxunda xəstəlik heç bir ağırlaşma vermədən yüngül formada davam edir. Ümumdünya Səhiyyə Təşkilatına görə, xəstəliyi yüngül olan insanlar iki həftə ərzində, digərləri isə 3-6 həftə müddətində sağala bilər.

Bununla yanaşı, həkimlərin fikrincə, yeni növ virus ürək, böyrəklər, beyin və hətta qan damarları da daxil olmaqla bir çox vacib orqanların hüceyrələrinə nüfuz edə bilər. Bu zaman belə bir sual yaranır: koronavirus infeksiyası xroniki xəstəliklərə səbəb ola bilərmi?

Yel Universitetinin Tibb fakültəsinin kardioloqu Jozef Brennan özünün və digər mütəxəssislərin koronaviruslu xəstələrin bəzilərinin ağciyərlərində, ürəklərində, sinir sistemlərində və intellektlərində və digər orqanlarında uzunmüddətli sağlamlıq problemlərinin olacağından narahat olduqlarını bildirib.

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin məlumatına görə, xəstəxanaya yerləşdirilməsi tələb olunan koronavirus xəstələrinin 45 faizi uzunmüddətli tibbi nəzarət, 4 faizi reabilitasiya və 1faizi isə daimi tibbi yardıma ehtiyac duyacaq. Mənbə yaşından asılı olmayaraq koronavirusa yoluxan insanlarda baş verə biləcək fəsadları açıqlayıb. var.

1. Ağciyərlərdə yaralar

Koronavirus xəstəliyi səbəbiylə ağciyərlərdə yaralar meydana gələ bilər. Bu zaman ağciyərlərin havanı udmaq və oksigenə çevirmək qabiliyyəti  azalır. Belə insanlarda ağciyərlərdə daimi narahatlıq hissi və quru  öskürək olur. Brennanın sözlərinə görə, bu cür fəsadlar koronavirusun ciddi bir immun reaksiya doğurması səbəbindən yaranır, buna görə də ağciyərlərdə olan boşluqlar irinlə dolur.

Koronaviruslu insanların ağciyərlərinin kompüter tomoqrafiyası zamanı əldə olunan görüntülərdə sağlam ağciyərlərdən fərqli olaraq boz ləkələr müşahidə olunur və zədələnmiş yerlər bərpa olunmur.

Cənubi Kaliforniya Universitetinin Tibb fakültəsinin radioloqu Əli Qulam Rəzani Zəyidin sözlərinə görə, ağciyər toxumasında bu dəyişikliklər bərpa olunmaz ola bilər.

2. İnsult və tromblaşma

Covid-19 xəstəxanasına yerləşdirilən bir çox xəstələr qan laxtalanmasından əziyyət çəkir, ağciyər emboliyası, insult, infarkt və digər ciddi və uzunmüddətli ağırlaşmalara səbəb olur.

Beyindəki qan damarlarının tıxanması da insulta səbəb ola bilər. Yaşlı insanlarda bunun daha çox müşahidə olunmasına baxmayaraq, bu gün də gənc xəstələr arasında insultun olduğu bildirilir. Məsələn, Çinin Vuhan şəhərində xəstəxanaya yerləşdirilən xəstələrin təxminən 5 faizi insult keçirib və oxşar vəziyyət atipik pnevmaniyada da müşahidə edilib.

İnsult keçirən gənclərdə yaşlı insanlarla müqayisədə ölüm nisbəti aşağıdır və çoxları sağalır. Ancaq araşdırmalara görə, onlardan yalnız 42 faizdən 53 faizə qədəri işinə dönə bilər.

3. Ürək xəstəliyi

Həkimlərin dediyinə görə, koronavirus ürək əzələsinə təsir göstərərək iltihaba səbəb ola bilər, çünki ürəkdə çox miqdarda ACE2 zülalı var, bu da elm adamlarının fikrincə koronavirusun bədən hüceyrələrinə daxil olma nöqtəsidir.

"Çində həkimlər bəzi insanların ürək ağrılarından şikayət etdiklərini müşahidə ediblər. Onlarda ürək tutmaları və koronavirus infeksiyası əlamətləri görünüb”, - Amerika kardiologiya assosiasiyasının prezidenti və Kolumbiya Universitetinin neyrobiologiya və epidemiologiya üzrə professoru Mitçel Elkind bildirib.

Məlumata görə, yeni koronavirus kəskin miokardit və ürək çatışmazlığına səbəb ola bilər.

4. Böyrək çatışmazlığı

Bu günə qədər xəstəliyin yüngül olduğu hallarda koronavirusun böyrəklərə təsir etdiyi barədə heç bir məlumat verilməyib. Görünür ağır simptomlar müşahidə olunan xəstələrdə koronavirus böyrəklərin ciddi zədələnməsinə səbəb olur. Xəstəlik ağır şəkildə davam etdikdə kiçik laxtaların meydana gəlməsinə və qan damarlarının tıxanmasına səbəb ola bilər.

Zədələnmiş qan damarları böyrəklərə də təsir edə bilər. Bundan əlavə, virusun böyrəklərə birbaşa təsir göstərə biləcəyinə dair elmi sübutlar var. Koronavirus olan xəstələrdə sətəlcəm aşkar edilərsə və süni tənəffüs aparatına qoşulma tələb olunarsa, virus böyrəklərə ciddi təsir göstərir, çünki sətəlcəm ağciyər ətrafında çox miqdarda suyun yaranmasına səbəb olur.

“Der Spiegel” nəşrinə danışan Almaniya Nefrologiya Cəmiyyətinin rəhbəri Jan Kristof Qal deyib ki, pnevmoniya müşahidə olunan və süni tənəffüs aparatına qoşulan xəstələrin demək olar ki, hamısında böyrək problemləri müşahidə olunub.

Böyrəklər üzərində aparılan tədqiqatlar zamanı müəyyən edilib ki, koronavirus xəstəliyi səbəbindən böyrəklər öz funksiyalarını tam yerinə yetirə bilmirlər.

"Xəstəxanada götürülən sidik analizinin nəticələrinə görə, xəstələrin yarısında böyrək xəstəliyinin erkən əlaməti olan qan və zülal aşkarlanıb”, - Yel Universitetinin Tibb fakültəsinin nefroloqu Alan Kliger “Washington Post”a açıqlamasında bildirib.

Kligerin sözlərinə görə, oxşar ciddi fəsadlar Nyu-York və Vuhan şəhərlərində böyrək dializinə ehtiyac duyan xəstələrin 14-30 faizində qeydə alınıb.

5. Sinir sistemi və intellektə təsirləri

Koronavirus mərkəzi sinir sisteminə ciddi təsir göstərir. Çinin xəstəxanalarından birində araşdırma zamanı məlum olub ki, xəstəxanaya  yerləşdirilən 214 xəstənin üçdə birində nevroloji simptomlar, başgicəllənmə, baş ağrısı, şüurun itməsi, görmə problemləri, dad və qoxunun itməsi müşahidə olunub.

6. Kişi sonsuzluğu

Tədqiqatçıların fikrincə, COVİD 19 kişilərin sağlamlığına xüsusən mənfi təsir göstərə bilər. Beynəlxalq Urologiya Jurnalına bir məktubda alim Əli Raba izah edir ki, koronavirusla yoluxan kişilərdə sonsuzluq meydana çıxa bilər.

Koronavirusa yoluxmuş 81 kişi üzərində aparılan tədqiqat zamanı onlarda kişi hormonları ilə bağlı problemlərin olduğu ortaya çıxıb.

"Xəstəlikdən sağalan və uşaq sahibi olmaq istəyən gənc insanlar bu barədə həkimlə məsləhətləşməlidirlər”, - “Təbiət” jurnalında aprel ayında dərc olunan elmi məqalədə deyilir.

7. Qoxu və dad

Anidən ağız dadının itməsi və ya qoxunun pisləşməsi koronavirus infeksiyasının əlaməti ola bilər. Bu xəstəliyi olan gənclərdə hərarətin yüksəlməsi və öskürək kimi simptomlar müşahidə olunmur. Bu o deməkdir ki, qəfil qoxu itkisi də koronavirusun gizli daşıyıcısı olmanın göstəricisi ola bilər.

Məlumdur ki, koronavirus ACE2 reseptorları vasitəsi ilə burun toxumasına nüfuz edir və qoxu sinirlərinə müvəqqəti ziyan vura bilər. Ancaq bu simptom infeksiyadan bir-iki həftə sonra yoxa çıxır.

İybilmə qabiliyyəti xəstəlik sağaldıqdan sonra əksər insanlara geri dönsə də, ondan ömürlük məhrum olma da istisna olunmur.

Hazırladı: Gülnar Əliyeva

Virtualaz.org

Xəbərlər