3112
Dünən 17 mart — 13:40

Milli Məclisdə koronavirus müzakirələri: rəngarəng təkliflər səsləndi, cəzalar müəyyən edildi

Bu dəqiqələrdə Milli Məclisin plenar iclası keçirilir. İclasda Azərbaycanda koronavirusun qarşısını almaq üçün görülən tədbirlərin müzakirəsi aparılır.  Xəbər verildiyi kimi gündəliyə koronavirusun yayılmasının qarşısını almaq üçün qanunvericiliyə bəzi dəyişikliklərin edilməsi məsələsi daxildir. Belə ki, İnzibati Xətalar və Cinayət Məcəlləsinə karantin rejimini pozanlara, başqalarını yoluxduranlara qarşı cərimə və həbs cəzalarının əlavə edilməsi nəzərdə tutulur.

Müzakirələr zamanı deputatlar rəngarəng təkliflərlə çıxış edirlər. Bura Novruz bayramı günlərində küçələrdə tonqal qalamaqdansa eyvanlarda şam yandırmaqdan tutmuş kişilərin öpüşməsinin qarşısının alınması kimi təkliflər də daxildir.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deputatların Nazirlər Kabineti yanında operativ qərargahda təmsil olunması təklif edib. Bildirib ki, Operativ Qərargah çox ciddi adımlar atır. Bu addımlar bütün ölkə vətəndaşları tərəfindən dəstəklənir. 

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov isə daha maraqlı təkliflə çıxış edib. O, Novruz bayramında eyvanlarda şam yandırılmasını istəyib. “Bəzi hallarda ictimai qınaq obyektinə çevrilən həkimlərə bu gün təşəkkür etməliyik. Novruz bayramında hər bir evin eyvanında şam yandırmaqla bütün dünyaya həmrəyliyimizi bildirək”,-R.Mahmudov təklifini belə əsaslandırıb. 

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə çıxışı zamanı deyib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah gün ərzində bir neçə dəfə son vəziyyətlə bağlı məlumat verməlidir. M.Quliyev yalan məlumatların yayılmasına imkan verilməməsi üçün tədbirlərin vacibliyindən danışıb.

“Koronavirus yayılan ölkələrdən vətəndaşlarımızın gətirilməsi, karantinə alınması, izolyasiya olunması üçün bütün tədbirlər görülür. Operativ qərargahın verdiyi təlimatlara hər bir vətəndaş qeyri-şərtsiz əməl etməlidir. Tibbi profilaktika sahəsində hər cür vəsaitimiz var. Operativ qərargahdan və KİV-dən xahişim odur ki, gün ərzində 5-10 dəfə cəmiyyətə informasiya versinlər. Bu zaman feyk informasiyalara yer qalmayacaq. Bu gün ölkəmizdə koronavirusla bağlı maarifləndirmə işləri də yüksək səviyyədədir”,-Quliyev belə deyib. O, həmçinin həkimlərə mükafat verilməsi təklifi ilə çıxış edib. 

Milli Məclisin vitse-spikeri Adil Əliyev isə kişilərin öpüşməmək məsələsində də böyük təbliğata ehtiyac olduğunu (bu zaman deputat qadınların öpüşməsi və ya qadınlarla kişilərin öpüşməsi məsələsini açıq saxlayıb) söyləyib: “Bizim hər birimizin toxunulmazlığı var. Amma koronavirusa yoluxmaqla bağlı toxunulmazlığımız yoxdur”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə Azərbaycanda kifayət qədər dezinfeksiyaedici məhsullar olduğunu diqqətə çatdırıb. Ə.Əmiraslanov söyləyib ki, koronavirus çox təhlükəli bir infeksiyadır. Panikanın yayılması bu virusa qarşı tədbirlərin görülməsini zəiflədə bilər: “Hər birimiz şəxsi gigiyenamıza diqqət etməliyik. Əminəm ki, qısa müddətdə bu virusun öhdəsindən gələ biləcəyik”.

Deputat Elman Nəsirov isə çıxışı zamanı koronavirusu nəzərdə tutaraq bildirib ki, düşmən gözə görünmür, hücumdadır. “Son 3 ayda qeydə alınan ən dəhşətli bəla koronavirusdur. Düşmən hücuma keçib. Ehtiyatlı olmalıyıq".

İclasda tibbi ləvazimatların gətirilməsi üçün vergi və gömrük rüsumlarına güzəştlərin tətbiq edilməsi də təklif olunub. Deputat Hikmət Babaoğlu çıxışı zaman söyləyib ki, əsas məsələ bundan sonrakı mərhələdə necə davranmağımızla bağlıdır: “Artıq virusun yayılması, inkubasiya dövrü geridə qalıb. Azərbaycan xalqı bu təhlükəyə qarşı özünü səfərbər etməyi bacardı”.

Digər deputat Jalə Əliyeva isə çıxışı zamanı qeyd edib ki, bu gün bu xəstəliklə mübarizədə ölkəmizdə həyata keçirilən tədbirlər dünyanın digər ölkələri içərisində ön sıralara çıxa bilib. 

İclasda Cinayət Məcəlləsinə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması adlı 139-1-ci maddə əlavə olunması müzakirəyə çıxarılıb. Əlavəyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Layihə səsə qoyularaq qəbul edilib. Həmçinin İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin təkmilləşdirilərək yeni redaksiyada təqdim olunması müzakirəyə çıxarılıb. Maddədə bildirilir ki,  epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslərin iki min manatdan beş min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. Məcəllənin 388-1-ci maddəsinə də müvafiq düzəlişlər edilib. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, koronavirusa görə Milli Məclisin komitə və komissiya iclaslarının keçirilməsinin dayandırmaq təklif olunub. Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.  

Virtualaz.org

Xəbərlər