3310
Dünən 8 fevral — 18:37

“Əsl islam” naminə Sumqayıtdan Şimali Vəziristana, ardınca Suriyaya

Əfqanıstan-Pakistan sərhəddində - Şimali Vəziristanda terror təlimlərində, silahlı münaqişələrdə, Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan 32 yaşlı Sumqayıt şəhər sakini Telman Süleymanovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi keririlib.

Virtualaz.org-un xəbərinə görə, Telman Süleymanovun terrorçu qruplaşmaların tərkibindəki döyüş yolu Pakistanın Şimali Vəziristan əyalətindən başlayıb Suriyanın Hələb və Xaritan şəhərinədək uzanıb.

İranın Zahidan şəhərinə, oradan Şimali Vəziristana...

İstintaq müəyyən edilib ki, Telman Süleymanov 2010-cu ilin dekabrından 2011-ci ilin mayına kimi Pakistan ərazisində, 2013-cü ilin iyulundan 2014-cü ilin fevralına qədər isə Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşüb. Həm Azərbaycan, həm Pakistan, həm də Suriya qanunvericiliyinə əsasən cinayət sayılan bu əməllərə görə xarici dövlətdə məhkum olunmayıb.

T.Süleymanov on il bundan öncə - 25 noyabr 2010-cu ildə İranın Zahidan şəhərinə yollanıb. 20 gün orada qaldıqdan sonra şəxsiyyəti istintaqa məlum olmayan Abdulla Azzam adlı bir nəfərin köməkliyi ilə İran-Pakistan sərhəddini keçərək Şimali Vəzirstan vilayətinə gəlib. Orada “Taliban” hərəkatının nəzarəti altında fəaliyyət göstərən, “Səlahəddin”in rəhbərlik etdiyi silahlı birləşməyə qoşulub. Həmin hərəkatın hərbi düşərgəsinə aparılıb, odlu silahla təhciz edilib, təlimlər keçib. Təlimlər başa çatdıqdan sonra silahlı birləşmənin fəaliyyətində iştirak edib. 2011-ci ilin iyulunda Azərbaycana qayıdıb.

Və iki il sonra Türkiyə üzərindən Suriyaya, bu dəfə İŞİD-ə qoşulmağa

İki il sonra isə - 2013-cü ilin iyulunda ailəsi ilə birgə Türkiyəyə, oradansa Suriyaya gedərək İŞİD-ə qoşulub. Orada “Abu Yəhya” dini ləqəbli Nicat Aşurovun rəhbərlik etdiyi silahlı birləşmənin tərkibinə qoşulub. Silahlı birləşmənin nəzarətindəki ərazilərdə yerləşən postların mühafizəsini həyata keçirib. 2014-cü ilin fevralında isə Azərbaycana qayıdıb.

Təqsirəndirilən Telman Süleymanov ifadəsində 2007-ci ildə ibadətə başladığını, tez-tez Sumqayıtda keçirilən dini yığınacaqlarda iştirak etdiyini deyib. Həmin ərəfədə   Əfqanıstan- Pakistan sərhəddində gedən döyüşlərə qatılmaq qərarına gəlib.

Dini ləqəbi “Abu Yahya” olan Nicat Aşurovu Sumqayıt şəhərindən tanıyıb. Onun bir dəfə Şimali Vəzirstana döyüşə gedib-gəldiyini bilib. Bu məqsədlə də “Abu Yahya” ilə görüşüb, onun döyüşdüyü əraziyə getmək istədiyini deyib. “Abu Yahya” T.Süleymanova Vəziristana getmək marşrutunu izah edib, tanışı Abdulla Azamın telefon nömrəsini verib, əlaqə saxlamağı məsləhət görüb.

“Orada bizi tanışımız “Abu Yəhya” qarşıladı...”

Sinif yoldaşı Fəridlə birgə İrana yola düşən T.Süleymanovu Məşhəddə Abdulla Azam qarşılayıb və 200 dollar müqabilində onları Zahidana, oradan da qaçaq yolla Pakistana keçirib. Telmanla Fərid Pakistana keçdikdən sonra Əfqanıstan-Pakistan sərhəddindəki Şimali Vəzirstan adlanan əraziyə gəliblər: “Təxminən bir aya yaxın yol getdik. Orada bizi tanışımız “Abu Yahya” qarşıladı. O, “Səlahəddin” dini ləqəbli şəxsin camaatında idi. Biz də həmin camaata qoşulduq. “Səlahəddin” camaatı “Taliban” hərakatında idi”.

“Səlahəddin” camaatına qoşulan Telmana da, Fəridə də avtomat silah veriblər, onları təlimlərə göndəriblər. İki-üç həftəlik təlimlərdən sonra isə ayrı-ayrılıqda postlara çıxmağa başlayıblar. Ancaq postlarda olduğunu, döyüşlərdə iştirak eləmədiyini qeyd edən T.Süleymanov sinif yoldaşı Fəridi elə postda da itirib. İfadəsində özünü elə göstərib ki, Əfqanıstana sanki turist kimi getmişdi.

Sinif yoldaşı Fərid postda öldü, özü qorxuya düşdü

“Heç bir döyüşdə iştirak etməmişəm. “Səlahəddin” arabir bizim yanımıza gəlib “Taliban” rəhbərliyindən aldığı göstərişləri çatdırırdı. Aramızdan müəyyən şəxsləri seçərək özüylə döyüşlərə aparırdı. Amma məni heç vaxt döyüşə aparmayıb. Bomba partlaması nəticəsində Fərid postda ölmüşdü. O, öldükdən sonra qorxuya düşdüm, Azərbaycana geri qayıtmaq qərarına gəldim. Bu barədə “Səlahəddin”ə bildirdim, mənimlə razılaşdı. Qaçaq yolla İrana, oradan da Azərbaycana gəldim. Mən gəldikdən bir müddət sonra “Abu Yahya” da Azərbaycana qayıtdı”,-bu “Taliban” yaraqlısı istintaqa bildirib.

T. Süleymanovun ifadəsinə görə, 2013-cü ildə “İslam dinini rahat yaşamaq məqsədilə” Suriyada İŞİD-in tərkibinə qoşulmaq qərarına gəlib. Bu dəfə isə həyat yoldaşı və 2 azyaşlı övladı ilə birgə Suriyaya yollanıb. Əvvəlcə təyyarə ilə İstanbula, oradansa  Hataya gediblər. Hataydan qaçaq yolla Artma şəhərinə gəliblər.

“Taliban”dan xoşu gəlmədi, arvad-uşağını yığıb İŞİD-ə getdi

Süleymanovları Artmada Sirac Şahbazov qarşılayıb, onları evlə təmin edib. Suriyada olduğu müddətdə “Abu Yəhya” ilə sıx əlaqə saxlayıb. “Abu Yahya” onu Hələbin yaxınlığındakı Xaritan şəhərinə çağırıb. Çox keçməyib ki, “Abu Yahya” da döyüşlərdə ölüb: “Ailəmi götürüb Xaritana getdim, “Abu Yahya”nın köməkçisi Emin bizi qarşıladı, evlə təmin etdi. Mən “Abu Yahya”nın camaatına qoşuldum. Bir ay keçəndən sonra “Abu Yəhya”nın köməkçisi Emin məni postlara yazdı. Postda olduğum vaxt hücuma məruz qaldıq, camaat arasında yaralananlar oldu. Həmin camaat İŞİD-in nəzarətində idi. O ərəfələrdə “Abu Yəhya” da döyüşlərdə yaralandı, noyabda aldığı yaralardan öldü. Bu səbəbdən də onunla görüşə bilmədim. Mən heç bir əməliyyatda, postda olmamışam”.

“Səhv etdiyimi başa düşüb Azərbaycana qayıtdım...”

T.Süleymanov ifadəsində  Suriyada qopan fitnələri, qruplaşmalar arasındakı dava-dalaşı, anlaşılmazlıqları görüb Azərbaycana qayıtdığını deyib: “Təxminən altı ay İŞİD-ın tərkibində olandan sonra burada normal müsəlman cəmiyyətinin olmadığını görüb, Azərbaycana qayıtmaq qərarına gəldim. Bu barədə Eminə də söylədim, mənim qərarına etiraz edən olmadı. Səhv etdiyimi başa düşdüm. 2014-cü ilin fevralında ailəmi də götürüb vətənimə geri döndüm”.

T.Süleymanovun həyat yoldaşı ifadəsində deyib ki, Telman Süleymanovla 2009-cu ildə ailə həyatı qurublar. Bir il sonra Telman din qardaşlarının Şimali Vəzirista getdiklərini bilib və o da həmin əraziyə getməyi qərara alıb: “Pakistanda və Əfqanıstanda döyüşlər gedirdi. Dedi ki, bir müddət yaşayıb sonra qayıdacağam. Telman dostu Fəridlə birgə Vəziristana yola düşdü. Bir ay sonra xarici nömrə ilə zəng vurub tez bir zamanda Azərbaycana qayıdacağını dedi. Qayıtdıqdan sonra orada nə işlə məşğul olması haqda ətraflı heç nə demədi. Deyirdi ki, döyüşlərdə iştirak etməyib, yalnız postlara çıxıb. Dostu Fəridin bomba partlayışı zamanı öldüyünü dedi”.

“Müsəlmanlar bir-birini qırırdılar...”

Telman Süleymanovun arvadının bildirdiyinə görə, onlara Suriyada, İŞİD-in nəzarətindəki ərazilərdə “əsl islam qanunlarının hökm sürdüyünü”, yaxşı şəraitin olduğunu deyirdilər. Ona görə də Telman onu  və iki azyaşlı uşağını da götürüb Suriyaya apardı.

“Biz 2014-cü ilin əvvəllərinədək Xaritan şəhərində qalırdıq. İlk vaxtlar hər şey yaxşı idi. Mən evdə uşaqlarımla məşğul idim, Telman keşikdə durur, postlara çıxırdı. Amma heç bir döyüşdə iştirak etməyib. Suriyada olduğumuz müddətdə bizim camaatdakı bir çox azərbaycanlılar döyüşlər zamanı vəfat etdilər. Getdikcə Suriyada vəziyyət dəyişməyə başladı, artıq fitnə-fəsadlar baş qaldırır, müsəlmanlar bir-birlərinə qarşı döyüşürdülər. Telman bunları görüb təcili geri qayıtmağımızı bildirdi. Biz tez bir zamanda Bakıya qayıtdıq. Bura gəldikdən sonra Suriyaya getməkdə səhv etdiyimizi başa düşdük. Sumqayıtda ticarətlə məşğul olmağa öz həyatımızı davam etdirməyə başladıq”,-deyə qadın “əsl islam qanunları” yolunda illərdir radikal terrorçu birləşmələrin tərkibində qulluq eləmiş ərinin günahlarını azaltmağa çalışaraq bildirib.

Məhkəmə prosesi isə davam edir.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər