4449
Dünən 6 fevral — 12:14

Vəziyyət dəyişdi, indi məmurlar saçlarını ağartmalı olacaqlar...

Türkmənistanın dövlət strukturlarında və müəssisələrində işləyən, yaşı 40-dan yuxarı olan məmurlar üçün təzə qayda tətbiq edilir. Virtualaz.org “Azadlıq” radiosunun türkmən xidmətinə istinadən xəbər verir ki, indi məmurlara ağarmış saçlarını qara boya ilə ört-basdır etmək qadağan edilib. Əksinə, kimin saçları hələ də qara qalıbsa belələri saçlarına gümüşü çalar verməli olacaqlar.

Vəziyyətin bu cür dəyişməsi prezident Qurbanqulu Berdıməhəmmədovun imicinin dəyişməsi ilə bağlıdır. Bildirilir ki, dövlət strukturlarında belə şifahi göstəriş fevralın 1-dən yayılmağa başlayıb. Prezident Berdıməhəmmədov son vaxtlar imicini kəskin dəyişib və ictimaiyyət qarşısına ağarmış saçları ilə çıxır. Əvvəllər isə onun saçları qap-qara idi, qara rənglə boyanırdı.

Xəbərə görə məsələn, Lebap vilayətində məmurlara tapşırıblar ki, əgər prezident bu regiona gəlsə onunla görüşə ancaq ağsaçlı məmurlar buraxılacaqlar.

“Dövlət müəssisələrinin rəhbərləri deyirlər ki, əgər Arkadağ vilayətə gəlsə onunla görüşə əsasən ağsaçlı adamlar buraxılacaqlar”,-büdcə təşkilatı işçilərindən biri belə deyib.

İki il əvvəl isə dövlət strukturlarının ağsaçlı məmurlarını saçlarını rəngləməyə məcbur edirdilər. “İşlərini itirməkdən qorxaraq insanlar saçlarını boyamağa razılaşırdılar. İndi isə hətta saçlarının təbii rəngi qara olanlardan tələb edirlər ki, onları ağartsınlar”,-radiostansiyanın müxbirinə danışan mənbə bildirib.

Berdıməhəmmədovun saçları hələ 2006-2007-ci illərdə hakimiyyətə gələndə ağarmışdı, amma tezliklə onun saçlarının rəngi tünd şabalıdı oldu. 2008-ci ilin yayından başlayaraq isə Berdıməhəmmədov yenidən rəsmi KİV-lərdə dərc edilən foto və videolarda saçları bir az ağarmış görkəmdə göründü. Bundan sonra Aşqabad parixmaxerlərinə müştərilərin saçlarını rəngləməyi qadağan etdilər, işçilərlə prokurorluq əməkdaşları söhbət aparıblar və onlara ağarmış saçları boyamamağı tapşırıblar.

Xatırladaq ki, bir müddət əvvəl Türkmənistanın dövlət strukturlarının rəhbərlərinə təcili olaraq prezidentin yeni portretlərini alıb kabinetlərindən asmağı tapşırıblar. Həmin portretlərdə prezident yeni imicində görünür.

Virtualaz.org

Xəbərlər