463
Dünən 8 yanvar — 16:25

Zığda bir neçə binanın zirzəmilərini çirkab suları basıb, mənzilləri üfunət bürüyüb

Bakının Suraxanı rayonu, Zığ qəsəbəsində beşmərtəbəli binaların zirzəmilərinə çirkab  su dolur. Bu barədə qəsəbə sakinlərinin virtualaz.org-a ünvanladıqları müraciətdə deyilir. 

Sakinlər bildiriblər ki, xüsusilə 24 a və 24 b saylı binalarda vəziyyət bərbaddır. Nasoslar vasitəsi ilə suyu boşaltsalar da, birinci mərtəbədən beşinci mərtəbəyədək divarlar nəm çəkib, çatlar yaranıb.  “Demək olar ki, ayda iki dəfə zirzəmiləri təmizləyirik, amma nəticəsi olmur. Dəfələrlə ərazi mənzil istismar sahəsinə müraciət etmişik. Hətta Suraxanı Rayon İcra Hakimiyyətinin də məsələdən xəbəri var. Amma suyun mənbəyini tapmaq mümkün olmur. Binanın çökəcəyindən narahatıq",-sakinlər söyləyiblər. 

Zığ sürüşmə ərazisidir. Lakin son illər nizamsız məskunlaşma nəticəsində qəsəbədə yüzlərlə ev tikilib. Ehtimal edilir ki, binaların yaxınlığında tikilən fərdi evlərin kanalizasiya suları binaların zirzəmisinə axır. 

Sakinlər onu da deyiblər ki, zirzəmilərin su ilə dolması azmış kimi sahibsiz heyvanlar zibil tullantılarını həyətlərə qədər yayırlar. “Zibil qutularının ətrafı hasarlanmalıydı ki, sahibsiz heyvanlar tullantıları yaymasınlar, amma hələ də gözləyirik. Şəhərdə qurbağa səsindən yata bilmirik, qəsəbədə istənilən heyvan növünə rast gələ bilərsiz. Nəmişlikdən evlərdə xırda həşəratlar yayılıb”. 

135 saylı mənzil istismar sahəsindən isə bildiriblər ki, sakinlərin şikayətindən xəbərdardılar. Lakin zirzəmiləri təmizləmək üçün avadanlıqları yoxdur: “Bizə də müraciət ediblər, amma digər əlaqədar qurumlara müraciət etmələrini söyləmişik. Bizim əlimizdə elə avadanlıq yoxdur ki, araşdırıb suyu çəkək”.

Suraxanı Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, virtualaz.org-a edilən müraciətlə bağlı rayon icra başçısı Əziz Əzizova məlumat verilib. Və Ə.Əzizov sabah qəsəbəyə gedərək sakinlərin şikayətləri ilə yerində tanış olacaq.

Virtualaz.org

Xəbərlər