1253
Dünən 8 noyabr — 11:12

Balaxanıda misli görünməmiş işlər: qəsəbə simasını büsbütün dəyişir

Bakıətrafı qəsəbə və kəndlərin inkişafının yeni mərhələsi başlayıb. Bəlli olduğu kimi Prezident  İlham Əliyevin tapşırığı ilə hazırda paytaxtın kənd və qəsəbələrində yolların, küçələrin təmiri, əhalinin istirahəti üçün yeni park və bağların salınması, mövcud parkların yenidən qurulması, o cümlədən sosial obyektlərin təmir və abadlaşdırılması məqsədi ilə çoxsaylı layihələr həyata keçirilir.

Virtualaz.org xəbər verir ki, prezident Bakıətrafı qəsəbə və kəndlərin abadlaşdırılması məsələsinə noyabrın 4-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən bir daha toxunub. Dövlət başçısı bildirib ki, Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Şəhərin ekoloji vəziyyəti yaxşılaşır, əvvəlki illərdə şəhərin havasını çirkləndirən mənbələr aradan götürülüb.

“Onların arasında, ilk növbədə, keçmiş Balaxanı zibilxanasını qeyd etməliyəm. Bu zibilxana elə bir tüstü buraxırdı ki, havanın keyfiyyəti böyük dərəcədə aşağı düşmüşdü və insan sağlamlığına böyük zərər verirdi. İndi keçmiş Balaxanı zibilxanasının yerində müasir poliqon qurulub və zibilin çeşidlənməsi, bərk məişət tullantılarının yandırılması istiqamətində böyük addımlar atılıb, böyük investisiyalar qoyulub, zibilyandırma zavodu inşa edilibdir. Biz elə etməliyik ki, Bakı şəhəri abad olsun və vətəndaşları narahat edən problemlər aradan qaldırılsın”, - prezident deyib.

Virtualaz.org-un əməkdaşları Balaxanıya yollanıb, qəsəbədə aparılan abadlıq işlərinin şahidi olublar. Gördüklərimiz bunu deməyə əsas verir ki, bir vaxtlar neft gölməçələrinin, nəhəng zibil poliqonunun əhatəsində yerləşən, Bakının görkəmcə ən yoxsul, miskin qəsəbələrindən olan  Balaxanı indi simasını büsbütün dəyişir. Qəsəbənin küçələri abadlaşdırılır, infrastruktur yenilənir, bir sözlə, genişmiqyaslı abadlıq işləri görülür.

Yenilənən Balaxanı...

 

Yerli əhalinin “Stansiya” adlandırdıqları mərkəzi küçə hazırda əsl tikinti meydanını xatırladır. Bir-birinə yaxın parklarda  abadlıq işləri aparılır, bir yandan da müasir yol infrastrukturunun yaradılması istiqamətində işlər görülür. İlkin mərhələdə Səfəvilər (835 m), Sabir (685 m), Dirçəliş (819 m) və Şəfqət küçələrinidə kanalizasiya, su, işıq, telefon xətləri yenilənir.

Qədimi məhəllə plan forması qorunmaqla divarlar bərpa olunur, dam örtükləri dəyişdirilir, qəzalı vəziyyətdə olan eyvanlar təmir edilir, pəncərələr, darvazalar yenisi ilə əvəzlənir. Səfəvilər küçəsindən başlayan təmir-bərpa  bütün küçələrin birləşdiyi tarixi abidə-Ovdana qədər davam edəcək. Sonra isə küçələrə qənbər daşları döşənəcək. Bu, küçələrə gözəl görünüş verməklə yanaşı, həm də qəsəbənin tarixinin qorunub saxlanılmasına hesablanıb.

Sakin: “Gecə-gündüz şükr edirəm”

 

Küçələrdə demək olar ki, hər dalan fərqli rəngə boyanır, sanki qədimliklə müasirlik bir-birini əvəzləyir, amma təzad yaratmır,  bir-birini tamamlayır. Bəzi küçələrdə qırmızı suvaqlı evlər var, yerli sakinlər deyirlər ki, bu evlərin ən azı 115-150 yaşı var. Qəsəbənin tarixini qoruyub saxlamaq üçün bu evlərin əvvəlki görkəmini saxlanılmasına xüsusi diqqət göstərilir.

Bütün darvazaların, pəncərələrin qarşısına dibçəklər qoyulur, içərisində Türkiyə və İtaliyadan gətirilən güllər, dekorativ bitkilər əkilir. Boş sahələrdə isə qazıntı aparılır, tezliklə meyvə ağacları əkiləcək.   

Səfəvilər küçəsində dalanlardan birinə giririk, dalan artıq abadlaşdırılıb, daha çox istirahət parkını xatırladır. Sarmaşıqlar divarları yaşıla boyayıb, müxtəlif güllər, meyvə ağacları əkilib. Quş həvəskarı olan sakinlər də unudulmayıb, quş damını müasir və fərqli dizaynda düzəldəcəklər.

Həmin dalanda yaşayan 84 yaşlı Bəyim Məmmədova danışır ki, illərdir tozdan-palçıqdan məhəllələr keçilməz olurdu. “Göydən bir damla su düşən kimi kanalizasiya daşırdı, çirkab dolu su həyətlərimizi basırdı, bir tərəfdən də üfunətdən nəfəs almaq mümkün olmurdu. İndi bu təmirə baxıb gecə-gündüz şükr edirik, möhtərəm prezidentimizə, onun xanımına sakinlər adından minnətdarıq”.

Sakinlərdən Elnur Hüseynov da president və ölkənin birinci xanımına minnətdarlıq edib. E. Hüseynov söyləyib ki, evinin küçəyə baxan eyvanı uçub-dağılıbmış. Təhlükəli vəziyyət yarandığından qapıya qıfıl vurub: “Gəldilər, baxan kimi dedilər ki, söküb yenisini tikəcəyik. Vəd etdikləri kimi sökdülər, daha gözəlini tikdilər”.

Amma təkcə eyvanlar, qapı-pəncərələr deyil, mağazalar, ofislər də sökülür, yerində yenisi inşa edilir, heç bir təmənna olmadan sahibinə qaytarılır. Bəlkə də, elə buna görədir ki, yerli sakinlər də tikinti aparan fəhlələrə həvəslə kömək edirlər, kimi əlində çəkic söküntüyə, kimi də bərpa işlərinə yardım göstərir, çay gətirən, yeməyə dəvət edənlər də var.

Qəsəbə sakinlərinin toplandığı məkan

Balaxanının mərkəzi hesab edilən əsas küçədə bir-birinin yanında 3 park yerləşir. Onlardan birində- Böyük Vətən Müharibəsinə yollanan 1678 balaxanılının şərəfinə salınmış və qəsəbə sakinlərinin “41-45” adlandırdıqları parkda təmir işləri yekunlaşıb. Bir qədər irəlidə görkəmli şair Sabirin adını daşıyan parkda isə abadlıq işləri davam etdirilir. Uçub-dağılmış daşlar çıxarılıb, yerə ağ daş döşənir, köhnə taxta oturacaqlar yenisi ilə əvəzlənir, dekorativ bitkilər, şam ağacları əkilir.

70 yaşlı qəsəbə sakini Naməli Nəcəfov deyib ki, park təxminən 1950-ci illərdə istifadəyə verilib. İllərdir xırda təmir işləri aparılsa da, yalnız indi əsaslı təmir olunur: “Yadıma gəlir ki, əvvəlki heykəl fərqli formada idi, sonra dəyişdilər. Mən o zaman gördüyünüz bu binada, Sabirin adını daşıyan 83 saylı məktəbdə oxuyurdum”.

Digər sakin Eldar Əliyev isə deyib ki, parkın yaxınlığında gördüyümüz binada görkəmli şair Sabir dərs deyib, özü də, 78 yaşlı qardaşı da bu məktəbdə təhsil alıb: “4 illik məktəb idi. Məktəbdə Sabirin şəxsi əşyaları vardı, götürüblər, təmirdən sonra yerinə qoyulacaq. Bu park sovet dövründə salınmışdı, illərdir təmir edilməmişdi. Axşamlar qəsəbə sakinlərinin toplandığı yeganə məkandır”.

Onu da öyrənirik ki, Balaxanıda dərs deyən zaman Sabirə məktəbin yanında bir otaqlı ev verilib. Sonradan kitabxana kimi fəaliyyət göstərən bina təmirsizlikdən uçulub-dağılıb. Hazırda həmin binada da təmitr işlərinə başlanılıb. Bina təmirdən sonra kitabxana kimi fəaliyyət göstərəcək.

Azyaşlılar üçün yelləncəklər quraşdırılıb, quşlar üçün qəfəslər qoyulub

Yaşlıların toplandığı park var, bəs azyaşlılar harada istirahət edirlər? Bizə nişan verilən parka üz tuturuq. Sahəsinə görə digər iki parkdan böyük olan ərazinin bir hissəsi “Şəhidlər Xiyabanı” üçün ayrılıb,  Qarabağda şəhid olan 22 balaxanılının adı əbədiləşdirilib. Bir qədər irəlidə isə azyaşlılar üçün yelləncəklər quraşdırılıb, qəfəslər qoyulub, içərisində dovşan, quş saxlayırlar.

“Təxminən 3 həftəyə yaxındır təmir işləri yekunlaşıb, gördüyünüz oturacaqlar yeni qurulub, idman meydançası tikilib, ağaclar əkilib. Hələ bir qədər qarşıda tədbirlərin keçirilməsi üçün amfiteatr da tikiləcək”,- bunu isə bələdçimiz  deyir.

Əlavə edir ki, yaşıllıq ərazilərinin sahəsi genişlənir, yeni ağaclar əkilir, çalışırlar ki, zibilliyin vurduğu zərəri yaşıllığın sayəsində azaltsınlar.

Balaxanı artıq zibilliklə deyil, tarixi abidələrlə tanınacaq

Zibillikdən söz açmışkən, Balaxanıda bir vaxtlar Bakının az qala, bütün məişət tullantılarının qalaqlandığı, üfunət saçan zibilxanasından əsər-əlamət qalmayıb. Bakı Məişət Tullantılarının Çeşidlənməsi və Yandırılması zavodlarının tikilməsindən sonra üfunət mənbəyi aradan qalxıb, üstəlik şəhərdən Balaxanı istiqamətinə yeni yol tikilib.

“Kaş buranın əvvəlki vaxtını görəydiz, milçək əlindən göz aça bilmirdik”,- şəkil çəkdiyimizi görən yaşlı sakinlərdən biri məlumat verir.

83 yaşlı Ağamirzə Babayev isə son bir neçə il ərzində qəsəbənin abadlaşdırılması istiqamətində böyük işlər görüldüyünü söyləyib: “Hazırda Balaxanı çox dəyişib. Əvvəl burada zibil iyindən oturmaq mümkün deyildi. Bəzən yandırırdılar, tüstü evlərə dolurdu. Qəsəbə həm təbiətə böyük ziyan vururdu, həm də, camaat imkan tapdıqca köçüb gedirdi, heç kim burada qalmaq istəmirdi. Xüsusən Gilavar əsəndə kəndi iy bürüyürdü, zibilliyə görə buranı milçək basmışdı. Şükür Allaha ki, bunlar keçmişdə qalıb. Görülən işlərdən çox razıyıq”.

Qeyd edək ki, zavodda gündə 350 ton zibil çeşidlənir, ümumilikdə isə müəssisə il ərzində 200 min ton zibili çeşidləmə gücünə malikdir.  “Balaxanı artıq zibilliklə deyil, tarixi abidələrlə tanınacaq”,-bələdçimiz yeniliklərin anonsunu verir.

P.S. Balaxanıdakı qədim abidələr və daha nələr  haqda gələn sayımızda…

Reportyor qrupu: Ü.Xudiyeva, G.Əliyeva.İ.Rafiqqızı

Virtualaz.org

Xəbərlər