829
Dünən 5 noyabr — 14:27

Azərbaycanda fındıq istehsalı azaldı?

Azərbaycanda bu il fındıq istehsalının azalacağı, eyni zamanda ölkənin dünya bazarındakı payının 7 faizdən 4 faizə qədər enəcəyi gözlənilir. 

Virtualaz.org xəbər verir ki, bu iddia ilə İstanbul Fındıq və Məhsul İxracatçıları Birliyinin rəhbəri Əli Heydər Görən çıxış edib. 

Birlik rəhbərinin sözlərinə görə, Türkiyə 2017-2018-ci il  mövsümündə 515 min ton istehsalla fındıq bazarının yüzdə 56-nı əldə edib. 2018-2019-cu mövsüm təxminlərinə görə isə, 776 min ton istehsalla dünya bazarında payı 69-a çatacaq. Sentyabrda artıq ixracda rekord göstərici əldə edilib. 

“Fındıq istehsalında Türkiyənin rəqibi hesab edilən və ötən il 125 min tonla dünya bazarında 14 paya sahib olan İtaliya da geriləyib. Bu il istehsal 100 min tona, dünya bazarındakı payı isə 9-a enəcək. Digər rəqib Azərbaycanda da istehsalın 68 min tondan 42 min tona düşəcəyi, eləcə də bazardakı payının 7-dən 4-ə qədər azalacağı gözlənilir”,-Görən əlavə edib. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə isə virtualaz.org-a bildirib ki, Azərbaycanda fındıq istehsalı heç vaxt 68 min tona çatmayıb. Məsələn, ötən il 52 min ton, 2017-ci ildə 45 min ton, 2016-cı ildə isə 34 min ton fındıq istehsal edilib. 

“Azərbaycan fındıq istehsalına görə Türkiyə və İtaliyadan sonra 3-cü yeri tutur. Hazırda 39 min hektar sahədən fındıq yığılır, amma əkin sahələri 75 min hektara çatdırılıb. Bu isə o deməkdir ki, yeni bağlardan məhsul yığılandan sonra əksinə istehsal artacaq. Hətta Azərbaycanın İtaliyanı üstələyəcəyi, ikinci yerə sahib olacağı proqnozlaşdırılır ”, -Fikrətzadə belə deyib.  

Mərkəz direktoru onu da söyləyib ki, Əli Heydər Görənin Azərbaycan və İtaliya ilə bağlı səsləndirdiyi göstəricilər fındıq istehsalçılarının birləşdiyi beynəlxalq təşkilatdan götürülüb. Hansı ki, bu təşkilat mütəmadi yanlışlığa yol verir: “Ötən il 18 min 500 ton fındıq ləpəsi ixrac edilib, bundan da Azərbaycan 94 milyon dollar qazanıb. Təkcə son 9 ayda 16,4 min ton, başqa sözlə 89 milyon dollarlıq fındıq ləpısi ixrac olunub. Bu isə 69 faiz artım deməkdir”.

Azərbaycan fındığının əsas bazarı İtaliya, Rusiya və Almaniyadır. Hazırda dünya bazarında fındıq ləpəsinin qiyməti 6-8 dollar arası müəyyənləşib.“Fındığın qiymətinin son illər enməsi müşahidə edilirdi. Buna görə də bir müddət əvvəl Türkiyədə fındıq istehsal edən üç ölkənin-Türkiyə, Azərbaycan və Gürcüstanın nazirlərinin iclası keçirildi. Qərara alınıb ki, qiymətlərin fermerlər üçün əlverişli olması təmin edilsin. Həmçinin dünya bazarında qiymətlərin azalmasına imkan verilməsin”,-Fikrətzadə söyləyib. 

Bu ildən Türkiyədə fındığın fermerlərdən alış qiyməti artıb, ötən həftə ilk dəfə olaraq qiymət 16-17 türk lirəsinə yüksəlib.  Azərbaycanda isə hazırda sahədən alış qiyməti keyfiyyətinə görə 2 manat 50 qəpik-3 manat 90 qəpik arası dəyişir. 

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər