1076
Dünən 3 oktyabr — 14:27

Məşhur teleoperator Cabbar Məmmədov Bakıda evsiz, çarəsiz qalıb...

Ömrünün 50 ilini müxtəlif televiziya kanallarında operator işləyən Cabbar Məmmədov Bakıda evsiz qalıb. Bunun səbəbi isə keçmiş həyat yoldaşı ilə aralarında yaranmış münaqişədir. Keçmiş arvadı Cabbar Məmmədovun nigahdan əvvəl aldığı mənzilə iddia edir, məhkəmə isə bu mübahisədə haqq-ədaləti deyil, teleporetarun canını boğazına yığan keçmiş arvadının tərəfini tutub.

C.Məmmədov virtualaz.org-a başına gələnlər  haqda danışıb. Mübahisə predmeti olan, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 66 ünvanındakı 5 saylı mənzilin ona məxsus olduğunu, lakin mülkiyyət hüquqlarının məhkəmə tərəfindən pozulduğunu deyib.

C.Məmmədovun sözlərinə görə, 1976-cı ildən həmin mənzildə qeydiyyatda olub. Keçmiş həyat yoldaşı Ziba Məmmədova mənzilə 1977-ci ildə, qızı Günel isə 1980-cı ildə qeydiyyata düşüb: “Mənzil mənə məxsusdur, order də mənim adımadır. Anam Mərdəkanda 12 saylı xəstəxanada həkim işləyirdi. Həyat yoldaşım tibb bacısı idi. O vaxt anam qızı özü görüb bəyənmişdi. 30 yaşım olsa da evlənmək fikrim yox idi. Çünki işlə əlaqədar günlərlə, həftələrlə məzuniyyətlərdə olurdum...”.

Anasının təkidi ilə ailə qurduğunu deyən C.Məmmədovun həyat yoldaşıyla ulduzları heç cür barışmayıb. C.Məmmədov bildirib ki, Ziba Məmmədova ilə 1977-ci ildə ailə həyatı qurub. Birgə nikahdan 1980-cı ildə qızları anadan olub. Ər-arvad arasında mütəmadi olaraq narazılıqlar yaranıb. Qayınatası tərəfindən hədə-qorxulara, təzyiqlərə məruz qalmasına baxmayaraq evliliyi uzun sürməyib. Qızı Günel anadan olandan bir ay sonra C.Məmmədov özünə məxsus olan əşyaları yığıraq anasının yaşadığı mənzilə köçüb.

Ziba Məmmədova isə körpəsi ilə birgə keçmiş ərinin evində  yaşamağa davam edib. C.Məmmədov 1993-cü ildə qeyri-rəsmi ailə həyatı qurub: “Ziba xaraktercə qısqanc olduğuna görə mənimlə yola getmirdi. Həmin ərəfədə Moskvada məzuniyyətdə idim. Bakıya qayıdanda yoldaşımla mübahisəmiz düşdü. 1993-cü ildə rəsmi olaraq ayrıldıq. Həyat yoldaşımdan boşandıqdan üç il sonra başqa bir qadınla qeyri-rəsmi ailə qurdum. Həmin qadından iki uşağım, 5 nəvəm var”.

Şikayətçinin dediyinə görə, mənzilin mülkiyyətçisi olmasına baxmayaraq qızının və keçmiş arvadının ucbatından öz evinə normal şəkildə gedib-gələ bilmir. Hər dəfə təzyiqlərə və hədələrə məruz qalır: “Evsiz qalmışam, mənə məxsus mənzilə məni yaxın buraxmırlar. Hazırda kirayədə qalıram. Bunlar məni səfil vəziyyətinə salmaq istəyirlər. Müharibə veteranıyam, güllə altında işləmişəm, çəkilişlər aparmışam. İstədiyim odur ki, razılıq versinlər, mənzili özəlləşdirim, pulu yarı bölək, qızıma da ayrıca ev alım. Keçmiş arvadım qızımı uşaqlıqdan öyrədib ki, guya atan ölüb. Qızım son vaxtlara kimi elə bilirdi ki, atası ölüb, məhkəmədə öyrəndi ki, atası əslində sağ imiş...”.

Keçmiş həyat yoldaşı ilə ümumi razılığa gələ bilməyən C.Məmmədov sonda məhkəməyə üz tutub. Ziba və Günel Məmmədovaların mənzildən çıxarılması üçün  Yasamal rayon Məhkəməsində iddia qaldırıb.  Həmçinin, cavabdehlərin hər ikisinin mənzilə olan istifadə hüququna 11 min manat kompensasiya ödənilməklə xitam verilməsi ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş edib.

Yasamal rayon məhkəməsində keçirilən məhkəmə iclaslarında C.Məmmədovun nə qızı, nə də ki keçmiş həyat yoldaşı iştirak etməyib. İşə cavabdehlərin iştirakı olmadan baxılıb və iddia təmin edilib.

Məlum olub ki, sözügedən mübahisəli mənzil tərəflərin birgə nikahları dövründə əldə edilməyib. Məhkəmə hesab edib ki, cavabdehlərin mənzildən istifadə hüququna xitam verildikdən sonra onların mübahisəli mənzildən çıxarılması təmin edilməlidir. Çünki mübahisəli mənzildə cavabdehlərin yaşaması mülkiyyətçinin hüququnu poza bilər.

Ziba və Günel Məmmədovalar Yasamal məhkəməsinin hökmündən xəbər tutaraq apellyasiya şikayəti veriblər. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını və yeni qətnamə çıxarılmasını xahiş ediblər. Həmçinin, C.Məmmədova qarşı qarşılıqlı iddia ərizəsi verərək, onun özünün Yasamal rayonu, Şəruifzadə küçəsi, ev 66, 5 saylı mənzilə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını yuxarı instansiyadan istəyiblər.

Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin onların iştirakı olmadan keçirildiyini, iddiaçının 40 ilə yaxın müddətdə ailəsi ilə maraqlanmadığını, ayrı yerdə yaşadığını göstəriblər. C.Məmmədovun qızı apelyasiya şikayətində heç vaxt atasının üzünü görmədiyini, yalnız bir il öncə onun sağ olduğunu bildiyini deyib.

Apellyasiya Məhkəməsi 2019-cu il mayın 15-də bu şikayətə baxıb və təmin edib, Yasamal rayon Məhkəməsinin qətnaməsi ləğv edilib. Yuxarı instansiyanın çıxardığı qərara əsasən Cabbar Məmmədov ona məxsus olan mənzildən istifadə hüququnu da itirmiş olur.

C.Məmmədovun sözlərinə görə, iki il öncə anası vəfat edib. Mərhum özünə məxsus mənzili qızının övladlarına bağışladığına görə hazırda həmin mənzildə indi C.Məmmədovun bacısı qızları yaşayır. Onun özü isə kirayədə qalır.

Mülkiyyət hüququnun pozulduğunu, faktiki olaraq evsiz qaldığını deyən C.Məmmədov Apellyasiya Məhkəməsinin qərarını qərəzli, qeyri-obyektiv və ədalətsiz adlandırıb.

“Apellyasiya Məhkəməsi hansı əsasla məni mənzilimdən məhrum edir? Bu, tamamilə ədalətsiz, qanunsuz hökmdür. Mən bu ahıl yaşımda öz mənzilimdən məhrum edilib küçələrdə yaşamalıyam? Bu mənzil nigahdan əvvəl alınıb və qanuna görə ancaq mənə məxsus olmalıdır. Amma mən məsələnin sivil həllinə tərəfdar olmuşam, mənzili satıb pulunu yarı bölməyi təklif etmişəm. Onlar isə razılaşmır, hamısına iddia edir”,-o deyir.

C.Məmmədovun vəkili Fərid Qurbanov isə virtualaz.org-a açıqlamasında Apellyasiya Məhkəməsinin işin mahiyyətinə uyğun gəlməyən əsaslarla qətnamə qəbul etdiyini və qərəzli mövqedə olduğunu deyib: “İddiaçının fikirləri tamamilə təhrif olunub. Belə ki, Cabbar Məmmədov evindən qovulduğunu bildirdiyi halda məhkəmə guya onun könüllü olaraq evdən getdiyini göstərib. Avtoqəza nəticəsində aldığı xəsarətlərə görə uzun müddət - 6 ilə yaxın müalicə olunub. Lakin məhkəmə bu halları onun özünə başqa yaşayış yeri seçməsi kimi qiymətləndirib. Məhkəmə işin mahiyyətinə uyğun gəlməyən əsaslarla qətnamə qəbul edib. Bu isə hüquqi baxımdan düzgün sayıla bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara, və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Bu da apelyasiya instansiyasının iddia tərəfə qərəzli olduğunu deməyə əsas verir”.

Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib. Kassasiya şikayətinə hakim Yeganə Vəliyevanın sədrliyi ilə oktyabrın 16-da Ali Məhkəmədə baxılacaq.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər