1503
Dünən 2 oktyabr — 16:02

Bakıda bu park prezidentin gözünə sataşdı və…

Xəbər verildiyi kimi prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva ötən gün Bakının Nərimanov rayonundakı Atatürk prospektində yerləşən Atatürk parkının əsaslı yenidənqurmadan sonra açılışında iştirak ediblər. Prezident parkda sakinlərlə söhbətində demişdi ki, parkın acınacaqlı halda olduğunu bu ilin əvvəllərində görüb. Və dərhal göstəriş verib ki, abadlaşdırılsın...

“Mən ilin əvvəlində burada idim, yeni İnnovasiya Mərkəzinin açılışında. Oradan çıxanda gördüm ki, bu parkın vəziyyəti çox acınacaqlıdır, dözülməzdir. Göstəriş verdim ki, burada abadlıq işləri aparılsın və 6,5 hektarı əhatə edən bu park qısa müddət ərzində yenidən quruldu, ən gözəl səviyyəyə çatdırıldı”,-prezident deyib.

Virtualaz.org saytının əməkdaşları prezidentin ardınca bu gün parka yollanıb, orada şəhər sakinlərinin istirahəti üçün yaradılan şəraitin yaxından şahidi olublar.

“Bu park da mənim kimi qocalmışdı…”

...Uzun illər baxımsız qaldığından uçub-dağılmış, kiçik daxma tipli iaşə obyektləri ilə dolu olan, xarabalığı xatırladan parkdan indi əsər-əlamət qalmayıb. Park ərazisinin landşaft dizaynı yenilənib, rahat oturacaqlar qoyulub, uşaqların əylənməsi üçün yelləncəklər, həmçinin trenajor qurğuları quraşdırılıb. Atatürk parkını digər parklardan fərqləndirən əsas özəlliyi burada bütün yaş qruplarının istirahət və əylənməsini təmin edəcək xüsusi guşələrin olmasıdır.

Sakinlər deyirlər ki, ərazidəki yeganə istirahət məkanında abadlıq işlərinin aparılması, üstəlik həm yaşlıların, həm də uşaqların istirahəti üçün şərait yaradılması sevindiricidir. “İllər keçdikcə, hər şey öz keyfiyyətini itirir. Bu park da mənim kimi qocalmışdı, baxıma ehtiyacı vardı. Vaxtilə gözəl park idi, amma sonradan dağılmışdı. Sağ olsunlar, görün necə gözəl park salıblar, biz də gəlib dincəlirik. Özünüz də görürsünüz ki, keyfiyyətli iş görüblər”, - parkda dincələn təqaüdçülərdən biri deyib.

Konsert və digər tədbirlər üçün xüsusi səhnə

Atatürk parkının məkəzində tikilmiş xüsusi səhnə də diqqəi cəlb edir. Sakinlər bildiriblər ki, burada konsert və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub. Həmçinin sakinlər bayram və şənliklər münasibətilə parkın mərkəzindəki meydançaya toplaşa biləcəklər.

Parkda azyaşlıların əylənməsi üçün quraşdırılmış yelləncəklər üçün növbə gözləyənlər var. Yaxınlıqda yaşayan Arzu Məmmədova deyib ki, səhər tezdən parkdadır, uşaq parkı o qədər xoşlayıb ki, evə getmək istəmir. Elə özü də yaradılan şəraitdən məmnundur.

Azyaşlı uşaqları ilə parka gələn Gülmirə Osmanova isə söyləyib ki, parkın belə tez müddətdə təmir olunaraq açılmasını gözləmirmiş: “Üç ay yayı rayonda olmuşuq. Qayıdan kimi də parkın açılışı oldu, sevincək uşaqları götürüb gətirdim. Çox sevinirlər, yelləncəklərdə əylənirlər. Ən əsası da burada bütün uşaq əyləncələri pulsuzdur. Həm uşaqlarımız oynayır, həm də biz valideynlər dincəlirik”.

Dönərxana, çayxana yoxdur, təkcə “Çinar” kafesi var...

Sakinlər parkı həm də ona görə bəyəndiklərini deyirlər ki, burada əvvəlki kimi dönərxana və addımbaşı rast gəlinən çayxanalar yoxdur. Park ərazisində yalnız bir kafe var, qalan ərazi yaşıllıq və əyləncə qurğularında ibarətdir. Parkda həm də xüsusilə gənclərin maraq göstərdiyi trenajorlar qurğulatı quraşdırılıb. Açılışdan cəmi bir gün keçməsinə baxmayaraq artıq parkda idman edənlərə də rast gəlirik.

Qeyd edək ki, ümumi sahəsi 6.5 hektar olan bu istirahət məkanının digər özəlliyi də velodiped meydançasının olmasıdır. Burada sakinlərin bir-birinə mane olmadan, rahat şəkildə istirahət etmələri üçün velosiped və qaçış zolaqları, eləcə də, axşam saatlarında parkın yaxşı işıqlandırılması üçün yeni, ən müasir işıq dirəkləri quraşdırılıb.

Xatırladaq ki, son illər Bakıda bir neçə bu cür müasir istirahət parkları yaradılıb, sakinlərin ixtiyarına verilib.

Xəbərlər