628
Dünən 9 sentyabr — 16:44

Sabirabadda daha 2 nəfər qarayaraya yoluxdu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Sabirabadda iki nəfərin qarayaraya yoluxması ilə bağlı açıqlama yayıb.

Agentlikdən virtualaz.org-a bildiriblər ki, Səhiyyə Nazirliyindən Sabirabad rayonu Qaragüney və Həşimxanlı kənd sakinləri Muradov Yunis Möhübbət oğlu və İsgəndərov Rəvan Ülvi oğlunda qarayara xəstəliyi ehtimalı ilə bağlı agentliyə daxil olan məlumat əsasında mütəxəssislərindən ibarət araşdırma qrupu yaradılıb.

Qrup hadisənin baş verdiyi əraziyə ezam olunub. Araşdırma qrupu tərəfindən xəstəlik törədicisinin mənbəyinin müəyyən olunması məqsədilə epidemioloji və epizootoloji araşdırmalara başlanılıb.

Hazırda agentliyin mütəxəssisləri tərəfindən laborator müayinələr və epidemioloji araşdırmalar, ehtimal olunan xəstəliyin törədicisinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Araşdırmaların nəticələri məlum olduqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək.

*   *   *15:53

Sabirabad rayonunda daha 2 nəfər qarayara xəstəliyinə yoluxub. Onlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, 26 və 34 yaşlı qaryaraya yoluxan şəxslər xəstəxananın infeksion xəstəliklər şöbəsinə yerləşdirilib. Onlara qarayara diaqnozu qoyulub. Hazırda vəziyyətləri orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı Azərbaycan Qida Təhlükəsizlik Agentliyi məlumatlandırılıb, artıq araşdırmalara başlanılıb. Xəstəxanadan isə bildiriblər ki, xəstələrdən biri rayonun Qaragüney, digəri isə Həşimxanlı kənd sakinidir.

Qaragüney kənd sakinləri virtualaz.org-a bildiriblər ki, kənddə ət satışı ilə məşğul olan 3 nəfər xəstəxanaya aparılıb, onlardan yalnız birində qarayaraya yoluxma aşkarlanıb.

“Murdar işlə məşğul idi. Deyilənə görə, o, leş əti satırmış. Yəqin ki, araşdırmadan sonra bəlli olacaq”,-sakinlərdən bildirib.

Qeyd edək ki, bu ilin iyulun 25-də Sabirabadda daha iki nəfər qarayaraya yoluxmuşdu, onlardan biri ölmüşdü. Qarayara insandan insana keçmir, xəstə heyvanın emalı zamanı yoluxur. Rəsmi statistikaya görə, 2014-cü ildə 10, 2015-ci ildə 9, 2016-cı ildə 10, 2017-ci ildə 6, 2018-ci ildə 9, bu il isə 7 nəfər qarayaraya yoluxub. 2014-cü ildən indiyədək ölüm qeydə alınmamışdı. Xəstəlikdən qorunmağın ən yaxşı yolu xəstə heyvanların ətinə toxunmamaq, baytar nəzarəti olmayan yerlərdən ət almamaq, əti çiy yeməmək və yarıbişmiş yeməkdən qaçmaqdır. Qarayara xəstəliyindən ölən heyvanları uyğun bir şəkildə basdırmaq və ya yandırmaq yayılmanın qarşısını alır. Xəstəlikdən ölən heyvanların bütün təbii dəlikləri (ağız, burun) tamponlanaraq, 2 metr dərinliyində çuxura atılır və üzərinə dezinfeksiyaedici maddə (əhəng və.s) tökülür, sonra torpaqlanır.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər