385
Dünən 8 sentyabr — 15:38

Evinizi səliqəyə salmaq sizi xoşbəxt edə bilərmi?

"Evinizdə səliqə həyatınızı tamamilə dəyişə bilər." Bu, yaponiyalı səliqə-sahman təbliğatçısı Marie Kondonun cəlbedici vədidir.

Onun "Səliqə-sahmanın həyat dəyişən ovsunu" adlı kitabını təxminən 11 milyon insan alıb. Kondo-nun Netflix-dəki verilişinə isə milyon nəfər adam baxıb. Bu insanlar minimalist xoşbəxtlikdən faydalanmaq ümidindədirlər.

Onun KonMari adlanan səliqə-sahman metodu çox sadədir - evinizi kateqoriyalara görə səliqəyə salın, otaqlara görə deyil; seçib ayırmazdan əvvəl hər şeyi üzə çıxarın, öz materializminizin nə qədər dəhşətli olduğunu anlamağa çalışın və nəhayət ancaq sizə lazım olan şeyləri saxlayın.

Onun həyatımızdakı əşyaların sayını azaltmaq missiyasından heç nə sığortalanmayıb - paltarlar, mətbəx əşyaları, kağızlar və ən mübahisəlisi isə kitablar.

Kondo bu sadə və səliqəli həyat tərzini dəstəkləyən yeganə şəxs deyil. Britaniyada Mrs Hinch kimi tanınan Sophie Hinchliffe, Instagram və TV-dəki izləyicilərinə təmiz və səliqəli evin daha yaxşı həyata necə yol açdığını nümayiş etdirir.

California-da isə peşəkar səliqə-sahman mütəxəssisi Beth Penn bu barədə kitab yazıb və evlərini səliqəyə salmaq istəyən insanlara kömək etmək məqsədilə şirkət qurub.

İnternetdə bununla bağlı onlarla başqa kitab və xidmət də tapmaq mümkündür.


Lakin bir çoxlarımız üçün dağınıqlıq ciddi problem kimi görünməyə bilər.

Səliqəsizlik bizə qədəhimizi qoymaq üçün yer tapmaqda çətinlik yarada bilər, ya da ayaq barmağımızı bilmədən idman alətlərindən birinə çırpa bilərik.

Lakin bir çoxlarımız üçün məhz bu səliqəsizlik yaşadığımız binanı evə çevirir.

"Əşya toplamağı sevən insanlar üçün əşyalar rahatlıq və təhlükəsizliyi təmsil edir," Bath Universitetində kliniki psixoloq olan James Gregory deyir.

Ən pis halda isə əşya toplamaq insanları keyfiyyətli həyatdan məhrum edən tibbi nasazlıq hesab edilə bilər.

Yale Universitetində həyata keçirilmiş bir araşdırma zamanı belə problemi olan insanların beyin analizindən istifadə edilib və aydın olub ki, həmin insanlar üçün əşyaları tullamaq beyində həmçinin ağrıya cavabdeh olan hissəni aktivləşdirir.

Bəzilərimiz üçün özündə müəyyən emosional xatirəni saxlayan əşyalar kimliyimizin bir hissəsini təşkil edə bilər ki, bu da həmin əşyadan yaxa qurtarmaqda bizə mane ola bilər.

Misal üçün, məktəbdə oxuyarkən geyindiyiniz idman köynəyini atmaqda çətinlik çəkirsinizsə, bu, sizin həmin köynəyə deyil, onun arxasındakı xatirəyə bağlılığınız deməkdir. Bəlkə də siz həmin köynəyi bir daha heç vaxt istifadə etməyəcəksiniz.

Həmin köynəkdən yaxa qurtarmaq sanki öz kimliyinizdən imtinanı təmsil edə bilər, Gregory deyir.

Bəs görəsən bu əşyaları toplamaq həyatımızı daha yaxşı edirmi? Yoxsa daha az əşya ilə daha xoşbəxt ola bilərik?


Şübhəsiz səliqəsiz yerdə yaşamaq həyatımızın müxtəlif sahələrinə mənfi təsir edə bilər.

Princeton Universiteti psixoloqları Stephanie McMains və Sabine Kastner aşkar ediblər ki, səliqəsizlik bizə işimizə köklənməkdə mane ola bilər.

Bəlkə elə buna görədir ki, bəzi insanlar səliqəsiz masada işləyə bilmirlər.

Ətrafımızın səliqəsiz olması bizi narahat və stressli edə bilər. Səliqəsizlik həmçinin yuxusuzluğa və ziyanlı yeməklərə yol aça bilər.

Elmi araşdırmalar göstərir ki, Kondo haqlıdır və səliqə-sahman özümüzü gümrah və rahat hiss etməyimizə kömək edə bilər.

"Evinizin səliqəli olmasının ən böyük üstünlüklərindən biri odur ki, sizi axtardığınız əşyanı rahat tapa bilməyiniz stresindən qoruyur," Keele Universitetinin məruzəçisi Chris Stiff deyir.

Səliqəli mühitin aydın düşüncəmizə kömək etməsi sübut olunub. Misal üçün, Navarra Universitetinin araşdırmaçıları aşkar ediblər ki, insanlar dağınıq şəraitdə daha çox səhvlər edirlər nəinki, səliqəli mühitdə.

"Səliqə-sahman səndə məqsədinə çata bilmək hissini yaradır," Stiff əlavə edir.

Stiff hesab edir ki, KonMari metodu təfərrüatlı təlimatla yanaşı, düşüncə azadlığını da verir ki, bu da məqsədinə çatmaqda sənə kömək edir.


London Universiteti Kollecinin koqnitiv neyrobioloqu Sophie Scott da hesab edir ki, necə icra olunmasından asılı olmayaraq səliqə-sahman beyində dopamin kimyəvi maddəsini azad edir, başqa sözlə beyində həzzə yol açır.

Son vaxtlar vloqqerlərin də dəb halına saldığı səliqə-sahmanla bağlı videolarda yeni dəbə uyğun əşyaların alınması, köhnələrin isə atılması məsləhət görülür.

Scott hesab edir ki, bu, ikiqat həzz yaradır, biri səliqə-sahmandan, digəri isə yeni əşyaların alınmasından.

Lakin o, eyni zamanda xəbərdarlıq edir ki, yaxşı təmizlik bizi xoşbəxt etsə də, bu o zaman əhvalımızı tamamilə düzəldəcək ki, qarşımıza öhdəsindən gələ biləcəyimiz tapşırıqlar qoyaq.

"Uğursuzluğa düçar olmağınız sizi daha da bədbin edəcək," Scott deyir.


Bəs xoşbəxt həyat naminə öz əşyalarımızdan imtina etməliyikmi?

Bəzi dindar şəxslər sadə həyata üstünlük veriblər. Onlar əşyaların azad həyat sürüblər.

Lakin biz yəqin ki, dərin bağlılığımızın olduğu bəzi əşyaları atarkən diqqətli olmalıyıq.

"Bu, çox neqativ hadisəyə çevrilə bilər, lakin eyni zamanda keçmişinizdən yaxa qurtardığınıza görə özünüzü rahat hiss edə bilərsiniz," Stiff deyir.

Londondan olan rəssam Michael Landy isə ifrata gedib. 2001-ci ildə o, ictimai şəkildə təşkil olunmuş incəsənət nümayişi zamanı özünün bütün 7227 əşyasını məhv edib.

Bura onun paltarları, sevgi məktubları, maşını və atasının qoyun dərisindən hazırlanmış gödəkcəsi də daxil idi.

"Bu, həyatımın ən xoşbəxt iki həftəsi idi. Sanki öz ölümümün şahidi olurdum. Uzun illər üzlərini belə görmədiyim tanışlarım gəlmişdilər və mənə elə gəlirdi ki, onlar mənim dəfn mərasimimə gəliblər," rəssam BBC-ə söyləyib.

Lakin o bildirib ki, tamaşaçılar, xüsusən də onun şəxsi xatirələrinin məhv olunmasından dəhşətə gəliblər.


Scott deyir ki, bütün əşyalarımızı atmağa tələsməməliyik, çünki bəzi əşyalar da bizə xoşbəxtlik bəxş edə bilər.

O, yeniyetmə yaşlarında çəkdirdiyi bir sıra fotolarını saxlayıb və uzun müddət onlara baxmayıb, lakin onları atmaq da istəməyib.

"Keçən il onları üzə çıxardım və nə yaxşı ki, onları saxlamışam", o deyir.

Bəzi insanlar isə bu yanaşmanı həyatlarındakı başqa sahələrə tətbiq edirlər.

Marie Kondo-nun müştərilərindən biri deyib: "Sizin kurslar mənə nəyə ehtiyacımın olub-olmadığını öyrədib. Beləcə mən boşandım. İndi özümü daha xoşbəxt hiss edirəm."

Bir araşdırmaya görə, insanlar kino qəhrəmanlarının üzündəki emosiyaları oxumaqda çətinlik çəkirlər, əgər həmin səhnədə səliqəsiz mənzərə varsa.

Lakin bir çoxlarımız şəxsi əlaqələrimizə münasibətdə, əşyalarımızdan fərqli davranırıq.

Scott deyir ki, sosial primat olduğumuz üçün biz, şəxsi münasibətlərə xüsusi önəm veririk, hətta bəzi dostlarımız ehtiyacımız olanda yanımızda olmasalar belə.

"Bizim sosial səliqəsizliyə ehtiyacımız var və bunun öhdəsindən gələ bilirik," o əlavə edir.


Bir çox insanlar kolleksiya toplamaqdan zövq alır. Bloqqer kate Beavis hesab edir ki, minimalist evlər darıxdırıcıdır.

Onun İngiltərənin Bedfordshire əyalətindəki evi müxtəlif əşyalarla doludur.

"Mən qeyri-adi və qədim əşyaları toplamağı sevirəm," o deyir.

Stiff hesab edir ki, səliqəsizlik və nostalgiyanın öz dəyəri var, xüsusən Alzheimer xəstəliyinə tutuluruqsa.

Səliqəsizliyin birbaşa üstünlükləri də var. Minnesota Universitetində həyata keçirilmiş bir araşdırmaya görə, ətrafımızın səliqəsiz olması bizi daha yaradıcı edə bilər, səliqəli mühit isə yaradıcılıq imkanlarını azaldır.

Məşhur səliqəsiz masanın sahibi Albert Eynşteyn deyərdi: "Əgər səliqəsiz masa səliqəsiz düşüncəyə işarədirsə, bəs onda boş masa nəyə işarədir?"

Xəbərlər