288
Dünən 6 sentyabr — 12:30

Namus üstündə arvadını qətlə yetirən şəxsin məhkəmə istintaqı yekunlaşıb

Bakı Ağır Cinayətlər Məhkəməsində 22 illik ömür-gün yoldaşını qətlə yetirməkdə ittiham olunan 49 yaşlı Tufan Qurbanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə mərhumun münasibətdə olduğu deyilən şəxs ifadə verib. Prosesə sədrlik edən hakim məhkəmənin bu mərhələsinin qapalı keçiriləcəyini elan edib.

Hakim bunu şahidin təhlükəsizliyinin təmin edilməsi ilə əsaslandırıb. Daha sonra sənədlərin tədqiqinə başlanılıb. Sənədlər elan edilən zaman məlum olub ki, ekspertiza rəyində təqsirləndirilən Tufan Qurbanovun hadisəni törədən zaman anlaqlı olduğu göstərilib. Hakim məhkəmə istintaqının başa çatdığını elan edib və söz dövlət ittihamçısına verilib.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. Məhkəmə prosesi sentyabrın 13-də davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi bu il fevralın 11-də Binəqədi rayonu, İsfahanlı küçəsində baş verib. 40 yaşlı Lalə Qurbanova xüsusi amansızlıqla qətlə yetirilib. Əri Tufan Qurbanov həyat yoldaşına mətbəx bıçağı ilə 18 zərbə endirib. Daha sonra isə boğazını kəsib.

İttihama əsasən, T.Qurbanov arvadını, başqa şəxslə münasibətdə olduğu üçün qətlə yetirib. O deyib ki, yaşadığı məhəllədə biabır olduğuna görə bu hadisəni törədib. Hadisədən sonra özü sahə müvəkkilinə zəng vurub deyib ki, “namusumu təmizlədim, gəl məni tut, apar”.

Virtualaz.org

Xəbərlər