598
Dünən 5 sentyabr — 22:33

Putin 11 sentyabr teraktından iki gün əvvəl Buşa xəbərdarlıq edibmiş...

Rusiya Prezidenti Vladimir Putin 11 sentyabr 2001-ci il hücumlarından bir neçə gün əvvəl ABŞ-ın 43-cü prezidenti kiçik Corc Buşa təhdidlə bağlı xəbərdarlıq edib.

Virtualaz.org TASS-a istinadən bildirir ki, bu barədə Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Rusiya üzrə keçmiş baş analitiki, diplomat George Bibi yeni kitabında yazıb.

Bibinin yazdığına görə, Nyu-York və Vaşinqtondakı hücumlardan iki gün əvvəl Putin amerikalı həmkarına zəng edərək Rusiya kəşfiyyatının “çoxdan hazırlanan və Əfqanıstandan gələn hansısa terror kampaniyasının əlamətləri” ilə bağlı məlumat əldə etdiyi barədə xəbərdarlıq edib.

Kitab müəllifi Putinin başsağlığı vermək üçün Ağ Evə zəng edən ilk xarici lider olduğunu da xatırladıb.

Yeri gəlmişkən, 2017-ci ildə Vladimir Putin ABŞ rejissoru Oliver Stouna verdiyi müsahibədə ABŞ xüsusi xidmət orqanlarının bu hücumlarda iştirakı versiyasını şərh etmişdi: "Mən Amerika xüsusi xidmət orqanlarının hücumların təşkilatçısı olduğuna inanmıram".

Xatırladaq ki, 2001-ci il sentyabr ayının 11-də Əl-Qaidə terror təşkilatı tərəfindən ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı silsilə terror aktları həyata keçirilib.

Belə ki, yerli vaxtla saat 08:46-da "American Airlines" (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılıb. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qalıb. Binaların aşmasına səbəb baş vermiş güclü yanğınlar olub. Axırıncı hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vurulub. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlanıb. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirilib.

Onu da xatırladaq ki, həmin hadisələr nəticəsində 3 min nəfər həlak olub, 6 min nəfərdən çox insan isə yaralanıb...

Virtualaz.org

Xəbərlər