2543
Dünən 12 avqust — 14:23

İsmayıllıda, milyarderin rançosunda nələr baş verir...

Prezident İlham Əliyevin  il əvvəl əsas prioritetlərini elan etdiyi yeni iqtisadi inkişaf modelinin-iqtisadi inkişafın qeyri-neft iqtisadiyyatı relsləri üzərinə keçirilməsinin nəticələri özünü artıq göstərməkdədir. Bu iqtisadi model sayəsində Azərbaycan iqtisadiyyatı neftin kəskin ucuzlaşması və dalbadal iki devalvasiyanın şokunu artıq geridə qoyub, ölkə iqtisadiyyatı yenidən artmağa başlayıb. Və ən mühümü budur ki, indi artım əsasən qeyri-neft sektoru hesabına baş verir. Hansı ki, bu sektorun aparıcı sahələrindən biri kənd təsərrüfatıdır və prezident İlham Əliyev bu günlərdə ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə kənd təsərrüfatı sahəsində müşahidə edilən artım barədə qürurla bəhs edib.

Prezident bildirib ki, 2019-cu ilin 6 ayı ərzində kənd təsərrüfatında rekord artım qeydə alınıb-13 faiz! Bu artım xüsusən bitkiçilik hesabına baş verib. Belə ki, bitkiçilikdə artım 25 faiz təşkil edir.

“Yəni, bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək”,-İlham Əliyev müşavirədəki çıxışında deyib.

İsmayıllıda Avropa üslubunda iri fermer təsərrüfatı necə yarandı...

Kənd təsərrüfatı doğrudan da Azərbaycanda xüsusən kəndlərdə məşğulluğu və eyni zamanda iqtisadi artımı təmin etmək, habelə ixrac qabiliyyətli məhsullar istehsal etmək üçün hazırda əsas sahələrdən biridir. Bəlkə də birincisidir. Prezidentin bu sahədə son illərdə həyata keçirdiyi islahatlar sahəsində ölkədə modern, müasir texnologiyaların tətbiq edildiyi kənd təsərrüfatı sektoru formalaşmaqdadır. Bura iri və orta fermer təsərrüfatlarının, ilin dörd fəslində məhsul istehsal etməyə imkan verən müasir istixana komplekslərinin yaradılması da daxildir.

Virtualaz.org saytının xüsusi müxbiri xəbər verir ki, Avropa üslubunda belə müasir fermer təsərrüfatlarından biri də İsmayıllı rayonunda, Azərbaycan əsilli nüfuzlu rusiyalı biznesmen Fərhad Əhmədovun investisiyaları hesabına formalaşıb.

Bəllidir ki, F.Əhmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafına dəstək olaraq Göyçayda nar emalı zavodunu yenidən qurub, nar plantasiyaları salıb və “AzNar” QSC  bu bölgədə yüzlərlə sakinin məşğulluğunu təmin edən aparıcı müəssisələrdən biridir. Biznesmen Göyçay rayonu ilə kifayətlənməyib və qonşu İsmayıllı rayonu ərazisində də kənd təsərrüfatı sahəsində yatırımlar qoyur. Bu məqsədlə “AzNar” QSC-nin törəmə şirkəti olaraq “Kənd” MMC-ni təsis edib.

Yekəxana gölü də daxil olmaqla 1500 hektar

“Kənd” MMC-nin direktoru Asif İsmayılov virtualaz.org-a açıqlamasında deyir ki, bu müasir və iri fermer təsərrüfatı İsmayıllı rayonunun Kürdmaşı kəndinin ərazisində yerləşən Yekəxana gölünü və ona bitişik əraziləri əhatə edir.

“Ərazisi 360 hektar olan bu göl 2009-cu ildə uzunmüddətli icarətə götürülüb. Hazırda şirkətin göl də daxil olmaqla 1500 hektara yaxın sahəsi var”,-İsmayılov deyir.

Həmsöhbətimiz deyir ki, o vaxtlar bu ərazilərdə 25 məcburi köçkün ailəsi məskunlaşmışdı. Həmin ailələr qoyunçuluqla məşğul olurdular. Göl baxımsız, bərbad vəziyyətdə idi, uzun illərdir təmizlənmirdi və gil-qamış basmışdı.

Biznesmen  F.Əhmədov gölü və ona bitişik əraziləri kənd təsərrüfatı məqsədli uzunmüddətli icarəyə götürəndən sonra həmin ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə yeni evlərin tikintisi üçün vəsait ayrılıb, onlar yeni evlərə köçürülüb. Hətta yeni təsərrüfat qurmaları üçün qoyun-quzu da alınıb verilib.

Vaxtilə ilan mələyən çöllərdə indi üzüm yığırlar...

Daha sonra ərazinin minlərlə zəhərli ilanlardan təmizlənilməsinə başlanılıb.

Bəli, yanlış oxumadınız, məhz ilanlardan. Çünki ərazidə uzun illərdir zəhərli gürzə və digər ilanlar məskən salmışdı, onlar durmadan artıb çoxalırdılar və hər tərəfdə zəhərli ilanlar dolaşırdı. Belə ərazidə kənd təsərrüfatı işləri ilə məşğul olmaq əlbətdə, təhlükəli idi.

Əvvəllər bu ərazilərdə köçkün fermaları idi...

Nəticədə bu sahənin bilicilərinə cəlb etməklə ərazinin ilanlardan təmizlənişlməsi işləri başladı və yeri gəlmişdən işlər hələ də davam edir. “Kənd” MMC-nin ilanları ovlayan ayrıca işçiləri var, onlar xüsusən yaz-yay aylarında hər gün təhlükəli sürünənlərin izinə düşür, onları aşkar edib zərərsizləşdirir.

Ərazi kənd təsərrüfatı üçün yaralı hala salınandan sonra orada üzüm bağları salınıb, balıqçılıq təsərrüfatı yaradılıb. Hazırda “Kənd” MMC-nin üzüm bağlarında məhsul yığımı gedir.

“Hazırda 300 hektar üzüm bağımız var. Bunun 100 hektarra yaxınında texniki sort üzüm əkilib, qalan 200 hektarında isə süfrə sortlarıdır. Süfrə sortlarına “Sultanina”, “Alphonse Lavelle”, “Superio seedless”, “Red globe”, “Crimson”, “Viktoriya”, “Prima” ve Azərbaycanda indiyə qədər olmayan, Türkiyədən gətirilmiş “Ata sarısı”, “Horoz karası”, “Barış”, “Narince” və digər sortlar daxildir. Texniki sortlardan isə “Shardone”, “Merlot”, “Kabarne savinyon”, “Moldova”, “Mədrəsə” və digərlərinin adlarını çəkə bilərik. Ötən il 648 ton məhsul götürmüşük, əldə etdiyimiz məhsulu yerli və xarici bazarlarda satmışıq. Bu il isə 900 tondan çox məhsul gözləyirik”,-müəssisənin direktoru məlumat verir.

İndi isə belədir...

4-5 kəndin sakinləri buradan çörək qazanır

Müəssisənin üzüm plantasiyalarında yetişdirilən texniki sort üzümlərdən “AzNar” QSC-nin Göyçaydakı zavodunda yüksək keyfiyyətli şərab istehsal olunur və məhsul həm yerli, həm xarici bazarlara çıxarılır.

“Kənd” MMC-nin təsərrüfatlarında yaxınlıqdakı 4-5 kəndin sakinləri işləyir, əmək haqqı alır. Təkcə üzüm bağlarında 300-dən çox adam çalışır. A.İsmayılov deyir ki, gələcəkdə üzüm bağlarının sahəsini genişləndirib 500 hektara çatdırmaq planları var.

Bu da düzgün yanaşmadır. Çünki prezident İlham Əliyevin kəndin və kənd təsərrüfatının dirçəlməsinə yönəlmiş islahatlarının nəticələri olaraq üzümçülüyün inkişafı üçün yaxşı perspektivlər yaranıb. İstehsalçılar həm süfrə üzümünü xarici bazarlara çıxara, həm texniki sortlardan hazırlanmış rəqabətədavamlı şərabları ixrac edə bilər.

Yekəxana gölündə “Sazan”, “Belamur”...

Bir vaxtlar baxımsız vəziyyətdə olan Yekəxana gölü də təmizlənib, burada balıqçılıq üçün şərait yaradılıb. Hazırda göldə karpkimilər nəslindən olan balıqlar, o cümlədən “Sazan” və “Belamur”, “Tolstolob” yetişdirilir. Hər il bu balıqların körpələri gölə buraxılır, ekoloji təmiz şəraitdə yetişdirilib böyüdülür və satışa çıxarılır. Göldə yetişdirilən balıqlara yerli bazarlarda yüksək tələbat var.

Yekəxana gölündə nərələr

Lakin bu da hamısı deyil. A.İsmayılovla söhbətdən məlum olur ki, Azərbaycanda ilk dəfə olaraq göl şəraitində, qəfəs sistemində farel balığının yetişdirilməsinə də məhz “Kənd” MMC başlayıb.

“Deyə bilərəm ki, çox gözəl nəticələr əldə etmişik. 5-10 qramlıq farel balıqlarını göldə xüsusi qəfəslərdə saxlayıb böyütmüşük, 300-350 qram çəkiyə çatanda satışa göndərmişik. Hazırda göldə nərə cinsindən olan balıqların saxıanılması ilə məşğuluq. Bu cinsdən olan bir neçə balıq növü yetişdiririk-rus nərəsi, “Böldə, “Bester”, “İran nərəsi”, “Sterlad”, “Sevryuqa”. 40 min ədəddən çox bu cür balıqlarımız var, çəkiləri 200-300 qramdan başlayır, hətta 60-70 kiloqrama çatanları da var”,-A.İsmayılov deyir.

Üstəlik qara kürü və təmiz bal

“Kənd” MMC-nin bu sahəyə yatırım qoymaqda məqsədi həm də Azərbaycanın balıq məhsulları sahəsində ixracdan asılılığını maksimum azaltmaq, kökü kəsilməkdə olan nərəkimilərin çoxaıldılması və nəhayət qara kürünün əldə edilməsidir. Müəssisə göldə yetişdirilən nərə balıqlarından hasil ediləcək qara kürünü Azərbaycan brendi altında gələcəkdə xarici bazarlarda çıxarmağı nəzərdə tutur.

Müəssisə yetişdirdiyi balıqlardan müxtəlif hazır məhsulların istehsalını təşkil etmək üzərində işləyir. İsti hissə verilmiş, soyuq hisə verilmiş balıqların, digər delikateslərin istehsalını tezliklə həyata keçirməyə hazırlaşır. “Hazırda məşhur alman şirkətlərindən biri bizim bu layihə üzərində işləyir. Yaxın aylarda layihəni həyata keçirməyi nəzərdə tuturuq”,-“Kənd” MMC-nin direktoru məlumat verir.

Lakin müəssisə təkcə üzümçülük və balıqçılıqla məşğul olmur. Çoxprofillidir və ilin bütün fəsillərində yerli sakinlərin məşğulluğuna dəstək vermək məqsədi ilə digər sahələrə də yatırımlar qoyur. Məsələn, müəssisə arıçılıqla məşğuldur, hazırda 100 arı ailəsi var və onlardan xalis bal hasil edir.

“Şəkərdən ümumiyyətlə istifadə olunmur.  Arı ailələrimiz əsasən akasiya, qaratikan balı hasil edir”,-İsmayılov dəqiqləşdirir.

Qoyunçuluq, “Qızıləhmədi” almaları və...Bilgəh zəfəranı!

Bundan əlavə müəssisə qoyunçuluqla da məşğuldur, hazırda 1200 baş qoyunu var. Onların sayını 10 min başa çatdırmaq  nəzərdə tutulur. Şirkət Rusiyadan yüksək məhsuldarlıqla “Edelbay” qoyun cinsini Azərbaycana gətirib yetişdirmək niyyətindədir. Bu, ətlik qoyun cinsidir və bir baş qoyunun çəkisi 110 kiloqrama qədər artır.

İsmayıllıda Bilgəh zəfəranı

Lakin qoyunçuluq və arıçılıq da hələ hamısı deyil. “Kənd” MMC icarəyə götürdüyü sahədə İsmayıllı rayonunun rəmzi sayılan məşhur “Qızıləhməd” almasını yetişdirmək üçün 30 hektarlıq bağ salıb. Yaxın gələcəkdə bağın sahəsinin 50 hektara çatdırılması nəzərdə tutulur.

Və nəhayət zəfəran. Oxucular təəcüblənə bilər-axı zəfəran hara, İsmayıllı hara? “Kənd” MMC isə olduqca ərköyün bitki sayılan Bilgəh zəfəranını İsmayıllıda yetişdirməyə başlayıb. Hansı ki, bu zəfəran növü indiyə qədər ancaq Bilgəhdə yetişirdi. Şirkət eksperiment olaraq İsmayıllıda 1 hektarlıq sahədə Bilgəh zəfəranı əkib və Asif İsmayılovun bildirdiyinə görə, çox gözəl nəticələr əldə olunub. “Bu sahəni daha da genişləndirməyi nəzərdə tuturuq. Çünki zəfəran Azərbaycana  sabit valyuta gətirmək potensialı olan bitkidir”,-o deyir.

Qeyd edək ki, “AzNar” QSC-nin Göyçay rayonunda 1000 hektardan yuxarı nar plantasiyası da var və şirkət nar bağlarının sahəsini ilbəil genişləndirir. “AzNar” QSC-nin istehsal etdiyi təbii nar şirələri xarici bazarlarda çoxdan ad qazanıb...

F.Məmmədov

Virtualaz.org

Xəbərlər