724
Dünən 6 avqust — 11:05

Eldar Əzizov Bakıda uçma təhlükəsi qarşısında olan binaya girdi…

Bakının mərkəzindəki qəzalı ev istənilən an uça bilər, amma sakinlər onu tərk etməkdən imtina edir. Söhbət Mirzağa Əliyev küçəsi, 150 ünvanında yerləşən binadan gedir. Üçmərtəbəli tikili hələ 1889-cu ildə inşa edilib və orada cəmi 43 mənzil yerləşir.

Bu bina hələ 1989-cu ilin yayında qəzalı kimi tanınıb və 30 il bundan qabaq sökülməliydi. O zaman binadan 23 ailəni köçürməyə imkan olub. Qarabağda müharibə başlayanda isə Bakını qaçqın axını bürüyüb və onlar paytaxtdakı boş binalarda məskunlaşmağa başlayıblar.

Qaçqınlar Mirzağa Əliyev küçəsi, 150 ünvanındakı həmin binadakı mənzilləri də tutublar. O vaxtkı sosial-iqtisadi vəziyyəti nəzərə alaraq binanın sökülməsi təxirə salınıb. Ötən 30 il ərzində bina tamamilə yararsız hala düşüb və istənilən an çökə, sakinlərin həyatını təhlükəyə ata bilər.

Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimovun virtualaz.org-a bildirdiyinə görə hələ 2011 və 2017-ci illərdə Fövqəladə Hallar Nazirliyi, “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun mütəxəssislərinin burada keçirdikləri təkrar baxışlar bina ilə bağlı əvvəlki rəyləri bir daha təsdiqləyib. Sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların dərhal köçürülməsi, ərazinin hasarlanması və həyətə girişin məhdudlaşdırılması ilə bağlı akt tərtib olunub.

Dövlət tərəfindən ayrılmış vəsaitə uyğun bu binada sakinlərin köçürülməsi işlərinə başlanıb və praktiki olaraq sakinlərlə razılıq əldə edilib. 43 ailədən 25-si dövlər tərəfindən ayrılan maddi yardımları alaraq binadan  köçüblər. “Lakin  sakinlərin bir hissəsi dövlət qurumları qarşısında qeyri-real tələblər irəli sürərək mənzillərini tərk etməkdən imtina edib, evlərinin guya qanunsuz söküldüyü barədə şikayətlər ediblər”,-İ.Kərimov deyib.

Xatırladaq ki, ötən həftə narazı sakinlərlə Baki Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da görüşüb. Görüş elə qəzalı binada keçirilmışdi və virtualaz.org həmin görüş barədə artıq yazıb.

Görüşdə Eldar Əzizov binanın kəskin qəzalı olması ilə əlaqədar sakinlərin buradan təcili köçürülməsinin vacibliyini vurğulayıb, sakinləri özlərinin və yaxınlarının həyatını təhlükəli vəziyyətdən uzaqlaşdırmağa inandırmağa çalışıb.

Həmçinin şəhər rəhbəri sakinlərə deyib ki,  buradakı köçürülmə dövlət əhəmyyətli tədbirlərlə bağlı köçürülmə deyil, binanın istismara yararsız qəzalı vəziyyətdə olması  ilə bağlıdır və  vətəndaşlara ödəniləcək vəsait kompensasiya yox, maddi yardım kimi qiymətləndirilməlidir. Sözügedən bu binada sakinlərin köçürülməsi  ilə bağlı ödəniləcək məbləğ müvafiq qanunvericiliyə uyğun olaraq şəhər üzrə maksimum həddə müəyyən edilib.

Sakinlərin böyük əksəriyyəti vəziyyəti dərk edərək ozlərinin və yaxınlarının həyatını riskə atmaq istəməyib və maddi yardımlarını alıb binanı tərk ediblər. 

Belə ki,  aparılan söhbətlərdən sonra daha 4 ailə qəzalı binanı tərk edib. Hazirda binada yalnız 12 ailə qalıb ki, onlar özlərinə qarşı xüsusi yanaşma tələb edərək qeyri-real şərtlər irəli sürürlər. Belə ki, bu aillərdən 6-sı 90-ci illərdə binadakı boşalmış mənzilləri zəbt etmiş məcburi köçkün ailələridir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən binada  məskunlaşmış digər məcburi köşkünlərə bərabər bu ailələrə də Qobupark yaşayış kompleksində yeni təmirli mənzillər təklif edilib. Hətta bu ailələrin bəzilərinə ailə tərkibinə uyğun olaraq 2 mənzil təklif olunub. Lakin həmin şəxslər onlara təklif edilən mənzillərdən əlavə zəbt etdikləri mənzillərdən çıxmaq üçün maddi kompensasiya da tələb edirlər. 

Daha 7 ailə isə sahəsi  12-15 kvadrat metr olan kiçik otaqlarda çox çətin şəraitdə yaşamaqda davam edirlər. Onlara müvafiq qanunvericiliyə uyğun olaraq maksimum həddə maddi yardım təklif edilib. Lakin buna baxmayaraq həmin sakinlər qəzalı binadan köçmək istəmirlər. 

İsrafil Kərimov bildirib ki, Bakıda  sakinlərin evlərindən köçürülməsi  problemləri yeni deyildir. Dövlət obyektləri və ya yeni bina tikintisi zamanı əksər hallarda sakinlərin böyük hissəsi onlara təklif edilən kompensasiyalarla razılaşırlar. Yalnız bir neçə ailə olur ki, dövlər qurumlarından və ya tikinti şirkətlərindən özləri üçün daha çox, maksimum miqdarda vəsait əldə etmək üçün evlərini tərk etməkdən imtina edirlər.

Onun sözlərinə görə, Yasamal rayonu M.A.Əliyev küçəsi 150 ünvanındakı binadakı vəziyyəti adi problemlər sirasina aid etmək olardı. Çox hallarda sakinlər inadkarlıq edir, sonradan isə vəziyyəti dərk edərək qəzalı binanı tərk edirlər. Buradakı vəziyyətin digərlərindən fərqi isə kəskin qəzalı olan binadan vətəndaşların təcili olaraq təxliyə olunmasının vacibliyidir. 

“Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi görüş zamanı hər bir sakini təmkinlə dinləyib, onların şikayət və istəklərinə qulaq asıb. Lakin insanlar özlərinin və yaxınlarının həyatını bilərəkdən bu cür təhlükədə qoymaqda davam edərsə onların qəzalı binadan məcburi köçürülməsi tədbirləri tətbiq edilə bilər. Çünki vətəndaşların təhlükəsizliyi hər şeydən önəmlidir”,-İsrafil Kərimov deyib.

Virtualaz.org

Xəbərlər