2187
Dünən 9 iyul — 11:42

“Həmin sürücü barədə polisə dəfələrlə şikayət etmişdik...”

Bu gün iyulun 9-da Ələt-Astara magistral yolunun Masallı rayonunun Hüseynhacılı kəndi ərazisindən keçən hissəsində 8 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən dəhşətli yol qəzası törədən sürücü Nizami Mustafayev qeyri-leqal sərnişindaşıma ilə məşğul olub. Və yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna, qeyri-leqal sərnişindaşıma ilə məşğul olduğuna dair barəsində dəfələrlə polisə şikayət edilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bu haqda virtualaz.org-a bildirib.

N.Allahverdiyeva deyib ki, Bakı Beynəlxalq Avtovağazalından kənarda sərnişin daşıma ilə məşğul olan  Nizami Mustafayevin barəsində məxsus Dövlət Yol Polisi tərəfindən dəfələrlə cəza tədbiri də görülüb. Amma buna baxmayaraq, sürücü qeyri-qanuni fəaliyyətini davam etdirib.

Onun sözlərinə görə, Dövlət Avtomobil Nəqliyyatı Xidməti qanuni daşımalarla bağlı məsul qurumdur, qurumun qeyri-qanuni daşımalarla bağlı hər hansı qanunvericilikdə nəzərdə tutulan cəza tədbiri görmək ixtiyarı yoxdur. Amma dəfələrlə DYP-yə qanunsuz fəaliyyət göstərən daşıyıcılarla bağlı məlumat verilib.

“Dəfələrlə Dövlət Yol Polisi ilə birgə yay mövsümü gələndən xüsusilə gücləndirilmiş rejimdə regionlarda iş görmüşük. Sərnişinlərə də dəfələrlə deyilib ki, avtovağzaldan kənarda sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələrinə minməsinlər. Təəssüflər olsun ki, bu cür “Vito”ları qeyri-qanuni daşımaları icra edən daşıyıcılar gətirirlər və onlarda guya öz yaxınlarını daşıdıqlarını iddia edirlər. Belə sürücüləri haradasa saxladıqda sərnişinlər də eyni ailədən nümayəndələr olduqlarını bildirirlər. Yəni sərnişindaşıma olduğunu heç sərnişinlər özləri də etiraf etmirlər. Polisə bu halların qarşısını almaq üçün mütəmadi olaraq müraciətlər olunur”,-nazirlik rəsmisi deyib.

N. Allahyarova qeyd edib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti reyd də keçirə bilmir, amma monitorinqlər keçirərkən uyğun fərqlənmə nişanı əldə etməyən, sərnişindaşıma üçün qanuni tələblərə cavab verməyən avtonəqliyyat vasitəsilə sərnişin daşıyan sürücü ilə bağlı aidiyyati qurumlar qarşısında məsələ qaldırır.

Virtualaz.org qeyri-qanuni sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, əksər  hallarda gecə reyslərinə çıxan, tez-tez qəzalar törədib çoxsaylı insanların ölümünə səbəb olan mikroavtobus sürücüləri ilə bağlı əvvəllər dəfələrlə yazıb. Problemlə aidyyatı strukturların diqqətini cəlb etməyə çalışıb.

Təkcə son aylarda ölkənin yollarında “Mercedes Vito” mikroavtobuslarının iştirakı ilə baş vermiş qəzalarda onlarla insan, o cümlədən azyaşlılar, qadınlar, körpələr həlak olub.

Bəs qəza törədən avtobuslara, xüsusən, qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən sürücülərə niyə nəzarət olunmur? Bu suallarla Dövlət Yol Polisinə müraciət etdik. İdarədən sorğumuza tezliklə cavab veriləcəyini bildirdilər.

Gülnar Əliyeva

Virtualaz.org

Xəbərlər