1155
Dünən 9 iyun — 12:30

Parlamentin qətnaməsi: ölkəni korrupsiya işğal edib!

Moldovada hökm sürən, respublika uğrunda Rusiya ilə Qərb arasında rəqabətdən qaynaqlanan siyasi böhran bu gün daha da dərinləşib.

Virtualaz.org xəbər verir ki, Konstitusiy Məhkəməsi koalision hökuməti iyunun 7-nə qədər formalaşdırmadığı üçün səlahiyyətlərinə uyğun olaraq parlamenti buraxmalı olan, amma bunu etməyən prezident İqor Dodonu vəzifəsindən kənarlaşdırıb. Onun səlahiyyətlərini baş nazirin vəzifəsini icra edən, oliqarx Plaxotnyukun Demokrat partiyasının üzvü Pavel Filipə həvalə edib.

Məsələ burasındadır ki, Moldovada iyunun 8-dən etibarən faktiki olaraq iki hökumət var. Biri Pavel Filipin fevralda keçirilmiş parlament seçkilərindən əvvəl formalaşdırılmış, amma yeni hökumət formalaşdırılmadığı üçün səlahiyyətlərinin icrasına davam edən kabineti, digəri isə iyunun 8-də rusiyameylli sosialistlərlə avropameylli ACUM blokunun müvəqqəti koalisiyasının yaratdığı, Maya Sandunun başçılıq etdiyi kabinet.

Moldova konstitusiyasına əsasən parlamentdə təmsil olunan siyasi qüvvələr ən geci iyunun 7-nə qədər hökuməti formalaşdırmalı idi. Əks halda parlament buraxılmalı və yeni seçkilər keçirilməlidir. Lakin bu müddət başa çatsa da prezident Dodon parlamenti buraxmayıb, ertəsi gün isə parlamentdə müvəqqəti koalisiya formalaşıb.

Konstitusiya Məhkəməsinin qərarına görə İqor Dodonun prezident səlahiyyətləri əlindən alınır və onun səlahiyyətlərini icra edən Pavel Filip parlamenti buraxıb yeni seçkilər təyin etməlidir.

 Dodon isə məhkəmənin onu vəzifəsindən müvəqqəti kənarlaşdırmasını “hakimiyyətin uzurpasiyası üçün növbəti çarəsiz addım” adlandırıb. Onun sözlərinə görə, “uzurpatorlara” qarşı yeganə yol daxili və xarici səfərbərlik, sərt təzyiqdir.

Konstitusiya Məhkəməsinin qərarından bir neçə saat əvvəl Plaxotnyuka bağlı Publika.TV İqor Dodonla bu oliqarx arasında məxfi görüşə dair gizli videogörüntüləri yayıb. Kadrlara əsasən tərəflər Rusiya səfirinin iştirakı ilə hansısa razılaşma imzalamaq barədə danışırlar Dodon vəd edir ki, Rusiya Plaxotnyuka qarşı qaldırılmış cinayət işlərini ləğv edəcək. Eyni zamanda o Rusiyadan “partiyasını saxlamaq üçün” ildə 1 milyon dollar aldığını etiraf edir. Görüşdə Moldovanın federallaşması məsələsindən də danışılır.

Dodon əvvəlcədən elan etmişdi ki, onun iştirakı ilə hansısa videonu yaymaq istəyirlər və bu videonun montaj olduğunu bəribaşdan bildirir.

*   *   *12:11

Moldovada bu iln fevralında keçirilmiş parlament seçkilərindən sonra daha da dərinləşən siyasi böhran ötən gün parlament tərəfindən ölkənin korrupsiya işğalı altında olması barədə qətnamə qəbul edilməsinə gətirib çıxarıb. 

Virtualaz.org xəbər verir ki, iyunun 8-də Moldova parlamentində nəhayət müvəqqəti koalisiya yaratmaq mümkün olub. Və parlamentin 101 üzvündən 61-nin səsi ilə ölkənin korrupsiya işğalı altında olduğuna dair qətnamə qəbul edilib.

Bu ilin fevralında keçirilən seçkilərdə rusiyameylli prezident İqor Dodonun Sosialistlər partiyası 35 mandat əldə edib. Sağ qüvvələrdən ibarət ACUM bloku 26 mandat qazanıb. Oliqarx Vladimir Plaxotnyukun hakim Demokrat partiyası isə 30 mandatla kifayətlənib. Nəticədə heç bir siyasi qüvvə hökuməti formalaşdırmaq üçün yetərli səs çoxluğuna malik deyil. 

Koalisiya formalaşdırmaq üçün danışıqlar isə nəticə verməyib. Demokrat partiyası nə qərbyönümlü ACUM bloku, nə sosialistlərlə anlaşa bilməyib. İqor Dodon bildirir ki, demokratlar onun partiyasına “Rusiyadan üz döndərmək” şərti ilə koalisiya təklif ediblər. Amma bu şərt rədd edilib.

Nəhayət iyunun 8-də parlamentin fövqəladə iclasında sosialistlər və ACUM bloku "dövlətin deoliqarxizasiyası" və Moldovanın konstitusion məcraya qaytarılmsı üçün müvəqqəti razılaşma imzalayıblar. Razılaşma əsasənda formalaşan müvəqqəti hökumətin baş naziri “Həmrəylik və fəaliyyət partiyası”nın  sədri Maya Sandu seçilib.

Vladimir Plaxotnyuk

Parlamentin qətnaməsində deyilir ki, ölkənin dövlət və hüquqi təsisatları “total korrupsiyanın işğalı altındadır”.  Ölkədə bütün sahələri korrupsiya bürüyüb, oliqarxlar məhkəmələr üzərində total nəzarət əldə ediblər. Bu bəyanatın oliqarx Plaxotnyuka qarşı yönəldiyi aydındır. Məhz o, Moldovanın ədliyyə, məhkəmə sisteminə, dövlət strukturların və xüsusi xidmət orqanlarına öz adamlarını yerləşdirib.

Qətnaməni yeni hökumətin daxili işlər naziri Andrey Nestase tribunadan oxuyub. O, Demokrat partiyasını hakimiyyətdən dinc və sivil yolla getməyə çağırıb. Məlumata görə Dodonun partiyası ilə ACUM blokunun razılaşması ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənir.

Moldovada baş verənlərə Rusiya baş nazirinin müavini, prezident Putinin Moldova ilə iqtisadi-ticarət əlaqələrinin inkişafı üzrə xüsusi nümayəndəsi Dmitri Kozak da münasibət bildirib. O, deyib ki, ötən gün baş verənlər müxtəlif siyasi əqidəyə malik olan qüvvələrin Moldovanı “kriminal rejimin işğalından azad etməyin” vacibliyini dərk etdiyini göstərir.

Kozak təsdiq edib ki, Demokrat partiyasının lideri Vladimir Plaxotnyuk doğrudan da  Sosialistlər partiyasına Rusiyadan üz döndərmək şərti ilə koalisiya razılaşması təklif edib. “Tarix göstərir ki, istənilən gizli siyasi razılaşma sonda fəlakətə gətirib çıxarır. Həm bu sövdələşmələrdə iştirak edən siyasətçilər üçün, həm də çiyinləri arxasında belə anlaşmalar əldə edilən vətəndaşlar üçün”,-Kozak Moldovanın üzünü tam qərbə döndərəcəyi təqdirdə üzləşəcəyi fəlakətə eyhamla bildirib.

Virtualaz.org

Xəbərlər