516
Dünən 7 iyun — 17:02

Gürcüstanda daha bir qanlı olay: azərbaycanlı ər-arvad öldürüldü

Ötən gecə Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda orta yaşlarında olan azərbaycanlı ər-arvad qətlə yetirilib.

“Report” xəbər verir ki, hər iki şəxs küt alətlə xüsusi amansızlıqla öldürülüb.

Ər-arvadın sifət nahiyələri tanınmaz hala salındığından qohumları onları tanımaqda çətinlik çəkiblər.

Azərbaycanlı ər-arvadın Qardabanidə kiçik biznesinin olduğu bildirilir. Onların oğlu Rusiyada yaşayır.

Öldürülən həmin şəxslər rayonun Aşağı Kəpənəkçi kənd sakinləri İskəndər Musayev və Şəfiqə Musayevadır.

Hadisənin təfərrüatı barədə hələ ətraflı məlumat verilmir.

Qətli törədən şəxs, yaxud şəxslər evdən heç nə oğurlamayıblar. Qohumları iddia edirlər ki, qətlə səbəb intiqam olub, belə ki, evin divarında “Tez gəl, səninlə hesablaşaq!” sözləri yazılıb.

Gürcüstanın Daxili İşlər Nazirliyində xüsusi amansızlıqla qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açılıb. Cinayəti törədən şəxs və ya şəxsləri 16 ildən 20 ilədək, yaxud ömürlük həbs cəzası gözləyir.

Xəbərlər