805
Dünən 21 may — 14:57

Məşhur tovuzlu model Türkiyədə sevgilisini bıçaqladı

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva sevgilisi Taha Tatlıcını bıçaqlayıb. Yerli KİV-in yazdığına görə, bu barədə model özü Türkiyədə yayımlanan “İkinci sayfa” proqramına danışıb.

Hadisəyə T. Tatlıcının mübahisə zamanı Günay və oğlu Cahangirə şiddət göstərməsinin səbəb olduğu bildirilir.

T. Tatlıcı hadisədən sonra modeldən polisə şikayət edib. Polis bölməsində ifadə verən G. Musayeva oğlunu və özünü qorumaq üçün belə addım atdığını deyib: “Taha çox əsəbi idi. Oğlumu döydü. Oğlumu və özümü qorumaq üçün əlimə bıçaq alıb onun qarşısına keçdim. Üstümə hücum etdiyində bıçaq ona batdı. Mən özümü müdafiə edirdim”, - model bildirib.

G. Musayeva həmçinin hadisənin ona çox pis təsir etdiyini bildirib: "Canım çox yanır, kədərliyəm. Çətin günlər yaşayıram, bu mövzuda çox danışmaq istəmirəm".

T. Tatlıcı bıçaqlanmasına görə azərbaycanlı modelin 2, 5 il müddətinə həbs olunmasını istəyir. Onun müraciəti əsasında prokurorluq istintaqa başlayıb, barəsində “silahla yaralama”ya görə cinayət işi açılıb. Taha Tatlıcı isə məşhur model  və uşağını döyməsilə bağlı iddialar haqqında hər hansı şərh verməyib.

Xatırladaq ki, model Günay Musayeva daha əvvəl də birlikdə yaşadığı türkiyəli aktyora qarşı kriminal əməlləri ilə  bağlı gündəmə gəlmişdi. Modelin keçmiş həyat yoldaşı, məşhur aktyor Tolqa Korel G. Musayevanın onu öldürmək üçün killer tutduğunu demişdi: “Məni öldürmək üçün tutduğu adam həbs olunub. Mənə şərt qoydu ki, yalnız o halda məndən boşanmaya razı olar ki, onu Türkiyə vətəndaşı edim. Boşanmağımız bir il buna görə yubandı. Bu mübarək ayda Rəbbimə şükür edirəm ki, məni belə bir qadının əlindən qurtarıb”.

Qeyd edək ki, Günay Musayeva 1986-cı ildə Tovuzun Düz Cırdaxan kəndində anadan olub. 2007-ci ildən Türkiyədə yaşayır. Aktyor Tolqa Korellə evlənsə də, bu evlilik 4 il davam edib.

Virtualaz.org

Xəbərlər