1642
Dünən 8 may — 12:23

Əli Kərimli hakimiyyətə necə işləməsindən danışdı

Eynulla Fətullayev

Siyasətçi ikiüzlü tərzdə yalan danışa bilərmi?! Yalan danışmalı, ya danışmamalı – budur bütün məsələ. Dünyamız qədər əbədi olan bu dilemma mənəviyyatçılarla makiavelliçiləri az qala keçilməz barrikadalar kimi ayırıb. Lakin biz hamımız, demək olar ki, siyasətdə makiavelliçilərin çoxluğu ilə barışmışıq, teatr səhnəsindəki bütün aktyorları ya şir, ya da tülkü kimi qəbul edirik. Azərbaycanın siyasi səhnəsində məğrur və əyilməz şirlərdən daha çox kürən və hiyləgər tülkülər var-gəl edir. Makiavelliyə görə, nağıllarda və elə təbiətdə olduğu kimi, tülkü siyasətçi kişiliyi və şərəfi deyil, qəddar yalanı simvolizə edir.

Digər dahi, müasir siyasi tarixin görkəmli şəxsiyyətlərindən olan Çörçill güman edirdi ki, siyasətçi yalnız bir halda məharətlə yalan danışa bilər – ya onun proqnozu, ya da seçkiqabağı vədi həyata keçmədikdə. Siyasətçi sabah nə baş verəcəyini öncədən deməlidir. Sonra isə bunun niyə baş vermədiyini izah etməlidir. Siyasətçinin, bax belə xırda yalan haqqı var.

İndi isə təsəvvür edin ki, siyasətçinin bütün düşüncəli həyatı və fəaliyyəti istisnasız olaraq yalandan ibarətdir. Yəni ilk vaxtlarda siyasətçi tərəfdarlarını aldadır, sonra isə bunu xalis həqiqət kimi qələmə verir. Qədim Roma demokratiyası dövründə belə siyasətçini xəncərləyib öldürərdilər. Lakin gec Amerika demokratiyası dövründə mütləq elektrik stuluna oturdardılar... Makiavelli isə siyasətçinin üçüncü növünü təsnif edərdi – ikrah hissi doğuran xain və qəddar ilan.

Milli-demokrat müxalifətin lideri Əli Kərimlinin yubiley müsahibəsinin hər sətrini oxuduqca siyasətçilərin bu növü haqda düşüncələrə qərq olursan. Nəyə görə yubiley? Bədbəxt təsadüf üzündən Azərbaycan sovetləşdirildiyi 28 aprel günündə Əli Kərimlinin 54 yaşı tamam olub. Azərbaycanın yuxarı təbəqəsində, belə demək mümkünsə, səhv bir ənənə var ki, növbəti ad günü ərəfəsində öz həyat yolunun yenidən dərki gündəmə gəlir.

Ə.Kərimli özünün mürəkkəb və ziddiyyətli müxtəlif hadisələrlə, təbəddülatlarla və metamorfozlarla dolu heç də birmənalı olmayan həyatını səhifələməyə qərar verib. Milli-demokratların lideri öz siyasi karyerasının ən iddialı dövrünü də diqqətdən kənarda qoymayıb. Bəli, söhbət AXCP liderinin ikiüzlücəsinə hakimiyyətə “oynadığı”, mənəvi atasını və lideri Elçibəyi böyük siyasətdən tamamilə sildiyi illərdən gedir.

Niyə yalan danışmalı? 90-ların inqilabçı dövrünə aid əlyazmalar və saralmış qəzet kağızı hələ ki yanmayıb. Bəli, Kərimli özünün layiq olmadığı uğurlarına və siyasi həyatına görə borclu olduğu liderinin üstündən qalın xətt çəkib. Elçibəy “Azadlıq” qəzetinin adi xüsusi müxbirindən Azərbaycanın dövlət katibini, sonradan isə öz müavinini hördü. Eks-prezidentin Kələkiyə sürgünü dövründə isə Kərimli nəinki rəhbəri “dəfn edib” partiyanın sükanını ələ keçirdi, həm də onu uğurla hakimiyyətə satdı. Kərimlinin özü bu barədə “Azadlıq” radiosuna danışır:

“Bütün həyatım boyunca mən hakimiyyətdən heç kimlə əməkdaşlıq etməmişəm, spekulyasiya ilə məşğul olmamışam. 2000-ci illərdə etiraf edirdim ki, hakimiyyətin əsas rəqibləri İsa Qəmbər (“Müsavat” partiyasının başqanı və 2003-cü ildə müxalifətdən prezidentliyə əsas namizəd – müəllif) və Etibar Məmmədovdur (2003-cü ilin seçkiləri ərəfəsində bu siyasətçi real alternativ kimi qiymətləndirilmirdi və tirajlandı – müəllif). Hakimiyyətə də nədənsə elə gəldi ki, parlamentə keçməyimizə mane olmadıqları üçün bizimlə hərtərəfli əməkdaşlığa başlaya biləcəklər”, - 19 ildən sonra Əli Kərimli ictimaiyyəti inandırır.

İlanın birinci yalanı

Kərimlini usta ilan kimi təqdim etməyə çalışırlar. Lakin siyasətçi yalnız yalan danışmaqla qalmır, öz ampluasında qalaraq, tarixi həqiqəti də təhrif edir. Birincisi, hazırda fəaliyyətdə olan liberal cameə təsdiqləyə bilər ki, 2000-ci ilin parlament seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyası 5 faizlik səddi keçə bilməyib. Kərimlinin partiyasını az qala “qulağından dartaraq” seçki qutusundan çıxardılar. Kərimli belə şərəfə hakimiyyət qarşısında xidmətlərinə görə layiq görüldü – axı 1994-cü ildən başlayaraq AXCP sədri bütün ruhu, ürəyi və qələmi ilə hakimiyyətə xidmət edirdi. Müxalifətin o vaxtkı lideri İsa Qəmbər də, çoxsaylı tərəfdarları kimi, Kərimlini və onun “Yurd” adlı mason lojasını satqınlıqda, opportunizmdə və hakimiyyətlə işbirliyində ittiham edirdilər. Kərimli Prezident Administrasiyasından, SOCAR-dan, daha sonralar isə İqtisadi İnkişaf Nazirliyindən və digər hakimiyyətyönlü və hökumət strukturlarından səxavətlə maliyyələşdirilirdi.

2000-ci ilin parlament seçkilərində hakimiyyət Kərimlinin bütöv bir fraksiyasının parlamentə yolunu açdı ki, qanunverici orqanda müxalifət təmsilçiliyini təmin etsin.

İlanın ikinci yalanı

“Hakimiyyət mənə əməkdaşlıq təklif etmişdi. Ən yüksək səviyyədə, beynəlxalq vasitəçilərin iştirakı ilə. Lakin mən hökumət nümayəndələri ilə ünsiyyətdə olmamışam”, - Kərimli yalan deyir. 90-cı illərin sonlarında Kərimlinin müavinlərinin böyük əksəriyyəti hakimiyyətin muzdlu və ştatlı agentləri idilər.

Kərimlinin beynəlxalq məsələlər üzrə müavini Asim Mollazadə Azərbaycanın gələcək prezidenti İlham Əliyevin ən yaxın adamı Anar Məmmədxanovla əlaqədə idi. Onun digər müavini Cəmil Həsənlinin isə o vaxt iqtisadi inkişaf naziri, öz həmyerlisi Fərhad Əliyevin nəzarəti altında olduğu bəllidir.

Kərimlinin üçüncü müavini Qüdrət Həsənquliyev Prezident Administrasiyasının işlər müdiri Akif Muradverdiyevlə işləyirdi. Ə.Kərimlinin dördüncü müavini Qulamhüseyn Əlibəyli isə gələcək prezident İ.Əliyevin başçılıq etdiyi AŞPA nümayəndə heyətinin tərkibində yer alırdı. Həmin dövrün fotolarına fikir verin - Q.Əlibəyli AŞPA zalında İ.Əliyevlə yanaşı oturub. Və bu hələ AXCP-nin yuxarı eşelonu idi! “Azadlıq” qəzetinin baş redaktoru və Ə.Kərimlinin yaxın dostu olan Gündüz Tahirlinin birbaşa Prezident Administrasyasından maliyyələşdirilməsinə nə deyəsən?!

AXCP-nin orta eşelonu isə, ümumiyyətlə, Namiq Rəşid oğlu Abbasovun agentura şəbəkəsi və çuğulçuları ilə dolu idi. Sıravi cəbhəçilər isə polis sahə müvəkkilinə işləyirdi... Xalq Cəbhəsi partiyasını bütün sistemi Azərbaycan hakimiyyətinin siyasi institutlarının və operativ xidmətlərinin cəngində idi.

İlanın üçüncü yalanı

“Qüdrət Həsənquliyevin təşəbbüsü  ilə hakimiyyətlə bizim iştirakımızla koalisiya yaratmaq ideyası müzakirə olundu. Söhbət AXCP üçün beş nazir portfelindən gedirdi. Mənə isə parlamentin spikeri postu təklif olunurdu. Mən bundan imtina etdim. Bundan sonra hakimiyyət mənə qarşı qara piar və təzyiq kampaniyasına başladı. Hakimiyyət müxalifətin vahid namizəd ətrafında birləşməsi ehtimalından narahat idi”, - Kərimli pafosla deyir.

Və yenə də ağ yalan. Bəs necə? Axı məhz Kərimli Etibar Məmmədovla 2003-cü il prezident seçkiləri ərəfəsində ən populyar müxalifət lideri İsa Qəmbərin vahid namizəd elan edilməsini əngəlləyib. İlan-Kərimli özünəxas manera ilə-alçaqcasına və hiyləgərcəsinə Etibar Məmmədovu dəstəklədi. Etibar Məmmədovun isə o vaxt yeganə vəzifəsi vardı - etirazçı elektoratı parçalamaq və Qəmbərin vahid namizəd kimi irəli sürülməsini əngəlləmək. Hakimiyyət müxalifətin vahid namizədindən necə çəkinə bilərdi ki, Kərimli özü içəridən vahid namizəd institutunun formalaşmasına yönəlmiş bütün səyləri dağıtdı?! Kərimli hər şeyi elədi ki, nifrət etdiyi Qəmbərin oyununu pozsun.

Koalisiya hökuməti ideyasına və beynəlxalq vasitəçilərin bu sövdələşmədə vasitəçiliyinə gəldikdə isə, Kərimli bu məsələdə həqiqətin ancaq bir hissəsini açıqlayıb. Hələ 17 il əvvəl “Monitor” jurnalında mən o vaxtkı Amerika səfiri Stenli Eskuderonun koalisiya hökumətinin formalaşdırılmasına dair məşhur planı haqda yazmışdım. Lakin bu hökumətdə Əli Kərimlinin İlham Əliyevin rəqibi qismində deyil, tərəfdaşı qismində iştirakı nəzərdə tutulurdu!

Axı Gündüz Tahirlinin başçılığı ilə “Azadlıq” qəzeti (hansı ki, sonradan onun biznesi hökumət təşkilatlarının podratçısı kimi çiçəklənməyə başladı) İlham Əliyevin islahatçı komandası barədə obraz yaradırdı. Yalan nəyə lazımdır, cənab Kərimli?! Axı söhbət yüz il qabaqkı hadisələrdən getmir, bütün bunların hamısı bizim gözlərimiz qarşısında baş verib. Və Kərimliyə spiker postu yox, baş nazirin müavini postu təklif edilirdi. Ancaq cəbhəçilərin lideri daha çoxuna iddia etməyə başladı və son anda sövdələşmədən imtina etdi. Bəs bundan sonra nə baş verd? Əli Kərimlinin hakimiyyətin nəzarəti altında olan bütün müavinləri qapını çırpıb getdilər. Kərimli təkcə özünü yox, komandasını da pis vəziyyətdə qoymuşdu, nəticədə, onun komandası karton evcik kimi dağıldı...

Lakin Kərimli yalanlarına davam edir. Siyasətçi hətta üç il qabaqkı hadisələr barədə yalan danışır, baş verənləri təhrif edir. “Mən Taleh Kərimlini heç yaxından tanımırdım, (Nardaran hadisələrinin təşkilatçısı olan ekstremist şiə lider - müəllif) Nardarandakı hadisələri isə hakimiyyət özü təşkil etmişdi. Bizi isə onlarla əlaqələndirdilər”. Daha sözüm yoxdur, buna ancaq heyrət etmək olar! Bu cür ağ yalanı necə danışmaq olar axı?! Bəyəm Əli Kərimli və AXCP Taleh Bağırzadənin başçılıq etdiyi ekstremistlərin müdafiəsinə qalxmamışdı?! Bəyəm sosial şəbəkələrdə dünyəvi siyasətçi üçün qəribə görünən dini şüarlarla çıxış edən Kərimlinin müavini Fuad Qəhrəmanlı deyildi?! Bəyəm Kərimli özü mitinqlərdə Hacı Talehi və Nardaran hadisələrinin bütün iştirakçılarını azad etməyə çağırmırdı?! Nardarandakı barrikadaları müqavimət hərəkatının Kəbəsi və hər bir narazının Məkkəsi elan edən, radikal şiə qardaşlığı ilə israrla ittifaq quran Kərimli özü deyidi?! İndi isə görürsünüzmü, Kərimli Hacı Talehlə və teokratik Nardaran hərəkatının fəalları ilə heç tanış da deyilmiş...

Bu cür soyuqqanlı və vicdansızcasına necə yalan danışmaq olar axı?! Mənəviyyatsız siyasətdə qanunlar nə edə bilər?! Marksizmin klassiki yazırdı ki, siyasətdə məlum hədəf naminə hətta şeytanın özü ilə də ittifaq bağlamaq olar-amma əmin olmaq lazımdır ki, sən şeytanı aldada biləcəksən, şeytan səni yox.

Haradasa 20 il sonra dağılmış komasında oturacaq Kərimli ilə bağlı bütün bu əhvalatları müşahidə edərkən mən ancaq bir həqiqəti dərk edə bildim - AXCP lideri şeytanın özüdür və 30 il boyu bu şeytan ancaq özünü aldatmağa çalışıb. Özündən başqa o öz yalanlarına heç kimi inandıra bilməyib. Nə hakimiyyəti, nə müxalifəti, nə xalqı...

Xəbərlər