601
Dünən 15 aprel — 14:52

Müəllim internatda uşaqlara necə zülm verildiyini açıqladı

Təhsil Nazirliyi kimya müəlliməsi Leyla Ucalın Mərdəkanda yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 2 saylı internat məktəbi haqda sosial şəbəkədə yazdıqları ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə virtualaz.org-a nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

Qeyd edək ki, Leyla Ucal direktor və direktor köməkçisi daxil olmaqla, əksər müəllimlərin uşaqları təhqir etdiyini, döydüyünü yazıb. Bildirib ki, şagirdlərə kitab ən yaxşı halda yalnız 45 dəqiqə ərzində paylanılıb və dərsin sonunda yığılıb. “Buna etiraz edəndə direktor müavini mənə dedi ki, bu uşaqlar vəhşidir, kitabları versək, cıra bilərlər. Halbuki oxumaq istəyən uşaqlar var idi, amma yazıqların əllərinə kitabı verəndə o qədər minnət qoyurdular ki, uşaqlar oxumaqdan soyuyurdu. Sözdə məktəbin psixoloqu, əslində direktorun sürücüsü idi. Sözdə məktəbdəki təmizliyə riayət etməli olan xanımlar, əslində direktorun evinə təmizliyə gedən xanımlar idi. Hər müəllim öz otağını özü təmizləməli idi”, -kimya müəlliməsi yazıb. Həmçinin iddia edib ki, psixoloq kimi adı yazılan direktorun sürücüsü tez-tez uşaqları dərsdən heç bir əsas olmadan çıxarıb, fiziki iş görməyə aparırmış: “Səhərlər bütün işçilər direktorun hüzurundan keçib - ona və ailəsinə tərif və dualar yağdırıb sonra öz otaqlarına gedirdi. Uşaqlara gələn keyfiyyətli qidalar satışa aparılırdı. Daşıma işini uşaqlar özləri görürdü. Pulu kimə çatırdı, bilmirəm. Uşaqlar da bilmirdi. Uşaqlar əllərini sabunla yumurdular. Mən görəndə sovet dövründən qalma şampundan istifadə edirdilər. Uşaqlar sabun istəyəndə onlara köhnə şampun verən nəzarətçiyə “Şampun dayı” ləqəbi qoymuşdular. "Şampun dayı" yayda rəhmətə getmişdi”.

İddialardan biri də məktəbdə fizika dərsinin keçirilməməsidir. “Fizika müəllimi direktor müavini idi. Uşaqlar deyirdilər ki, bu adam öz dərsinə ildə iki dəfə girir -ilin əvvəlində və ilin sonunda. Direktor məktəb məsələlərinə, demək olar ki, qarışmırdı. Amma reklam xətrinə təşkil edilmiş şoularda əvvəldən-axıra iştirak edirdi. Bütün işlər direktor müavininin üzərinə düşürdü”.

C.Valehov isə bildirib ki, Təhsil Nazirliyinin nümayəndəsi, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin müdir müavini Həbib Kərimov hazırda məktəbdədir. Kimya müəlliməsinin bütün iddiaları tək-tək araşdırılacaq. “İnternatdakı vəziyyət tam və hərtərəfli araşdırılacaq. Jurnalistlərə də məktəbdə yaradılmış şəraitlə tanış olmaq, uşaqlarla söhbət etmək imkanı yaradılıb. Bütün iddialar araşdırılandan sonra ictimaiyyətə məlumat veriləcək”, -C.Valehov əlavə edib.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər