1409
Dünən 13 aprel — 11:42

Arvadını xəyanətdə günahkar bilən Ramiz qardaşı arvadını bıçaqladı

Xaçmazda ər-arvadın mübahisəsi qanla nəticələnib, amma bu dəfə kişi onları ayırmaq istəyən qardaşı arvadını bıçaqlayıb. Qaynının qan tökəcəyindən ehtiyatlanan Sərfinaz bıçağı götürərək gizlətməyə çalışıb, qaynı isə onu məhz bu səbəbdən vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz şəhər sakini, 42 yaşlı Ramiz Mirzəyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, hadisə ötən il iyulun 2-də Xaçmaz şəhəri, R.Sadıqov küçəsi, 27 saylı mənzildə baş verib. Həyat yoldaşının ona xəyanət etdiyini düşünən ev sahibi arvadı ilə mübahisə edib. R.Mirzəyevin arvadına xəsarət yetirəcəyindən ehtiyatlanan qardaşı arvadı Sərfinaz bıçağı götürüb qaçıb. Qardaşı arvadının əlindən bıçağı alan R.Mirzəyev elə həmin bıçaqla onun özünü bıçaqlayıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, spirtli içki aludəçisi Ramiz Mirzəyevin ailəsində mütəmadi olaraq dava-dalaş, narazılıq hökm sürüb. İçkinin təsiri altında tez-tez həyatından bezdiyini, yaşamaq istəmədiyini deyib. Onun özünə xəsarət yetirəcəyindən ehtiyatlanan ailə üzvləri evdəki bıçaqları gizlədiblər. Hadisə baş verən gün isə səhərə yaxın evə gələn Ramiz arvadı Rənanı ona xəyanət etməkdə günahlandırıb, görüşdüyü kişini harada gizlətdiyini soruşub. Arvadına hədə-qorxu gələrək “sən mənə xəyanət edirsən, səni öldürəcəyəm” deyib. Lakin mənzildən axtarıb tapdığı bıçaqla nə özünə, nə də arvadına xəsarət yetirib. Bıçaq zərbələrinə ortalığa qan düşməsindən ehtiyatlanan qardaşı arvadı Sərfinaz tuş gəlib.

Təqsirləndirilən Ramiz Mirzəyev ona elan olunmuş ittihamla məhkəmədə özünü təqsirli bilməyib. Spirtli içkiyə meylli olduğunu etiraf edən R.Mirzəyev hadisədən bir müddət əvvəl əsəblərinin pozulduğunu, hərəkət edə bilmədiyini deyib: “Qardaşımgillə eyni həyətdə yaşayırıq. Son vaxtlar hər gün içirdim, əsəblərim, yuxum pozulmuşdu. Arvadım mənim bu vəziyyətimi görüb evdəki bütün bıçaqları gizlətmişdi”.

R.Mirzəyevin ifadəsinə görə, hadisə baş verən gün özünə xəsarət yetirmək üçün bıçaq axtarıb, amma tapa bilməyib: “Bıçaqlardan birini tapıb Rənaya göstərmək istədim. Onun qardaşımgilə getdiyini bilib arxasınca gəldim. Əlimdəki bıçağı soyuducunun üstünə qoyub qapını açmağa çalışdım. Bu vaxt qardaşımın arvadı Sərfinaz bıçağı soyuducunun üstündən götürüb qaçdı. Mən də arxasınca qaçıb əlindən aldım. Sonradan nə baş verməsindən xəbərim olmayıb. Mən Sərfinazı bıçaqla vurmamışam. Onu kimin bıçaqladığını bilmirəm”.

Məhkəmə R.Mirzəyevin bu ifadəsini inandırıcı hesab etməyib və özünümüdafiə xarakterli qiymətləndirib.

Zərərçəkmiş Sərfinaz Mirzəyeva ifadəsində qaynı Ramizlə münasibətlərinin yaxşı olduğunu, aralarında heç vaxt düşmənçilik, ədavət olmadığını deyib: “İçkinin təsiri keçəndə əsəbi olurdu, arvadı ilə mübahisə edirdi. Ramiz əsəbləşəndə özünə və ya kiməsə xəsarət yerirəcəyindən qorxduğumuz üçün bıçaqların hamısını gizlətmişdik. Hadisə baş verən gün bütün gecəni Ramiz evə gəlmədi. Rəna ilə oturub gözlədik. Səhər saat 7-də evə gələndə rəngi ağappaq idi. Yatacağını deyib evə keçdi”.

Zərərçəkmişin ifadəsinə görə, bir qədər sonra Ramiz əsəbi halda həyətə düşərək Rənanın üstünə qışqırıb və xəyanət etdiyi kişini harada gizlətdiyini soruşub: “Rəna onun əlində bıçaq görən kimi qaçıb bizim evdə gizləndi, qapını da arxadan bağladı. Ramiz qapını rahat açmaq üçün bıçağı soyuducunun üstünə qoyanda mən götürüb qaçdım. Arxamca gəlib əlimdən aldı, kürəyimdən, qollarımdan, qarnımdan vurdu. Qışqırıq səsinə ərim Emram da yuxudan oyandı. Məni xəstəxanaya apardılar”.

Məhkəmənin hökmü ilə Ramiz Mirzəyev 7 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Aprelin 24-də Sumqayıt Apellyasiya Məhkəməsində N.Mirzəyevin şikayətinə baxılacaq.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər