865
Dünən 6 mart — 16:51

Qaçqın yataqxanasında yanğın faciəsi: “Qaçqınkom”un sədri ölənlərin yasında iştirak etdi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakının Nərimanov rayonunda qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğın nəticəsində dünyasını dəyişənlərin hüzr mərasimində iştirak edib.

Komitə sədri dünyasını dəyişənlərin ailəsinə başsağlığı verib və hüzr mərasimində iştirak edən məcburi köçkünlərin problemlərini dinləyib.

Rövşən Rzayev deyib ki, binada təhlükəli mənzillərdə yaşayan ailələr bir ay müddətində kirayə evlərlə təmin olunacaq. Bu müddətdə yataqxanada təmir-bərpa işləri həyata keçiriləcək. Təmir bitəndən sonra məcburi köçkünlər yenidən evlərinə qayıdacaqlar: “Bu binada məskunlaşan bütün məcburi köçkünlər tez bir zamanda məcburi köçkünlər üçün tikilən qəsəbələrin birində evlərlə təmin edəcəyik. Hazırda biz ailələrlə bu barədə razılaşmalar həyata keçiririk"

R.Rzayev qeyd edib ki, ötən gün yanğın nəticəsində dünyasını dəyişənlərin ailəsi üçün üçotaqlı kirayə ev tutulub: “Ailə bu gündən kirayə evinə köçürüləcək. Yanan bina təmir olunana qədər həmin ailə Nərimanov Rayon İcra Hakimiyyətinin himayəsində olacaq. Biz bu gün burada dəfn mərasimində iştirak etdik və dəfn mərasiminin bütün xərclərini qarşıladıq. Məqsədimiz Cənab Prezidentin arxası ilə Dağlıq Qarabağa getməkdən ibarətdir”.

Komitə sədri R. Rzayev könüllü olaraq Ağdam rayonuna köçmək istəyən məcburi köçkünlərə müraciət edib. Bildirib ki, könüllü olaraq Ağdama köçmək istəyən məcburi köçkünlərin həmin rayonda dövlət tərəfindən tikilicək mənzillərdə yerləşdiriləcək.

R.Rzayevin bu təklifinə yataqxanada məskunlaşan Ağdamdan olan məcburi köçkün 1992-ci il təvəllüdlü Ağamirzəyev Kəmaləddin Əbdülhüseyn oğlu yerindəcə münasibət bildirib və təklifi qəbul etdiyini söyləyib.

Komitə sədri həmin məcburi köçkünün ad-soyadını və əlaqə telefonunu qeyd edərək tezliklə onunla əlaqə saxlayacağını və onun Ağdam rayonunun işğal olunmamış ərazilərindən birində müasir standartlara uyğun şəkildə inşa olunacaq evlə təmin ediləcəyini bildirib. (Report)

Virtualaz.org

Xəbərlər