1453
Dünən 8 fevral — 12:30

Bakı qəsəbələrinin palçığı dizə çıxan yolları: işə Dövlət Agentliyi qarışır

Bakının kənarlarında yerləşən kənd və qəsəbələrdə məhəllədaxili yolların təmirinə başlanılıb. Artıq Binəqədi rayonunun Sulutəpə qəsəbəsində Ruslan Allahverdiyev küçəsi  və ona paralel bir neçə küçə yenidən qurulur. Ümumilikdə 4 km-ə yaxın yolu əhatə edəcək kompleks tədbirlər çərçivəsində yeni piyada səkilərinin də inşa olunması nəzərdə tutulub.

Xəzər rayonunun Binə qəsəbəsində, “Atçılıq” yaşayış massivində də məhəllədaxili yollar təmir edilir. İllərdir asfalt üzü görməyən bu yollarda təmir işlərinə başlanılsa da, hələ də paytaxtın ucqarlarında yerləşən əksər kənd və qəsəbələrin məhəllədaxili yolları bərbad vəziyyətdədir. Xüsusən Bülbülə, Buzovna, Hövsan, Binə, Ramana və digər qəsəbələrdə yol infrastrukturu yox dərəcəsindədir, nəticədə sakinlər payız-qış aylarında dizə qədər çıxan palçıqdan, yayda toz-torpaqdan əziyyət çəkirlər.

Redaksiyamıza ən çox şikayət gələn qəsəbələrdən biri Suraxanı rayonu, Bülbülə qəsəbəsidir. Sakinlər deyirlər ki, qəsəbənin S. Əliyev küçəsi, “A” massivinə yağışlı havada girmək mümkün deyil. Uşaqlar dizə qədər çıxan palçıqda məktəbə gedib-gəlməli olurlar, palçıqlı yollar qəsəbə sakinlərinin avtomobillərini sıradan çıxarır. 20 ilə yaxındır ki, eyni vəziyyət davam edir, dəfələrlə müxtəlif orqanlara şikayətlər olunsa da, sakinlər etiraz aksiyaları keçirib yolu kəssələr də problem həllini tapmayıb. Suraxanı Rayon İcra Hakimiyyətində sakinlərin şikayətlərinə bu məzmunda standart cavab verib yola salırdılar ki, vəsaitimiz yoxdur, “yuxarılara” məsələni çatdırmışıq.

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi, 9-cu döngədə də eyni vəziyyət hökm sürür. İldə bir neçə dəfə sakinlərdən yığılan vəsait hesabına küçələrə çınqıl tökülsə də, onun ömrü növbəti yağış yağana qədər çəkir.

“2014-2016-cı illər Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın vaxtı bitib, amma qəsəbələrin yol problemi hələ də həll olunmayıb. Bəs digər qəsəbələrin məhəllədaxili yolları nə vaxt ağ günə çıxacaq? Növbəti proqram gözlənilirmi?

Bu suallarla bağlı ən çox şikayət aldığımız rayonlardan olan Suraxanı rayonunun İcra Hakimiyyəti ilə əlaqə saxladıq. RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov virtualaz.org-a açıqlamasında bildirdi ki, hazırda rayonda nə az nə çox, düz 3 milyon kv metr asfalta ehtiyacı olan ərazi var. Əvvəllər belə yollar rayon icra hakimiyyətlərinin və ya bələdiyyələrin balansında idisə artıq bütün yollar Azərbaycan Avtomobil yolları Dövlət Agentliyinin (AAYDA) balansına verilib.

“Həm məhəllədaxili, həm də əsas yollar Agentliyin balansına verilib. Doğrudur, biz təmirə ehtiyac olan yolların siyahısını veririk, amma indi işin icrasını mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirir. Lakin Agentlikdən bildirirlər ki, bizim rayondakı məhəllədaxili yollar hələ onların balansına keçməyib. Biz Agentliyə bununla bağlı məktubla müraciət etmişik ki, həmin yolları da öz balanslarına götürsünlər”-Bərxudarov deyib.

İcra Hakimiyyəti rəsmisi bildirdi ki, asfaltlanmaya ehtiyac olan yolların növbəti proqrama salınması üçün İqtisadiyyat Nazirliyinə və digər aidiyyati orqanlara da müraciət olunub.

Sabunçu Rayon İcra hakimiyyətindən də, artıq məhəllədaxili yolların Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olduğunu dedilər: “Düzdür, Suraxanı rayon İcra Hakimiyyətindən sizə düz məlumat veriblər. Bütün yolların təmirini, çəkilməsini birbaşa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirir. Hansısa məhəllədaxili yolun təmirinə ehtiyac varsa, biz müraciət edirik, onlar təmir edirlər”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə artıq qəsəbədaxili avtomobil yollarında problemlərin aradan qaldırılmasına başlandığını dedilər. Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, bu ilin əvvəlindən başlanan yenidənqurma və təmir işləri Bakı şəhəri üzrə 11 rayonu əhatə edir. Təxminən 70 km-ə yaxın avtomobil yolunda yenidənqurma və həmçinin böyük ərazidə orta təmir və cari təmir də aparılır.

Artıq Sulutəpə qəsəbəsində uzun müddət istismar olunub bərbad vəziyyətə düşmüş daxili yolların, 20-ci sahə adlanan ərazi, Gülbala Əliyev küçəsinin, Pirallahı istiqamətində Gürgən qəsəbəsi və Qoşa qışlaq yaşayış massivinin yollarının təmir-bərpasına başlanılıb. Sabunçu, Suraxanı rayonları ərazisində Yeni Suraxanı və Qaraçuxur qəsəbələrini birləşdirən avtomobil yolunun, Xəzər rayonunda, Badam bağları adlanan ərazidə 20 km-ə yaxın yolun təmiri nəzərdə tutulub.

Binə qəsəbəsinin Quşçuluq sovxozu deyilən ərazinin daxili yolları, Binə aqrokompleks yeni yaşayış massivinin daxili yolları, Suraxanı rayonu, Hovsan qəsəbəsi ilə Zeytun sovxozunu birləşdirən yolun, Binəqədi Rəsulzadə, Biləcəri qəsəbəsində yolların da təmir işləri həyata keçiriləcək. Həmçinin hazırda Sabunçu rayonunda Savalan yaşayış massivinin 3 km-lik heç vaxt asfalt örtüyü olmayan torpaq yolu da yenidən qurulur.

“Bu yollar əvvəl çox pis vəziyyətdə olub. Həm də bizim balansımızda olmayıb. Bu ildən etibarən biz çalışacağıq ki, bu yolların ən pis vəziyyətdə olanları, uzun müddət təmir olunmayanların yenidən qurulmasını həyata keçirək”, - A. Nəcəfli qeyd edir.

Bülbülə qəsəbəsində sözügedən yolu Agentliyin balansına götürməməsinə gəlincə isə, Anar Nəcəfli bildirdi ki, əslində hazırda təmir olunan yolların çoxu AAYDA-nın balansında deyil. Amma AAYDA tərəfində yolda təmir işləri aparılırsa, yola nəzarəti də həmin qurum həyata keçirir: “Əgər yolu Avtomobil yolları Dövlət Agentliyi bərpa edibsə, nəzarəti, yolun saxlanmasını da o həyata keçirir. Çünki o cavabdeh olmalıdır, bələdiyyənin və ya yerli icra hakimiyyəti orqanının yolun saxlanması, təmiri üçün ixtisaslaşmış strukturu yoxdur. Bu il ərzində təkcə Suraxanı rayonunda 12 km-ə qədər yol təmir olunacaq. Etiraf edək ki, rayonlar, xüsusən, Sabunçu, Suraxanı rayonlarında kifayət qədər bərbad vəziyyətdə olan qəsəbədaxili yol var. Bunların hamısını birdən-birə təmir etmək qeyri-mümkündür. Çalışacaq ki, bu işləri mərhələli şəkildə həyata keçirək. Yaxın 2-3 il ərzində Bakı şəhərində əsas qəsəbədaxili yolların təmiri başa çatdırılacaq”.

Məhəllədaxili yolların nə vaxtdan Agentliyin balansına keçdiyini, qanunda bununla bağlı dəyişiklik olunduğunu isə aydınlaşdıra bilmədik.

Bakı Şəhər İcra Hakimiyyətində isə dəyişikliklərdən xəbərsiz idilər. BŞİH-in mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov virtualaz.org-a açıqlamasında bildirdi ki, bütün yollar kateqoriyalara bölünür. Əsas küçələr AAYDA-nın, məhəllədaxili yollar isə hələ də rayon icra hakimiyyətləri və bələdiyyələrin balansındadır...

Gülnar Əliyeva

Virtualaz.org

Xəbərlər