780
Dünən 3 dekabr — 13:40

Bakılı xəstələrin də müraciət etdiyi regional tibb mərkəzi

Səhiyyə Nazirliyi regionlarda fəaliyyət göstərən tibb müəssisələrində yaradılmış şərait və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti ilə tanış olmaq üçün rayonlara media-turları davam etdirir. Virtualaz.org xəbər verir ki, media nümayəndələrinin baş çəkdikləri növbəti ünvan Şəki Rayon Mərkəzi Xəstəxanası olub.

Artıq Şəki və ətraf rayonlarda yaşayanların şəkərli diabet, zob, xroniki böyrək çatışmazlığı, onkoloji xəstəliklərin müayinə və müalicəsi üçün Bakıya gəlməsinə ehtiyac qalmayıb. 6 korpusdan ibarət xəstəxanada təcili tibbi yardım, reanimasiya, cərrahiyyə, göz xəstəlikləri, diaqnostika, laboratoriya şöbələri ilə yanaşı, onkoloji xəstəliklər, eləcə də dializ və poliklinika şöbələri fəaliyyət göstərir. Üstəlik, bütün şöbələr müasir müayinə avadanlıqları ilə təchiz edilib, burada hemodializ, anesteziya, rentgenoqrafiya, kompüter tomoqrafiyası, laboratoriya, süni nəfəs aparatları quraşdırılıb. Xəstəxananın 100 çarpayılıq cərrahiyyə korpusu fəaliyyət göstərir.

Baş həkim Elçin Əmirov deyir ki, ilkin təxirəsalınmaz yardım şöbəsi gün ərzində 10-15 ağır xəstə qəbul edə bilir. Regionda ağır qəzalar zamanı xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılır. Ümumi reanimasiya şöbəsində eyni vaxtda 24 nəfərə qədər xəstəyə tibbi xidmət göstərilə bilir.

Xəstəxanada hemodializ şöbəsində şəkililərlə yanaşı, Oğuz və Qaxdan gələn xəstələr həyati zəruri dializ proseduru qəbul edirlər. Hazırda şöbədə ümumilikdə regionlardan gələn 60 xəstə müalicə olunur ki, onların ən yaşlısının 70-dən yuxarı, ən gəncinin isə 23 yaşı var.

Bölgədə onkoloji xəstəliklərin diaqnostikası üçün yeganə laboratoriya da məhz Şəki Rayon Mərkəzi Xəstəxanasında yerləşir. Patositomorfologiya laboratoriyasının yaradılmasının təşəbbüskarı olan həkim-patomorfoloq İntiqam Əmrahov deyir ki, xəstəxanda onkoloji xəstəliklərin hüceyrə və toxuma səviyyəsində yoxlanılması üçün hər cür şərait yaradılıb. “Bu gün hüceyrə (sitoloji) və toxunma (histoloji) səviyyəsində müxtəlif onkoloji xəstəliklərin diaqnozunun qoyulduğu region üzrə yeganə laboratoriya Şəki Rayon Mərkəzi Xəstəxanasındadır. Əməliyyat zamanı orqanlarda istər onkoloji, istərsə də qeyri-onkoloji xəstəliklərin dəqiq analizi bu laboratoriyada aparılır. Son bir neçə ildə regionda süd vəzisi xərçəngi geniş yayılıb. Kişilərdə prostat vəzi və bağırsaq xərçənginə, qadınlarda ginekoloji problemlərə daha çox rast gəlinir”, - həkim məlumat verib. Onun sözlərinə görə, azyaşlı uşaqlarda əksər hallarda xoşxassəli gematomalar müşahidə olunur.

Xəstəxananın radioloqu Aysel Əzimova isə əhali arasında ən çox rast gəlinən qeyri-onkoloji xəstəlikləri sadalayır. Həkim deyir ki, daha çox osteoxondroz müşahidə olunur: “Rayon əhalisinin böyük hissəsi kənd təsərrüfatı sahəsində çalışdığı üçün ən çox rast gəlinən xəstəliklərdən biri osteoxondrozdur”.

Şəki endemik zona hesab olduğundan, əhali arasında zob xəstəliyi qeydə alınır. Şəkərli diabetə gəldikdə isə, hazırda rayonda 3343 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır. Onlar dövlət tərəfindən zəruri dərmanlarla təmin olunurlar.

Xəstəxananın göz şöbəsinə isə təkcə regiondan deyil, Gəncə, Mingəçevir, hətta Bakıdan da müraciət edənlər olur, çünki oftalmoloq Gülnarə Məmmədova regionun ən təcrübəli, ixtisaslı kadrı kimi tanınıb. G.Məmmədovanın sözlərinə görə, son zamanlar el arasında “qara su” kimi tanınan qlaukoma xəstəliyinə tez-tez rast gəlinir. Azyaşlı uşaqlarda daha çox refraksiya anomaliyaları, yaşlılarda və şəkər xəstələrində göz dibində dəyişikliklər müşahidə edilir. “Xəstəxanada gün ərzində 100 nəfərdən çox pasiyent qəbul edirik. Ən son tibbi avadanlıqlar sayəsində gözün müxtəlif xəstəliklərinin cərrahi əməliyyatlarla aradan qaldırılması da mümkündür”, - həkim əlavə edib.

Şəkidə 320 çarpayılıq terapevtik korpus da fəaliyyət göstərir. Ümumilikdə, rayonun tibb müəssisələrində 620 çarpayı yeri var.

Media nümayəndələri daha sonra Şəki Rayon Perinatal Mərkəzdə olublar. Mərkəzdə hamiləliyin patologiyası, anesteziologiya və reanimasiya, yeni doğulmuşların intensiv terapiyası, məsləhət və digər şöbələr fəaliyyət göstərir. Baş həkim Ruziyyə Hüseynova deyir ki, son 3 ayda yenidoğulanlar şöbəsinə 488 körpə daxil olub, onlardan 9 cütü əkizdir: Şöbənin reanimasiya bölümündə hazırda 55 körpə saxlanılır. “Balakən, Mingəçevir, Zaqatala, Qax, Oğuz, Qəbələ və Şəkinin Dəhnə kəndindən 37 körpə gətirilib, onların anası yanlarında deyil, çünki müalicə alırlar. Doğum şöbəsinə 522 hamilə müraciət edib, onlardan 472 nəfəri təbii doğuş, 145 nəfəri isə qeysəriyyə üsulu ilə ana olub. Hesabat dövründə Şəkidə ana ölümü qeydə alınmayıb”, - media işçilərinə məlumat verilir.

Mərkəzin qəbul şöbəsi filtr sistemi üzrə işləyir. Belə ki, həkim göndərişi ilə mərkəzə müraciət edən hamilələr qəbul şöbəsinə daxil olduqdan sonra ana bətnində dölün ürəyinin kardioqramması çıxarılır, xarici və daxili müayinələr aparılır, növbəti mərhələdə hamilə doğum şöbəsinə yola salınır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirir ki, regionlarda yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və əməliyyatları həyata keçirməyə imkan verən yeni diaqnostika mərkəzləri, xəstəxanalar tikilib. “Media-turun məqsədi regionlardakı xəstəxanaları tanıtmaqdır, gənc həkimləri regionlardakı xəstəxanalarda işləməyə dəvət edirik”, - Abubəkirov deyib və əlavə edib ki, növbəti səfər Qubaya olacaq.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər