1407
Dünən 12 iyun — 15:25

Balakəni su vurdu: Evləri su basdı, tonlarla sarımsaq, kartof zay oldu, arı pətəkləri dağıldı

Balakən rayonunda dünən gecədən başlayan və güclü küləklə müşayiət olunan leysan yağışlar nəticəsində rayonun Katex kəndi ərazisindən axan Dəliçay daşıb. Nəticədə, çayın kənarındakı yüzlərlə ev su altında qalıb, bir neçə körpü dağılıb.

Katex kənd sakinləri virtualaz.org-a bildiriblər ki, çaya yaxın yerləşən evlərin hasarları, mal tövlələri uçub, toyuq-cücəni sel aparıb. “Dəliçaya yaxın tikilən evlər həmişə təhlükədə olub, əvvəllər də çay daşıb. Amma bu dəfə çox ziyan dəydi”, - sakinlərdən biri söyləyib.

Katex kəndinin 10 minə yaxın sakini var. Sakinlər, əsasən, əkinçiliklə pul qazanırmış. Onlardan biri - Araz Məmmədov deyib ki, sel vurması nəticəsində satmaq üçün toplanan tonlarla sarımsaq zay olub. “Tonlarla sarımsağı su apardı. Sel əkin sahələrini, xüsusilə də kartof sahəsini yudu”.

Sel arıçılıq təsərrüfatına da zərər vurub - arı pətəkləri su ilə dolub. Sakinlər əlavə ediblər ki, hələ də əraziyə girmək çətindir. Rayondan əlavə qüvvələr cəlb edilib, həyət və zirzəmilərdən su çəkilir.

Katex bələdiyyəsindən isə deyiblər ki, hazırda kəndə elektrik enerjisi verilir, sel basmış ərazilərdə qaz xətti müvəqqəti kəsilib. Rayon İcra Hakimiyyətinin tapşırığı ilə hamı dəymiş zərərin aradan qaldırılmasına cəlb olunub. “Bir neçə evin hasarı dağılıb. İndi yağış yağmır, gecəyə kimi ərazidə iş gedəcək”.

Balakən Rayon İcra Hakimiyyətindən isə deyiblər ki, dəymiş zərər müəyyənləşdirilir. İşıq, qaz və digər kommunikasiya xətləri bərpa olunur. Amma sığorta olunmadığı halda dəymiş zərərə görə kompensasiya verilməyəcək.

Ülviyyə Xudiyeva

Virtualaz.org

Xəbərlər