1648
Dünən 9 aprel — 19:47

Olimpiya çempionu Namiq Abdullayev: “Qardaşıma görə cavabdeh deyiləm”

Olimpiya çempionu Namiq Abdullayev virtualaz.org-un redaksiyasına müraciət edərək, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsindəki 16 mərtəbəli “Park Kolizey” yaşayış kompleksinin tikintisi ilə bağlı dərc edilmiş yazıya münasibətini bildirib.

Xatırladaq ki, redaksiyamızın əməkdaşı ilə söhbətlərində 7A saylı binanın sakinləri deyiblər ki, 9 mərtəbəli panel ev və onun yaxınlığındakı ərazi (burada “Сasbak-Trade” şirkəti yaşayış kompleksi tikməyi planlaşdırır) Azərbaycan Müdafiə Nazirliyinin balansındadır. Əvvəllər burada park, uşaq meydançası, sakinlərin dincəlməsi və avtomobillərin yuyulması üçün yerlər olub. Lakin dörd ay bundan qabaq inşaatçılar gələrək, iri ərazini daş hasara alıblar və hətta sakinlərin öz hesablarına tikdirdikləri su hovuzunu da “ələ keçiriblər”. Sonradan isə iki metrlik hasarın o biri tərəfində qalmış yelləncəkləri, istirahət yerlərini söküblər.

Bina sakinləri bildiriblər ki, tikintiyə Namiq Abdullayevin qardaşı Natiq Abdullayev rəhbərlik edir. Yazı dərc olunana qədər əmıkdaşlarımız Natiq Abdullayevə rəsmi şəkildə müraciət etsələr də, o, suallarımıa cavab verməkdən imtina etmişdi.

“Məqaləni oxudum. Lakin bu layihəyə heç bir aidiyyatım yoxdur. Hazırda mən dövlət vəzifəsindəyəm, biznesim yoxdur”, - Namiq Abdullayev deyib. Eyni zamanda, olimpiya çempionu qardaşına ünvanlanmış tənqidə də münasibətini bildirib: “Qardaşımın şəxsi biznesi var. Natiqlə münasibətim yoxdur. Ola bilsin ki, hansısa bizneslə məşğul olur, lakin bunun mənə və mənim işimə aidiyyatı yoxdur. Qardaşıma görə cavabdeh deyiləm”.

Ceyhun Nəcəfov

Virtualaz.org

Xəbərlər