1521
Dünən 13 mart — 12:52

Məktəb bufetlərində xaos və... aşkar korrupsiya əlamətləri

Azərbaycanda təhsil müəssisələrində qidalanma üzrə dövlət standartları mövcud olsa da bu sahədə əsl xaos hökm sürür. virtualaz.org Azərbaycan məktəblərində bufetlərin vəziyyətini və bu sahədə fəaliyyətin necə qurulduğunu araşdırmağa çalışıb. Ortaya çıxan nəticə budur ki, məktəblərdə uşaqlara zərərli qidaların satışı sahəsində vəziyyət dəyişməyib, üstəlik məktəb bufetlərinin fəaliyyətinin təşkili ilə bağlı ciddi korrupsiya əlamətləri mövcuddur.

Məktəblərdə uşaqlara çipsi, kola, energetik içkilər, mənşəyi məlum olmayan kolbasa və sosislər satılması problemi əvvəllər dəfələrlə ictimai müzakirə predmeti olub. Nəhayət bir neçə il əvvəl  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təhsil müəssisələrində qidalanma ilə bağlı vahid dövlət standartı müəyyənləşdirilib. Ümumtəhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı açıqlanıb.

Amma araşdırmalar göstərir ki, bu standartlara əməl edilmir. Çünki sahibkarlıq subyektlərində yoxlama aparılması  2021-ci ilədək dayandırılıb və məktəb bufetlərini işlədənlər də bundan geniş ölçüdə sui-istifadə edir.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən ötən il paytaxtın 25 məktəbində monitorinq keçirilərək şagirdlərin qidalanma vəziyyəti araşdırılmışdı. Mərkəzin açıqlamasında qeyd olunurdu ki, 13 məktəbin bufetində soyuducu olmayıb. “Məktəblərdə uşaqların qidalanması üçün vacib olan süd və meyvə satılmır. Yalnız bir məktəbdə süd satışına rast gəldik. Uşaqlar məhsul seçərkən keyfiyyətə deyil, qiymətə üstünlük verirlər. Problemlərdən biri də vaxt azlığıdır”.

Valideyinlər və şagirdlər nə deyir...

Bufetlər kimlərə və hansı şərtlərlə icarəyə verilir? Bufetləri ərzaqla hansı şirkətlər təmin edir? Şirkətlərin seçimi üçün sonuncu dəfə nə vaxt tender keçirilib və bu tender nə dərəcədə şəffafi idi? Bu suallar ətrafında həm məktəblərə baş çəkməklə, həm müvafiq rəsmi strukturlarla və ekspertlərlə araşdırma apardıq.

Bəribaşdan qeyd etmək lazımdır ki, Bakıda məktəblər əsasən qapalı tipli obyektlərə çevrilib. Nəinki kənar şəxslərin, valideyilərin də məktəbə daxil olması qadağandır. Jurnalistlər isə Təhsil Nazirliyinin daxili əmrinə əsasən yalnız nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin razılığı ilə məktəbə buraxıla bilərlər.  Bu səbəbdən məktəb bufetlərinə baş çəkib orada şagirdlərə təklif olunan qidalar, qiymətlər və digər məqamlar barədə faktları toplamaq jurnalist üçün müşkül məsələdir. Amma məktəblərin qarşısında dayanıb uşaqlarının dərsdən çıxmasını gözləyən valideyinlərlə, o cümlədən şagirlərlə söhbətləşib bufetlərdə hökm sürən vəziyyət barədə qismən təəsürat əldə etmək mümkündür.

Hərçənd valideynlərin də əksəriyyəti bufetlərdəki vəziyyətlə tanış deyillər, onlar ancaq uşaqlarının danışdıqlarına əsasən bu haqda nəsə bilirlər.

“Bizim bufet lap mini-marketə oxşayır…”

Yasamal rayonundakı 20 nömrəli məktəb-liseyin şagirdləri deyir ki, onların bufetləri əsil mini marketdir. Burada pizza, hot-doq, dönər, suxarı, müxtəlif növ şirniyyatlar, suplar satılır.

20 nömrəli məktəbdə 3 mindən çox şagird təhsil alır, bufet geniş və təmirlidir. Amma tənəffüsdə oturub yeməyə nə yer, nə də vaxt çatmır. “Mən dönər və tort alıram.  Bəzən çörəyin arasında kolbasa da satırlar”, -8-ci sinif şagirdi deyir.

Azər adlı şagird isə deyir ki, bufetə hərdən gedir, ya su, ya da suxarı alır.

Övladı 6-cı sinifdə təhsil alan  Səbinə adlı valideyn isə bildirir ki, uşağının çantasına hər gün yemək qoysa da, ara-sıra bufetdən suxarı və ya pizza almasına icazə verir: “Uşaq deyir ki, sinif yoldaşları pizza, suxarı alır. Mən icazə verməsəm də, əlinə pul düşən kimi bufetə qaçır, alır”.

Valideynlərdən biri isə uşağına bufetdən nəysə almağa qadağa qoyduğunu bildirir.  Deyir ki, mağazalarda 20 qəpiyə satılan su bufetdə 50-60 qəpiyədir. 30 qəpiklik suxarı isə 2 dəfə baha verilir.  Üstəlik həmin malların köhnə olub-olmadığına da əmin deyil. Buna görə də uşağı bufetə buraxmır.

Uşaq cəmi bir dəfə şirniyyat alıb və ürəyi bulanıb

Nəsimi rayonundakı 5 saylı məktəbdə də çeşid çoxdur, şagirdlərə tortdan tutmuş paxlava, qoğala qədər şirniyyatlar, pizza, dönər, cipsi və meyvə suları satılır. Hansı ki, bu məhsullar qadağan olunmuş qidaların siyahısında yer alıb.

Övladı 1-ci sinifdə təhsil alan valideyn söyləyir ki, uşağın bufetə getməsinə qadağa qoyub. Çünki uşaq cəmi bir dəfə bufetdən şirniyyat alıb və həmin gün ürəyi bulanıb.

Şəbnəm adlı valideyn isə deyir ki, bufetdə satılan qidaların tərkibini, harada hazırlandığını bilmir. Həm də təklif edilən qiymətlər bahadır. Buna görə də bufetdən heç nə almırlar.

170 və 260 saylı məktəblərdə isə çeşid az, qiymət bahadır. Bufetdə kolbasa-çörək, bulka, pizza və adi su satılır.

6 saylı məktəbdə isə bufetdə satılan qidalardan razılıq edirlər. Şagirdlərdən biri satılan qidaları sadalayır- pizza, langet, makaron, hot-doq, makaron, bulka, aş, salatlar, dönər, şaurma və meyvə şirələri. “Dönərin içində kotlet, pomidor, xiyar olur. Hot-doq və peraşki yağda qızardılmır. Elektrik sobasında hazırlanır, qiyməti də 1-2 manat olur”.

Məktəbdə çalışan müəllimlərdən biri isə bizi inandırmağa çalışır ki, direktordan tutmuş müəllimlərə qədər hamı bufetdə verilən yeməklərlə qidalanır. Hətta bəzən alıb evlərinə aparanlar da olur. İndiyədək yeməklərin keyfiyyətindən narazılıq edənlər olmayıb.

Bufetlər fiziki və ya hüquqi şəxslərə icarəyə verilir

Məktəb bufetləri fiziki və ya hüquqi şəxslərə icarəyə verilir. Nazirlər Kabinetinin qərarı ilə məktəblərdə iaşə xidmətini həyata keçirən şəxs və ya şəxslərlə məktəb rəhbərliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və ya Təhsil Nazirliyi arasında müqavilə bağlanılır. Elə müqaviləyə əsasən tərəflər şagirdlərə verilən yeməyin keyfiyyəti və təhlükəsizliyi üçün məsuliyyət daşır. Baxmayaraq ki, direktorlar bufetlərin özəl müəssisə olduğunu, buna görə də baş verə biləcək hansısa zəhərlənmə və ya təhlükəyə görə firmaların məsuliyyət daşıdığını söyləyirlər. Müqavilə əsasında həm məktəbə, həm də idarə və ya nazirliyə vəsait ödənilir.

Adını açıqlamaq istəməyən bufetçi deyir ki, bacısı qızı direktorun katibəsidir və onun köməyi ilə bufeti aylıq 900 manata icarəyə götürüb. İcarə pulunu çıxarmaq üçün suxarıdan tutmuş dönərə qədər hər şey satır.

Məktəb bufetlərini ərzaqla təmin edən şirkətlərə gəldikdə isə, internetdə məhdud sayda məlumat var. Bakının 310-dan yuxarı məktəbini ərzaqla təmin edən şirkətlərin sayı bir mənbədə 4, digərində 2 göstərilib. Ayrıca 2014-cü ildə türk şirkətinin də tenderdə qalib gəldiyi, məktəbləri “fast-food” qidaları ilə təmin edəcəkləri açıqlanmışdı.  

Ekspert deyir ki, vəziyyət acınacaqlıdır

Təhsil üzrə ekspert Kamran Əsədli deyir ki, məktəb bufetlərdə vəziyyət həqiqətən də acınacaqlıdır. Bufetlərdə satılan qidalar uşaqların dərsdə itirdikləri enerjinin bərpa olunmasına hesablanmalıdır, amma əksinə, yağda qızardılmış, tez xarab olan qidalar satılır. Buna görə də sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması bufetlərə şamil edilməməlidir, hətta əksinə bufetlərdə satılan qidalara nəzarət gücləndirilməlidir.

Ekspertin sözlərinə görə, bufetlərin icarəyə verilməsinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe məktəblər idarəyə, digərləri isə nazirliyə həftə sonları və bayram günləri də daxil olmaqla gündəlik 20 manatdır. Bunu da üst-üstə gələndə milyonlarla manat vəsait deməkdir.

Məktəbləri ərzaqla əsasən 2 şirkət təmin edir, onlardan biri “Tələbə- şagird” MMC-dir.

“Məktəbləri ərzaqla təmin edən şirkətlərin necə seçilməsi bəlli deyil, çünki açıq tender keçirilmir. Bu sahədə şəffaflıq yoxdur. Valideyn və müəllim assosiasiyaları var, hansı ki, onların əsas vəzifələrindən biri də bufetlərə nəzarət etməkdir. Məktəb bufetlərində təhlükəli qidaların satılmasına, antisanitariya şəraitinə Təhsil Nazirliyi cavabdeh deyilsə, niyə pul alırlar?”, -K.Əsədli əlavə edib.

Əsədli deyir ki, indiyədək hansısa məktəb bufetində zərərli qidaların satışdan yığışdırılması ona məlum deyil.

Nazirlik isə deyir ki, hər şey gözəldir...

Təhsil Nazirliyindən virtualaz.org saytının sorğusuna cavab olaraq bildiriblər ki,  bufet və yeməkxanalarında iaşə xidməti Nazirlər Kabinetinin “Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normalarının təsdiq edilməsi haqqında” qərarına uyğun olaraq aparılır.

“Məktəb bufet və yeməkxanalarının fəaliyyətinə görə bağlanmış müvafiq müqavilə çərçivəsində iaşə xidməti göstərən müəssisələr məsuliyyət daşıyır. Bununla belə, məktəb bufet və yeməkxanalarına nəzarət işi mütəmadi olaraq yerinə yetirilir”-açıqlamada deyilir

Nazirlikdən iaşə xidmətinin təşkili ilə bağlı müqavilə üzrə ödənilən vəsaitin məbləğini açıqlamayıblar, lakin qeyd olunur ki, həmin vəsait  təhsil müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsinə yönəldilir. Eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və digər müvafiq dövlət qurumlarının əməkdaşları tərəfindən bufetlərdə mütəmadi  monitorinqlər keçirilir, nəticələr təhlil olunur və ehtiyac olduğu halda zəruri tədbirlər görülür.

Təhsil Nazirliyi tam əmindir ki, məktəblərin bufet və yeməkxanalarında satışı qadağan olunmuş məhsullara təsadüf edilmir. Məktəb bufetlərinə verilən yeməklər bütün məktəblərdə eyni deyil. Bir sıra məktəblərdə şagird və müəllimlərə isti yeməklər də təklif olunur. “Məktəbin bufetinin sahəsi və maddi-texniki bazası imkan verdiyi halda isti yeməklər verilən təhsil müəssisələrinin sayı artırıla bilər”, -nazirlikdən əlavə ediblər.

Məktəb bufetlərində sanitariya vəziyyəti və qidaların keyfiyyətinə əvvəllər Respublika Gigiyena və Epidemiologiya Mərkəzi nəzarət edirdi. İndi isə bu saləhaiyyət Qida Təhlükəsizliyi Agentliyinə həvalə edilib. Agentlikdən sayta bildiriblər ki, yaxın günlərdə məktəb bufetlərində monitorinq aparacaqlar. Hələlik isə agentliyin hüquqi-normativ bazası formalaşdırılır, başqa sözlə, qida təhlükəsizliyi sahəsində vəziyyətin dəyişməsinin şahidi olmaq üçün hələ gözləmək gərəkdir...

Ülviyyə Xudiyeva

Virtualaz.org

Xəbərlər