426
Kapital 1 Avqust 2021, 20:08

Rayonlarda pomidor və xiyar bahalaşıb

Rayonların mərkəzi bazarlarında pomidor və xiyarın qiymətləri kəskin qalxıb. Ötən həftə pomidorun bir kilosu 15-20, xiyarın bir kilosu isə 40-50 qəpiyə olduğu halda, indi pomidor 50-60 qəpiyə, xiyar 1 manata satılır. Digər kənd təsərrüfatı məhsullarında da qiymət artımı müşahidə olunur.

Astara rayonun kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan iş adamları bunu yağıntılı hava, Masallı rayonun əkinçiləri isə suyun olmamasında görürülər.  Pomidor yetişdirməklə məşğul olan Astara rayon sakini Tarif Hüseynovun deməsinə görə, fasiləsiz və intensiv yağan yağış əkin sahələrinə ziyan vurub: “Yağışlar pomidor sahəmi sıradan çıxartdı. Bu il 1 hektarda pomidor əkmişidim. Badımcan, bibər də əkmişəm. Yarım hektar da xiyar əkmişəm. Xiyar sahələrinə də ziyan vurdu. Pomidorun 1 kilosunu 20 qəpiyə alırdılar. Qiymət indi qalxıb. Kənd təsərrüfatı məhsulları yetişdirənlərin hamısı mənim vəziyyətimdədir. Sahədə vəziyyət çətinləşəndə, məhsuldarlıq aşağı düşəndə bazarda qiymət qalxır. Nəyimiz var əkindədir, əkin də belə...”

Masallı rayonun Təklə kənd sakini SəmədağHəmidov isə əkin sahələrinin suvarılmasında çətinliklərin olduğunu deyir: “Qonşu rayonlarda yağış yağır, bizdə isə yağmadı. Sahələr susuzluqdan yanır. Suyu çaydan götürürdük. Çay da quruyub. Sahələri suvarmaq üçün çala qazırıq. Bibər, reyhan, cəfəri, keşniş, yonca əkmişik. Bir azdan ikinci kartof əkini başlayır, su yoxdur.Bizim Təklə kəndi Cəlilabad rayonu ilə sərhəddə yerləşir. Masallının Viləşçay dəryaçasından su istəyirik, vermirlər. Deyirlər gedin suyu sizə Cəlilabad versin. ”

Astara rayonunun kənd təsərrüfatı idarəsinin rəisi EtibarAbbasov isə onlara aid deyilənlərlə bağlı bunları bildirib: “Yağan yağışın xeyri var. Meyvə bağlarının xeyirinədir. Amma çəltik sahələrində məhsulun yetişməsini geçikdirə bilər. Məhsulun yetişən vaxtıdır, güclü yağışın, küləyin ziyanı var. Yağışdan sonra zərərvericilər baş qaldıracaq. Ona da tədbirlər görüləcək. Pomidor sahələrində xəstəlik var idi. Yağış yağandan sonra xəstəlik güclənir. Bu da məhsuldarlığa təsir edir. Pomidorun, xiyarın qiymətinin qalxması bununla bağlıdır, yağışla bağlı deyil. Əslində elə tərəvəz sahələri var idi ki, quraqlıqdan yanırdı. Yağışın yağması bu problemi aradan qaldırdı.” (“Azadlıq” radiosu)

 

 

Xəbərlər